Tanınmış vəkil Baş Dövlət Yol Polisi İdarəsindən narazılıq etdi
Bəzən vətəndaşlar mülkiyyətlərində olan avtomobillə bağlı yaranmış mübahisənin həlli üçün nəqliyyat vasitəsinin qeydiyyat hərəkətlərinin aprılmasına əsas olmuş sənədlərin surətlərinin alınması üçün Baş Dövlət Yol Polisi İdarəsinə ərizə ilə müraciət edirlər. Lakin DYP bu kateqoriya ərizələrə müsbət cavab vermir, belə ki, cavabverən orqan həmin məlumatın konkret olaraq təhqiqat, istintaq və məhkəmə orqanlarına təqdim edilməsinin mümkünlüyünü bildirirlər ki, bu zaman vətəndaş çətinliklə üzləşir. Bu barədə fikirlərini Avtosfer.az-a açıqlayan tanınmış vəkil Paşa Səfərov bildirdi ki, deyilən məsələ təəssüf ki, doğrudur. O, hətta özünün vəkil olduğu Hüquq məsələtxanasının adından Baş Dövlət Yol Polisi İdarəsinə nəqliyyat vasitəsinin qeydiyyat hərəkətlərinin aprılmasına əsas olmuş sənədlərin surətlərinin alınması üçün sorğu ilə müraciət olunduğunu və cavabverən orqanın bundan imtina etdiyini bildirdi: "Baş Dövlət Yol Polisi İdarəsi 016-Q2466 saylı məktubunda göstərib ki, Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli, 39 saylı Qərarının tələbinə görə, nəqliyyat nəqliyyat vasitəsinin qeydiyyat hərəkətlərinin aprılmasına əsas olmuş sənədlərin surətini almağa yalnız təhqiqat, istintaq, məhkəmə orqanlarının hüququ var. Əslində isə sözügedən Qərarda belə bir müddəa nəzərd tutulmayıb. Yalnız Qərarın 1.7-ci bəndində göstərilib ki, uçotda dayanan və qeydiyyata alınmış nəqliyyat vasitələri və onların mülkiyyətçiləri barədə mərkəzləşdirilmiş və regionlar üzrə qeydiyyatın uçot bazasından məlumat almağa yalnız təhqiqat, istintaq, məhkəmə və qanunvericiliklə nəzərdə tutulmuş digər orqanların hüququ var.
Buradan görsənir ki, təhqiqat, istintaq, məhkəmə ilə yanaşı qanunvericiliklə nəzərdə tutulmuş digər orqanların məlumat almaq hüququ var. Burada qanunvericiliklə nəzərdə tutulmuş digər orqanlar dedikdə sahəvi normativ hüquqi aktla belə bir hüququnun olması göstərilən orqanlar başa düşülür. Bu orqanlardan biri də hüquq məsləhətxanalarıdır. Məsələn, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 7-ci maddəsinin I bəndinə əsasən, təşkilati formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlar vəkillərə öz peşə borclarını yerinə yetirərkən yardım etməyə borcludurlar.
Məhz sözügedən məlumatın əldə edilməsi vəkilə peşə borcunu yerinə yetirməsi üçün lazım olduğundan Baş Dövlət Yol Polisi İdarəsinin vəkil sorğusunu təmin etməməsi qanunsuzdur".
Emin