Banner

Tələbənin parkinqlə bağlı tələbi: Bizdə və Avropada iş necə qurulub? - FOTO

Yazarlar 29 Yanvar 2024 14:29 Oxunub 1056
Tələbənin parkinqlə bağlı tələbi: Bizdə və Avropada iş necə qurulub? - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ötən həftə Azərbaycan Milli Konservatoriyasının tələbəsinin parkinqlə bağlı müraciəti bir anda sosial şəbəkədə böyük sürətlə yayıldı. Mediamız da müraciət edənin məşhurluğuna görə dərhal ekspertlərə üz tutaraq münasibət öyrəndi. 

Bəli, hər bir Azərbaycan vətəndaşının fikir azadlığı və hansısa dövlət qurumuna müraciət hüququ Konstitutsiya ilə təsbit edilib. Bunu heç kəs qadağan edə bilməz və etmir də. Amma məsələyə bir qədər geniş yanaşmaq, müqayisə aparmaq da KİV-in vəzifəsidir. Başqa sözlə, məsələnin müqayisəli təhlili jurnalistin azad seçimidir və buna da şükürlər olsun ki, heç kim müdaxilə etmir. 


Bakının mərkəzində tıxac və parklama problemi mövcudluğunu heç kim inkar etmir. Televiziyaların keçirdiyi rəy sorğularında avtomobil sahiblərinin böyük əksəriyyətinin təklifi belə olur: şəhərin mərkəzində parkinqlər tikilsin. İlk baxışda normal olsa da, qeyri-mümkündür. Hər avtomobilə 1 yer ayrılarsa, gərək Bakının mərkəzində yerin altı bütünlüklə parkinqdən ibarət olsun. Belə bir layihə nə mühəndis, nə maliyyə, nə də təhlükəsizlik baxımından mümkün deyil. Ən əsası isə, bu fikirlərin azı yarım əsr köhnəlməsidir. 


Avropa ölkələrində 60-70-ci illərdə kütləvi tıxaclar və parklanma problemi baş qaldıranda da çoxları məhz parkinq yerlərinin artırılması və küçələrin genişləndirilıməsini təklif edirdi. Bu məqsədlə bir çox böyük şəhərdə tramvay və trolleybuslar məhv edilərək küçələr genişləndirildi. 
Lakin metodun səmərə vermədiyi qısa müddətdə məlum oldu. Səhvini anlayan hökumətlər tam başqa yol seçdilər: əlçatan ictimai nəqliyyat və ödənişli parkinqlər. Bu metod çoxlartında narazılıq yaratsa da, başqa seçim yox idi. Nəticədə bir neçə il sonra özünü göstərdi. 
Müasir Azərbaycana gəlincə: Ali məktəblərimizin qarşısında günorta saatlarında ard-arda düzülən avtomobilləri hamı görüb. Bu hal təkcə BDU, AzTU deyil, cəmi bir neçə min tələbəsi olan ali məktəblərin də qarşısında müşahidə olunur. Lakin şəxsən təcrübə keçdiyim, azı 50 minlik tələbə kontingenti olan Avropa məktəblərinin (təvazökarlıq naminə adlarını yazmıram – müəl.) qarşısında analoji hal müşahidə olunmur. Tələbənin birmənalı seçimi ictimai nəqliyyat və ya mikromobillik vasitəsi kimi velosipeddir. Həm də piyadaların təhlükəsizliyi üçün ali məktəblərin qarşısında parkinq yerləri məhdudlaşdırılır. Bunu hər kəs anlayışla qarşılayaraq etiraz etmir. Bahalı avtomobillə dərsə gələn təkəmseyrək ərəb gənclərinə isə ümumiyyətlə xoş nəzərlə baxılmır. Tələbəni parkinqdə deyil, ali məktəbin kitabxanasında boş yer tapmaq düşündürür. 


Maraqlıdır ki, internet əsrində Avropa kitabxanalarında boş yer tapmaq universitetlərin qarşısında parkinq yeri tapmaqdan qat-qat çətindir. Pulsuz parklama yeri isə ümumiyyətlə istisna edilir.
Avtomobil sahiblərinin probleminə gəlincə: ötən əsrin 80-ci illərində Berlin merini büdcənin bütün vəsaitini ictimai nəqliyyata yönəltməkdə, parkinq məsələsinə az diqqət ayırmağa ittiham edirdilər. İttihamlara mümkün qədər təmkinlə yanaşan siyasətçi sonda bir cümlə ilə bütün söz-söhbətə son qoydu: “Mercedes” sürən öz komfortunu təmin edib. Məni narahat edən yağışın altında tramvay gözləyənlərdir”. 
Mənim də istəyim, universitetlərin qarşısındakı ödənişli parkinqlərin deyil, kitabxanaların dolu olmasıdır. Məhz o zaman 50-60 il əvvəl köhnəlmiş ideyalar sosial şəbəkələrə yol tapmayacaq.

Vüqar

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh