Banner

Tələbələrin universitetdə narazı olduqları müəllimi dəyişdirmək hüquqları var? – AÇIQLAMA

Yazarlar 17 Sentyabr 2024 17:30 Oxunub 2806
Tələbələrin universitetdə narazı olduqları müəllimi dəyişdirmək hüquqları var? – AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycanda yeni təhsil mövsümünün başlaması özü ilə yeni suallar ortaya çıxardı. Tələbələrin hüquqları ilə bağlı məsələlər yeni tələbə adı qazanan gənclərin bu mövzuda bəzi narahatlıqları ilə nəticələnib.


Tələbələri düşündürən əsas məsələlərdən biri universitetdə onlara dərs deyən müəllimin tədris metodunu bəyənmədikləri, yaxud imtahanda qərəz nümayiş etdirəcəyini düşündükləri halda həmin müəllimin dəyişdirilməsi ilə bağlı tələb irəli sürmək haqları varmı? (Onu da xatırladaq ki, SSRİ təhsil sistemində tələbələrə belə hüquq verilmişdi və olduqca effektiv nəticə əldə edilmişdi).


Məsələ ilə əlaqədar Elm və Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat katibliyindən verilən məlumatda qeyd edildi ki, belə qaydalar universitetin daxili nizam-intizamı ilə əlaqəli olaraq qərara alına bilər.


Universitetlərə ünvanladığımız sorğunun isə cavabları müxtəlif oldu.


Azərbaycan Dövlət Pedoqoji Universitetin mətbuat katibi Taleh Mirzəyev Avtosfer.az-a açıqlamasında bildirdi ki, sırf müəllimin tədris metodunu bəyənmədiklərinə görə tələbələrin müəllimləri dəyişdirmək hüququ yoxdur.


“Bu ölkə ali təhsil qanunvericiliyində nəzərdə tutulmur. Amma Azərbaycan Dövlət Pedaqoji Universiteti olaraq, hər semestrin sonunda bütün tələbələr arasında onlara dərs deyən müəllimləri qiymətləndirməklə bağlı meqasorğular təşkil olunur və sorğunun nəticələri müəllimlərin illik reytinq qiymətlındirilməsi prosesində nəzərə alınır. Əgər sorğu nəticəsində hər hansı müəllimin fəaliyyətinə dair olan mənfi qeydlər öz təsdiqini taparsa, həmin müəllimlərlə müvafiq iş aparılır və ya bu əməkdaşlarla bağlanmış əmək müqavilələri təkrar gözdən keçirilir”.


Azərbaycan Dillər Universitetinin mətbuat katibi Cavid Zeynallı sualımızı cavablayaraq bildirib ki, belə hal olarsa, rektora tələbə, yaxud tələbələr tərəfindən müraciət olunur. Məsələ araşdırılır, fakt təsdiqini tapırsa, bəli, müəllim digəri ilə əvəz oluna bilər.


Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev redaksiyamıza açıqlamasında qeyd edib ki, bütün universitetlərin tələbələrin şikayətlərini dinləyərək addımlar atması mütləqdir.


“Təkcə dövlət universitetləri deyil, özəl universitetlərdə də bu məsələyə ciddi yanaşılmalıdır. Ali təhsil müəssisələri kadr hazırlığı ilə bağlı məsuliyyət daşıdıqları üçün, həm gəncliyin, həm də dövlətin gələcəyinin inkişafı mövzusunda öhdəliklərini yerinə yetirməlidir. bu baxımdan Odlar Yurdu Universitetində də tədris metodundan şikayət olunan müəllimlərlə bağlı fikirlər araşdırılır. Öz təsdiqini tapdıqda həmin işçi ilə bağlı müəyyən addımlar atılır”.


Azərbaycan Tibb Universitetin mətbuat Katibi Günel Aslanova deyib ki, tələbələrin tədris metodlarından narazı olduqları müəllimləri, əgər universitetin imkanları daxilindədirsə, mütləq dəyişirik.


Ölkənin bəzi xüsusi ixtisasların tədrisi ilə məşğul olan universitetlərindən isə bildirildi ki, bəzi fənləri tədris edən müəllimlərin sayı az olduğu üçün universitetin bu dəyişiklikləri etməsi mümkün olmur.


Təhsil eksperti Elçin Əfəndi deyib ki, tələbələrin tədrisini bəyənmədiyini ali təhsil müəssisəsini dəyişmək hüququ var.


“Metodundan narazılıq olan müəllimlərin dəyişdirilməsi ilə bağlı da, gərək həmin qrupun azı 60%  tələbəsinin mənfi rəyi ola. O zaman dekanlıq, yaxud daha yuxarı rəhbərliyə müraciət edilməlidir ki, müəllimin həmin tələbələrə tədrisi dayandırılsın və dəyişiklik edilsin. Dünyanın inkişaf etmiş ölkələrində Bolonya təhsil sisteminə qoşulan hər bir tələbə ümumi tədris prosesinə, yaxud da müəllimlərlə bağlı dəyişiklik edilməsi ilə bağlı öz fikirlərini bildirə bilərlər. ABŞ, Avropanın bir sıra universitetlərində, eləcə də Cənubi Koreyadakı ali təhsil müəssisələrində tələbələrə hətta cərimələnmə və s. kimi mövzularda da iştirak hüququ verilir”.


Ekspert sonda onu da vurğulayıb ki, Azərbaycanda isə belə nümunələrə istisna hallarda rast gəlmək mümkündür. Hansısa universitetdə rəhbərik kadr dəyişikliyinə getdikdə belə nadir hallarda bununla bağlı tələbələrə məlumat verilir. Heç də bütün universitetlərdə bu vəziyyətdə tələbələrin fikirləri nəzərə alınmır.


Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Səfər Əlizadə

ŞƏRH YAZ
Ad

E-mail

Şərh