Telefon…
Evə gələndə Nigarı soruşdu. Həmişə onu uşaq sevinci ilə qapıda qarşılayan qızı gözə dəymirdi.
Ömür-gün yoldaşı: “Otağındadır”,- deyib dərindən köks ötürdü. “Axı nə olub” sualını verməmişdən əvvəl beyninə yüz fikir gəldi. Fikirləşdi ki, yəqin dərslərində kəm-kəsiri var. Bəlkə də imtahandan “kəsilibdi”. Ancaq sonradan yadına düşdü ki, hələ imtahanlar başlamayıb. Eşidəndə ki, qızın telefonunu oğurlayıblar yaman pərt oldu. Heç bir həftə deyildi ki, telefonu almışdılar.
Qıza bir söz demədi. Amma onun laqeydliyinə əsəbləşmişdi: “Bu boyda qız bir telofona sahib çıxa bilmir, adam əmlakına qarşı bu qədər biganə olmaz. İndinin uşaqları alınanın hansı çətinliklər bahasına əldə olunduğunun heç fərqinə varmırlar”.
Ancaq olan-olmuşdu. Qız sarsıntı keçirmişdi. Hadisənin necə baş verməsini soruşmaq üçün bir yol axtarırdı. Əvvəlcə özü onu sorğu-suala çəkmək qərarına gəldi. Hadisə harda oldu, nə vaxt oldu, yanında özünü şübhəli aparan kimsə vardımı?
Nigar heç bir suala cavab vermir, elə hey ağlayırdı. Birdən: “Ata, mən o telefonu almaq üçün sənin hansı əziyyətlərə qatlaşdığını, evə gecə saatlarında yorğun-arğın gəldiyini görmüşəm. Vicdansızın biri sənin yuxusuz gecələrini, əsəblərini oğurladı o telefonla. Bax, bunu özümə bağışlaya bilmirəm”,- deyəndə övladını bağrına basdı…
O, yalnız filmlərdə, seriallarda polis olurdu. Həyatda isə...
Və bu obrazı yaradanda, o mundiri əyninə geyinəndə onu qəribə hisslər bürüyürdü. Bu dəfə o, polis kimi kömək edə bilməyəcəkdi...
“102” Xidməti Zəng Mərkəzinə zəng vurub hadisənin harada baş verməsi barədə məlumat verdikdən sonra bir azca toxtadı. Üstündın bir neçə dəqiqə keçməmiş onu Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə dəvət etdilər. Qızı da onunla birlikdə idi. Nigar başına gələni izahatında yazdı.
Şöbədən çıxanda bir az toxtadı. Şöbə rəisi, polis polkovnik-leytenantı Bayram Alıyevin: “Narahat olmayın, o telefon tapılacaq və sizə qaytarılacaq” fikri hər ikisini ümidləndirmişdi...
Telefondan hələ xəbər yox idi. Nigarın, demək olar ki, hər gün: “Ata, görəsən telefonum tapılacaqmı?” sualı içini qurd kimi gəmirirdi. O isə “Tapılacaq, qızım, özü də lap tez tapılacaq” deməklə həm özünə, həm də qızına təsəlli verirdi.
Bir gün dözməyib yenidən polis polkovnik-leytenantı Bayram Alıyevə zəng vurdu və onun: “Narahat olma, qardaş, bu işlə gənc olsalar da, peşəkar əməliyyatçılar məşğul olurlar” fikrindən sonra işin açılacağına tam əmin oldu.
Polis isə iş başında idi. Ötən müddət ərzində əməliyyatçılar Nigarın hansı avtobusla getdiyini müəyyən etmiş, avtobusdakı görüntüləri bircə-bircə incələmişdilər. Çiynində çanta olan şübhəlinin avtobusdan düşdükdən sonra qaçaraq metroya girməsi polis baş leytenantı, baş əməliyyat müvəkkili İsmayıl İsmayılovun nəzərindən qaçmamışdı. Həmkarı, əməliyyat müvəkkili, polis leytenantı Zaur Qasımov təcili olaraq Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinin əməkdaşlarını da məsələ ilə bağlı məlumatlandırmışdı. Demək olar ki, şübhəli tam nəzarətdəydi. Onun mütəmadi olaraq metrodan istifadə etməsi, əslində, diqqətçəkən idi. Araşdırmalar zamanı bəlli oldu ki, həmin şəxs hansısa şirkətdə “kuryer”dir. Ancaq hələ tələsmək olmazdı. Hər bir xırda detal işin açılmasına kömək edə bilərdi...
Gecə saatlarında gələn mesaj onları sevindirdi. Bu da əməliyyatçılar üçün ipucu idi...
Metrodan hər gün istifadə edən şübhəli neçə vaxt idi ki, gözə dəymirdi. O, polislərin onu izləməsini hiss etmişdi. Buna görə də yaxasını ələ vermək istəmirdi. Əməliyyatçılar mobil oparatorlarla da mütəmadi olaraq əlaqə saxlayırdılar. Və günlərin bir günü...
Əvvəlcə boynuna almaq istəmədi. “Məni bura heç bir əsas olmadan, səbəbsiz yerə gətirmisiniz”,- deyib polislərin üstünə çəmkirdi də. Ancaq görüntülər ona təqdim olunanda susdu. Handan-hana guya ehtiyacı olduğu üçün telefonu avtobusda bir qızın paltosunun cibindən çıxardığını etiraf etdi.
Bu dəfə polisdən gələn zəngin onlara ya ümid, ya da ki, ümidsizlik bəxş edəcəyini göz önünə alıb telefona könülsüz halda cavab verdi. Sağollaşandan sonra qızını bağrına basdı:
“Qızım, polislərimiz məni sənin yanında utandırmadı. Onlar bizim rahatlığımız üçün gecəli-gündüzlü xidmətdədirlər, dinclik nədir bilməzlər. Sabitliyimiz, əmin-amanlığımız etibarlı əllərdədir”,-deyib eyvana çıxdı. Qışın soyuğunda xidmət aparan polislərə baxıb əllərini göyə qaldırdı...
Ertəsi gün sanki quş qanadında 18-ci Polis Şöbəsinə gəldilər.
Hafiz Təmirov,
polis polkovnik-leytenantı