Təhlükə mənbəyi olan yollarımız

Yazarlar 16 Sentyabr 2015 20:45 Oxunub 1804
Təhlükə mənbəyi olan yollarımız
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ekspertlər bildirirlər ki, bəzi magistral yollarda hərəkətin təhlükəsizliyi ilə bağlı vəziyyət ürəkaçan deyil

Magistral yollarda qəzalara dair xəbərlərə tez-tez rast gəlinir. Bu cür hadisələr sürücülərin ehtiyatsızlığı, hansısa səhv etməsi səbəbindən də baş verir, yollarda hərəkətin təhlükəsizliyinin düzgün təmin olunmaması səbəbindən də. Düzdür, yollarda təhlükəsizliyin təmin olunması ilə bağlı işlər görülür. Amma buna baxmayaraq, sürücülərin yollarda müəyyən problemlərin olması ilə bağlı narazılıqlarını hələ də eşidirik. Onlar təhlükəsizliklə bağlı vəziyyətin elə də ürəkaçan olmadığını deyirlər. Bildirirlər ki, yollarda onlardan asılı olmadan qəza şəraiti yaradan hallarla qarşılaşırlar.

Magistral yollarda təhlükəsizliyin təmin olunması ilə bağlı qəzetimizə açıqlama verən Sosial Strateji Tədqiqatlar Birliyinin rəhbəri, sosial sahə üzrə ekspert İlqar Hüseynli bildirdi ki, bu sıradan nəzərə alınmalı bir çox məsələlər var. Təhlükəsizliyin təmin olunması baxımından yolların işıqlandırılması, yol kənarında ehtiyat zolaqların olması, döngə və sərt aşırımlarda müvafiq işarələrin qoyulması vacibdir.

Eyni zamanda, magistral yolların kənarında kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olan xırda ticarət obyektləri də hərəkət zamanı təhlükələr yaradır: “Düzdür, kəndlinin məhsulunu satmaq imkanları baxımından bu, olmalıdır. Amma Azərbaycan Respublikasının ərazisində ümumi istifadədə olan avtomobil yollarından istifadə qaydaları “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tənzimlənir. Bu Qanunun IV fəslinin 33-cü maddəsində göstərilir: “Ümumi istifadədə olan avtomobil yollarının torpaq yatağı hüdudlarında nəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinə mane olan ticarət və digər sahibkarlıq fəaliyyəti qadağandır”. Yaxşı olar ki, bu, xüsusi təhlükəsiz yerlərdə, yol kənarından aralıda qurulmuş yarmarkalarda həyata keçirilsin. Ağır tonnajlı yük maşınlarının hərəkət zolaqları məhdudlaşdırılmalıdır və daşınma zamanı yükün tonnajına nəzarət gücləndirilməlidir”.

İ.Hüseynli deyir ki, bu sahədə olan problemlər hələ də həllini tam olaraq tapmayıb. İstər Nəqliyyat Nazirliyi, istərsə də Dövlət Yol Polisi əməkdaşları tərəfindən müvafiq qanunların tələblərinə məhəl qoyulmadan bu hallara göz yumulur: “Məsələn, "KamAZ" maşınına 350 mişar daşı yüklənməsi normadırsa, karxanalarda 1000-1300 daş yüklənir. Bu da nəticədə respublika yollarının sıradan çıxmasına gətirib çıxarır. Bu halların qarşısını almaq yuxarıda sadaladığım əməkdaşların səlahiyyətlərinə aid olduğu halda necə olur ki, həmin yük maşınları mənzil başına maneəsiz gələ bilirlər? Demək ki, burda hansısa neqativ hallar, korrupsiya halları mövcuddur. Məhz bu kimi hallar aradan qaldırılmalıdır”.

Ekspert deyir ki, yolda işıqlandırılan qonşu sahələr arasında məsafə 250 metrdən az olduqda, fasiləsiz işıqlandırma nəzərdə tutulmalıdır. Yollarda işıqlandırma lampalarının dirəkləri, bir qayda olaraq, yolun qaşından kənarda yerləşdirilməlidir. İşıqlandırma lampalarının dirəklərini eni 5 metrdən çox olan ayırıcı zolaqlarda, çəpərləmə nəzərdə tutmaq şərti ilə yerləşdirmək olar. 

Təhlükəsiz Yol Alyansının koordinatoru Şahin Camalov da bildirdi ki, Azərbaycanın magistral yollarının böyük əksəriyyəti standartlara uyğun deyil: “Təbii ki, standartlara uyğun gələnlər də var. Bu fikrimi bütün yollara aid etmirəm. Standart deyəndə təkcə yol örtüyü deyil, yolların işıqlandırılması, işarələnməsi, təhlükəsizlik xətləri və s. nəzərdə tutulur. Bu kimi standartları əsas götürsək, böyük əksəriyyət magistral yollarımız yararsızdır. Xüsusilə gecə vaxtı bu, təhlükə yaradır. Məsələn, Ələt-Astara yolunun Ələtdən sonrakı hissəsi gecə vaxtı avtomobil idarə etmək üçün yararsızdır. İşarələnmə demək olar ki, çox yerdə yoxdur. Ya da işarələr o qədər köhnədir ki, artıq görünməyəcək hala gəlib. İşıqlandırma ümumiyyətlə, yoxdur. Digər tərəfdən, yollarda təhlükəsizliyin təmin olunması üçün piyada səkiləri də vacibdir. Kəndlərin içərisindən keçən yerlərdə səkilərin olmaması ciddi təhlükə mənbəyidir”.

“Azəryolservis” ASC Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyir ki, hər hansı bir yol yenidən qurulursa, layihə üzrə orada işıq dirəkləri nəzərdə tutulursa, “Azəryolservis” bu işi görür. Amma mövcud yollarda işıq dirəklərinin quraşdırılması ilə icra hakimiyyəti orqanları məşğuldur: “Ələt-Astara istiqamətində mövcud olan yolda biz cari təmir işləri aparırırq. Amma paralel olaraq orada yeni yol salınır. Yeni yolda zəruri yerlərdə layihəyə uyğun olaraq işıqlandırma sistemi, müvafiq nişanlar, piyada keçidlərinin hamısı nəzərdə tutulub. “Azəryolservis” olaraq yollarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə bizim qurumun üzərinə düşən işləri görürük. Mövcud olan piyada zolaqlarının yenidən rənglənməsi, yeni piyada keçidlərinin, zolaqlarının salınması istiqamətində işlər həyata keçiririk”.

A.Nəcəflinin sözlərinə görə, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 1 nömrəli protokoluna əsasən və yeni tədris ilinin başlanması nəzərə alınaraq, piyadaların yollardan təhlükəsiz və rahat şəkildə keçməsini təmin etmək məqsədilə Nəqliyyat Nazirliyi “Azəryolservis”ASC tərəfindən xüsusi olaraq məktəblər yerləşən 91 küçə və prospektdə 157 yerdə zebra tipli üfüqi nişanlama xətləri çəkilib. Bundan başqa, Bakı şəhərində 28 küçə və prospektdə 164 avtobus dayanacağında məlumatverici üfüqi nişanlanma xətləri çəkilib.

 

"Kaspi"

ŞƏRH YAZ
Ad

E-mail

Şərh