Təcili yardım maşınları üçün ayrıca hərəkət zolağı yaradılır - RƏSMİ

Yazarlar 4 Yanvar 2018 08:50 Oxunub 4885
Təcili yardım maşınları üçün ayrıca hərəkət zolağı yaradılır - RƏSMİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
BNA-nın verdiyi layihədə ilkin olaraq 9 ünvan göstərilib

Adı “Təcili və təxirəsalınmaz tibbi yardım” olsa da, çox vaxt bu “yardım”ın gecikməsi xəstənin ölümü ilə nəticələnir. Amma gündəlik müşahidələrimiz göstərir ki, bu məsələdə həkimləri birmənalı şəkildə günahlandırmaq, qınamaq düzgün olmaz. Düzdür, işinə səhlənkar yanaşan Təcili Tibbi Yardım stansiyaları və həkimlər var. Amma problemin kökü bu məsələ ilə bağlı deyil. Təcili Tibbi Yardım maşınlarının çağırılan ünvana vaxtında çata bilməməsinin səbəbləri var: küçələrin darlığı, ünvanların dəqiq olmaması və s. Amma ən əsas səbəb küçələrdə yaranan tıxaclardır. Xarici ölkələrin əksəriyyətində bu problem həll olunub. Yolların kənarlarından ambulans və yanğından mühafizə maşınları üçün xüsusi yol ayrılıb. Həmin yollarda digər avtomobillərin hərəkəti qəti qadağandır. Əgər ambulans yoluna digər avtomobil çıxarsa, sürücü yüksək məbləğdə cərimə olunur. Bakı Nəqliyyat Agentliyinin  İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev Modern.az-a açıqlamasında bildirib ki, BNA xüsusi hərəkət zolaqlarının çəkilməsi barədə  təkliflər irəli sürüb: “Xüsusi hərəkət zolaqlarının çəkilişi üçün ilkin olaraq 9 ünvan müəyyənləşdirdik. Bu zolaqlar əsasən ictimai nəqliyyat vasitələri üçün nəzərdə tutulur. Amma həmin zolaqlardan xüsusi təyinatlı nəqliyyat vasitələri - Təcili  Tibbi Yardım, yanğınsöndürmə maşınları, eyni zamanda hüquq mühafizə orqanlarının maşınları da hərəkət edə bilər. İlkin olaraq Yusif Səfərov və Məhəmməd Füzuli küçələrində bu xüsusi hərəkət zolaqlarının çəkilişi təmin edilib.  Həmin küçələrdə müvafiq nişanlanma işləri aparılıb, yerdə həmin zolağın sərnişin avtobusları üçün nəzərdə tutulduğunu bildirən xüsusi nişan da var”.

Mais Ağayev deyir ki, digər sürücülər bu nişanın tələblərinə əməl etmirlər: Məhəmməd Füzuli küçəsi boyunca  yerləşən obyektlərə gələnlər və ya o obyektləri işlədənlər özləri də bu qaydalara zidd olaraq maşınları orada park edirlər. Nəticə etibarilə avtobuslar həmin zolağa daxil ola bilmir. Bu o deməkdir ki, yolda tıxac olanda həmin zolaq boş olmayacaq. Qanunsuz olaraq digər nəqliyyat vasitələrinin sürcüləri oranı zəbt edirlər”.

Müsahibimizin sözlərinə görə,  gələcəkdə bu zolaqların genişləndirilməsi  nəzərdə tutulub: “Verdiyimiz layihədə ilkin olaraq 9 ünvan göstərilib. Gəncə prospekti, Babək prospekti, Nobel prospekti boyunca xüsusi hərəkət zolaqlarının çəkilməsi mümkündür. Bu zolaqların 3 və daha artıq hərəkət zolağı olan yollarda çəkilməsi məsləhət görülür.Çünki 3 hərəkət zolaqlı yolda 1-ini xüsusi zolaq olaraq müəyyənləşdirsək, həmin küçədə sıxlıq yarana bilər. Bizim əsas məqsədimiz ictimai nəqliyyatdan istifadəni stimullaşdırmaqdır. Çünki sərnişin avtobuslarından istifadə nə qədər geniş olarsa,o zaman şəhərə şəxsi nəqliyyat vasitəsilə çıxan şəhər sakinlərimizin sayı azalacaq. Bu avtomatik olaraq yollarda tıxacların səngiməsində və ətraf mühitin qorunmasında   müsbət bir addım olacaq”.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov xüsusi hərəkət zolaqlarına daxil olan sürücülər barədə müvafiq tədbirlərin görüldüyünü qeyd edib: “Xüsusi hərəkət zolaqlarında ictimai nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir. Bununla bağlı aidiyyatı yol nişanları da qoyulub. Həmin zolağa daxil olan istənilən nəqliyyat vasitəsinin sürücüsü barədə tədbir görülür. İctimai nəqliyyatla yanaşı, hərəkət üstünlüyünə malik nəqliyyat vasitələrinin-yanğınsöndürən, təcili tibbi yardım, polis avtomobilləri də həmin yol üzrə hərəkət edə bilərlər”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh