Banner

Təcili yardıma yol vermək mədəniyyəti öyrədən VİDEO

Yazarlar 17 Fevral 2015 10:44 Oxunub 4135
Təcili yardıma yol vermək mədəniyyəti öyrədən VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər sürücü öz zolağı ilə hərəkət etsə tıxacda da təcili yardım rahat gedə bilər

Bu video sosial şəbəkələrdə Avtosfer.az saytı tərəfindən yayılıb. Videonu bir müddət əvvəl Türkiyə mediasından əldə etdik və düşündük ki, bu gün Azərbaycan sürücülərinin bu videodan öyrənəcəyi çox şey var. Videonun dəqiq harada çəkildiyi bəlli olmasa da, görünən budur ki, sürücülərdə mədəniyyət, nizam-intizam var və bunu pozmağa heç kim cəhd etmir. Təcili yardım maşınının xüsusi səs siqnalını eşidən kimi hər bir sürücü avtomobili sağa və ya sola çəkib yol açır. Bununla da, təcili yardım maşını dayanmadan, sürəti azaltmadan hərəkəti davam etdirir. Bəs, gəlin görək bunu etmək Azərbaycanda da mümkündürmü?

Suala birmənalı şəkildə cavab vermək olar ki, bəli, mümkündür. Amma bunun üçün iki şərt var. Birincisi, yollarımızda standartlara riayət olunmalıdır. Bu gün Bakının elə yolları var ki, zolaqların eni avtomobilin eni ilə eynidir. Əslində isə zolaqların eni ən azı 3 metr olmalıdır. Lakin nümunə üçün Mətbuat prospektində yerləşən Azərbaycan Nəşriyyatının qarşısına nəzər salaq. Burada yol zolaqlarını o qədər dar çəkiblər ki, hərəkətdə olan iki maşın yan-yana gedəndə bir-birinə sürtünmək təhlükəsi yaranır. Bunu hansı «ağıllı» yol mühəndisi fikirləşibsə, yəqin ki, onun sınaq işi olub, ya da fikirləşib ki, zolaqlar çox olanda yol bəzəkli görsənir.

Əslində, necə olmalıdır? Bu suala cavab çox geniş ola bilər. Amma qısaca olaraq nəzərinizə çatdıraq ki, sürücülərdə zolaqlar üzrə hərəkət vərdişini yaratmaq üçün, daha doğrusu, bu qaydalara əməl etmək üçün İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsi mövcüddür. Bu maddədə bir neçə qayda pozuntusu birgə əks olunur. Onlardan biri də nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində düzgün yerləşdirilməməsidir. Həmin maddədə nəzərdə tutulan inzibati xətalar kimi, avtomobili yolun hərəkət hissəsində düzgün yerləşdirməməyin də cəriməsi 40 manatdır. Gəlin görək, bütün sürücülər başa düşürmü ki, nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində düzgün yerləşdirilməməsi nə deməkdir? Çoxları belə zənn edir ki, bu məsələ avtomobilin yolda düzgün park edilməməsi deməkdir. Xeyr! Elə deyil. Bu cümlədə onu demək istəyirlər ki, sürücü zolaqlar üzrə düzgün hərəkət etmədikdə, yəni, nəqliyyat vasitələsini yolun hərəkət hissəsində düzgün yerləşdirilmədikdə onu 40 manat cərimə gözləyir. Düzdür, bəzi qanunların dili o qədər qəlizdir ki, onu tam başa düşmək olmur. Lakin təbliğat işinin başlıca mahiyyəti məhz bu cür məsələləri cəmiyyətə çatdırmaqdır ki, biz də bu missiyanı yerinə yetiririk.

Yəqin, oxucular üçün də maraqlıdır ki, nəyə görə nəqliyyat vasitələri zolaqlar üzrə hərəkət etməlidir? Suala cavabdan öncə qeyd etmək lazımdır ki, bizim bir çox sürücülərimiz zolaqda yox, zolağı avtomobilin təkərlərinin arasına salıb hərəkət etməyi daha çox xoşlayırlar. Bu isə ən böyük mədəniyyətsizlikdir. Bu, yemək yeyəndə ayağını masanın üstünə qoymaqdan da iyrənc əməldir.

İndi isə sualın cavabı ilə bağlı bildirək ki, bəzən sürücülərə də təəccüblü gəlir ki, geniş yollarımız var və geniş zolaqlar da çəkilib. Elə yollarımız var ki, orada 2 zolaqlı yolda 3 avtomobil yan-yana rahat hərəkət edə bilir. Niyə? Bu videoya diqqətlə baxdıqda sualın cavabı aydın olar.

Amma ilk öncə bildirmək istərdik ki, bu, yol hərəkəti qaydasıdır, mədəniyyətdir. Bundan əlavə, bu qaydanın tətbiqinin də məqsədi var. Burada məqsəd məhz operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətini təmin etməkdir. Başqa məqsəd isə odur ki, avtomobillər yan-yana gedərkən hansısa maneə ilə rastlaşan sürücü sükanı bir balaca sağa-sola döndərdikdə toqquşma baş verməsin, yan güzgülər bir-birinə toxunmasın, dayandıqda qapılar rahat açılıb-örtülsün və s.

Yuxarıda da qeyd etdik ki, normal halda zolağın eni nəqliyyat vasitəsinin enindən 1 metrə qədər artıq olmalıdır. Nəqliyyat vasitələrinin eni isə təxminən 2 metrə qədər olur. Bu halda təsəvvür edin ki, 3 avtomobil 3 zolaqlı yolla hərəkət edir, bu zaman arxadan təcili yardım və ya yanğınsöndürən maşın yaxınlaşır. Qarşıda gedən hər bir avtomobilin sürücüsü 70-80 sm sağa-sola çəkildikdə, dərhal təcili yardım və ya yanğınsöndürən maşın üçün yol açılır. Yəni, onlara əlavə yol zolağı yaranır. Necə ki, bizim sürücülər 3 zolaqlı yolda 4-5 zolaq yaradırlar, həmin o 4-5-ci zolaq təcili yardım, yanğınsöndürən və ya polis maşınlarının yoludur.

Qanunlarda çox gözəl məsələlər əksini tapsa da, onun tətbiqi həyata keçirilmədikdə insanlar da o qanundan və o qaydalardan xəbərsiz olurlar. Ötən il Milli Məclisdə qanunvericiliyə edilən dəyişikliklərdən sonra təcili yardım, polis, yanğınsöndürən, eləcə də digər operativ nəqliyyat vasitələrinə yol verməməyə görə cərimənin miqdarı 60 manatdan 100 manata qaldırıldı. Lakin gəlin görək, bu cəriməni kimə tətbiq edəcəklər? Düzdür, bu gün sürücülərimiz arasında təcili yardım maşının arxasında, qarşısında min oyundan çıxan, yol verməyənlər də var. Hətta, boş yolda da belə iyrənc hərəkətlər edənlərə rast gələ bilərik. Lakin 200 metr yolda 70-80 sürücü eyni vaxtda zolaqlarda hərəkət qaydasını pozub əlavə zolaq yaradıbsa, təcili yardım maşını tıxacda qalırsa, buna görə həmin əlavə zolaq yaradan maşınlarda olan hansı sürücünü cərimələmək olar? Lap qabaqdakını, yoxsa lap axırdakını? Axı burada proses zəncirvari gedir. Bunu həll etməyin bir yolu var; təbliğat. Bu video həmin təbliğatın bir formasıdır.

Əziz sürücülər! Zolaqlar üzrə hərəkət qaydasını pozmağın cəriməsi 40 manatdır. Yəni, siz 3 zolaqlı yolda 4-cü zolaq yaradıb evə tez çata biləcəyinizi düşünə bilərsiniz, bəlkə heç buna görə sizə cərimə də yazan olmayacaq. Necə ki, yoxdur. Amma təcili yardım maşınındakı həkim xəstəyə vaxtında kömək edə bilmirsə, yanğınsöndürən maşın vaxtında hadisə yerinə çatıb yanğının qarşısını almırsa, polis cinayətkarı yaxalamağa gecikirsə, bunun günahı hər birimizdədir və cəriməsi qat-qat bahadır. Söhbət mənəvi cərimədən, cəzadan gedir. Bir gün təcili yardımı çağıran siz ola bilərsiniz, bir gün evi yanan siz ola bilərsiniz, polisə ehtiyacınız yarana bilər. Bunları yaşamadan öncə qaydalara əməl edək! O zolağı boş saxlayaq ki, ehtiyacımız olanda həkim, yanğınsöndürən, polis bizə vaxtında köməyə gələ bilsin.

 

Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh