Özlərinə təlim lazım olan təlimçilər - Onlardan necə qorunaq? - ARAŞDIRMA
Bildiyimiz kimi, son zamanlar şəhərdə “Təlim avtomobil”i adı ilə avtomobil idarə edənlər çoxdur. Bəs, sürücülük kursuna üz tutarkən seçimimizi necə düzgün etməliyik? Ümumiyyətlə, sürücülük vəsiqəsi olmayan təlimçilər varmı? Əgər varsa, onlara necə nəzarət olunur? Sia mövzu ilə bağlı araşdırma aparıb.
Sürücülük vəsiqəsi kursu qiymətləri nə qədərdir? Sürücülük vəsiqəsi kursunun müddəti nə qədər çəkir?
Qiymətlər:
“Təlim xanımlar Arzu” təlim kursu: Dərslər şəhər içi bütün ərazilərdə keçirilir. Təlimçilər xanımlardan ibarətdir tam sıfırdan öyrədilir. Dərslər 10 ildən artıq stajı olan professional təlimçilər tərəfindən keçirilir. Təlim zamanı heç bir sənəd tələb olunmur. 1dərs 1saatdır.
1dərs- 22 AZN
5dərs- 100 AZN
10dərs-180 AZN”.
“Avto təlim xanımlar və bəylər” təlim kursu: “1 dərs- 22 AZN, 5 dərs- 100 AZN”.
“149 Avto” Təlim Kursları: “Təlimlərin başlanğıc və son nöqtəsi Gənclik metro stansiyasıdır. İlk dərsdə təlimçi sizə müəyyən boş ərazilərdə idarəetməni öyrədir. Daha sonrakı dərslərdə isə şəhər içi yollarda təlimlər keçirilir".
Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov: “Günümüzdə həddindən artıq çox təlim maşınları var. Bəlkə də 300-dən çox təlim maşınları peyda olub. Təlimi işini professional müəllimlər etməlidir.
Sovet İttifaqı zamanında bu barədə çox ciddi bir nəzarət var idi və xüsusi kursları bitirirdik. Bundan sonra da xüsusi müəllimlik sənədi alırdıq. Müəllim kimi imtahan verib, sertifikat alıb ondan sonra dərs keçirdik. İndi isə qaydalarda yazılıb ki, 5 il təcrübəsi olan hər bir kəs əgər məktəblə müqaviləsi varsa və avtomobilini yol polisində təlim maşını kimi qeydiyyatdan keçirirsə, dərs deyə bilər. Bununla bağlı çoxlu axın başlayıb. Bura üz tutanlar işsizlikdən, maaş azlığından və maddi problemlərə görə gəlir. Əslində gərək təlim müəllimi işini sevsin, professional olsun, özünün metodikası olsun, tələbəyə yüzlərlə sirr öyrətsin. Amma bunun üçün müəllimin özü o sirləri bilməlidir. Təəssüf ki, bu sahəyə üz tutan təsadüfi adamlar çoxdur.
Tələbə müəllim seçimi edərkən tanış və dostlarının məsləhətlərinə qulaq asmalıdır. Yəni, yaxşı bir kursdan kimsə yararlanıbsa, seçimi ora olmalıdır.
Bundan başqa, ilk dərsə mütləq təcrübəli bir adamla yollanmaq lazımdır. Həmin şəxs oturub dərsin keyfiyyətinə baxsa çox yaxşı olar. Təcrübəsi çox olan sürücü müəllimin zəif, yaxud güclü olduğunu həmin an anlayır. Əgər müəllim tələbənin qohumunun dərsdə iştirak etməsinə qəti narazılıq edirsə, artıq həyəcan təbili çalınmalıdır. Buradan o qənaətə gəlmək olar ki, deməli müəllim özünə güvənmir.
Sürücülük kurslarının qiymətinə gəldikdə isə bu müxtəlifdir. 1 dərs 15 AZN-dan başlayır və 35-45 manata qədər davam edir.
Bundan başqa, adi kurslardan başqa, qəza əleyhinə kurslar da var. Belə kurslarda nəinki avtomobil idarə etmək, hətta qəzadan qaçmaq da öyrədilir. İş orasındadır ki, Bakıda nəqliyyat şəraiti ağırdır və həddindən artıq savadsız sürücülər var. Belə ki, yalnız qaydalara əsaslanmaqla avtomobil idarə etmək kifayət etmir. Ona görə də ən yaxşı seçim qəza əleyhinə kurslardır.
Son olaraq qeyd edim ki, bəzi insanlar təlim işinə ciddi münasibət bəsləmir. Belə ki, onlar təlimə 5-10 dərsdən artıq gəlmirlər. Halbuki dünya ölkələrinin təcrübəsində minimal dərslərin müddəti 40, İngiltərədə 70 və Amerikada 50 saatdır. Bundan başqa tələbənin yanında 1 ilmüddətində sürücülük vəsiqəsi olan adam onu müşayət etməlidir. Belə ciddi tələblər var. Bizdə isə insanlar həyatlarını riskə ataraq 5-10 dərsdən sonra kursa gəlmək istəmirlər".
Nəqliyyat eksperti Elməddin Muradlı: "Təlimçilərin sürücülük vəsiqəsi yoxdur deyə bilmərik. İndi ola bilər tək-tük hallarda bu baş verə bilər. Bu xüsusən xanım təlimçilər arasında mümkündür. Amma hələ ki, praktikada belə hallara rast gəlməmişik. Ola bilər gizli şəkildə öyrənirlər, özlərini təlimçi kimi təqdim edirlər. Amma hər bir halda insanlar diqqətli olmalıdırlar.
Təlimçilərin sertifikatlaşdırılması məsələsi təcili formada öz əksini tapmalıdır. Təlimçilər özləri peşəkar olmalıdırlar. Təlim keçmək istəyən vətəndaşlar bunu tələb etməlidirlər. Hər yerindən duran təlimçi ola bilməz.
Çox təəssüflər olsun ki, xüsusən bu xanım təlimçilər arasında dəb halını alıb. Özlərini təlimçi elan edirlər. Şəhərdə onların maşın sürmələrinə baxanda adam dəhşətə gəlir ki, bunların özlərinə təlimçi, və yaxud da təlim lazımdır. Belə olan halda təbii ki aidiyyəti qurumların üzərinə iş düşür. Onlar məsələni hansısa formada tənzimləməlidirlər, nəzarət olmalıdır və nəzarət üçün də sözsüz ki, Yol hərəkəti təhlükəsizliyinə dair dövlət proqramında nəzərdə tutulan məsələ öz həllini tapmalı, yəni, təlimçilər sertifikatlaşdırılmalıdır".