Reklam

“Təmiz hava” aylığı: Məqsəd ekologiyanı qorumaqdır

Yazarlar 3 Aprel 2019 10:51 Oxunub 2758
“Təmiz hava” aylığı: Məqsəd ekologiyanı qorumaqdır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Norma minik avtomobilləri üçün 3,5  faiz, yük avtomobilləri üçün isə 2 faizdir

Xəbər verildiyi kimi, martın 28-dən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ölkə ərazisində “Təmiz hava” aylığına start verib.  Qeyd edək ki, aksiya  aprelin 28-dək davam edəcək.

“Təmiz hava” aylığı aksiyasının məqsədi atmosfer havasının çirklənməsinə nəzarət etmək  və ətraf mühitin avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsinin qarşısının alınmasıdır.

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov  sözügedən mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki,  bu tədbir ətraf mühitin təmizliyinin, təhlükəsizliyinin qorunmasına və ekoloji nəzarətin gücləndirilməsinə bilavasitə xidmət edir: “Bu layihənin keçirilməsi labüddür. Bakı şəhərində  tətbiq olunması isə  xüsusilə vacibdir. Paytaxt küçələrində kifayət qədər avtomobil  var. Günün pik saatlarında  bu statistikanı daha yaxşı  görmək mümkündür. Avtomobilin sayının çox olması havaya buraxılan zəhərli maddələrin miqdarının artmasına səbəb olur.  Yoxlanma, nəzarət olması  nə qədər avtomobil ətraf mühitin,  insanların zəhərlənməsində başlıca rol oynamış olar. Bu aksiya   təkcə avtomobil üçün yox, ətraf mühitin təmizliyi, insanların sağlamlığı, avtomobil mühərrikinin, yanacaq sisteminin  işlək vəziyyətdə olması üçün vacibdir. Ona görə də,  “Təmiz hava” aylığını  bu aspektlərdən baxdıqda vacib hesab edirəm. Sürücülər  cəriməni deyil, sadaladığım nüansları nəzərə almalıdırlar. Bu, məcburi yox, icbari  bir layihə olmalıdır. Aksiyanı gözləməyə ehtiyac yoxdur. Mütəmadi olaraq, qısa zaman fasiləsi ilə avtomobillərini ustaya göstərməlidirlər. Texniki baxış vaxtını unutmamalıdırlar.”

Həmsöhbətimiz  texniki baxışa ümid  edib avtomobilini bir il nəzarətsiz qoyan sürücülərə də  çağırış etdi: “Bəzən  texniki baxışdan yeni çıxmış avtomobil sahibləri  düşünürlər ki,  onların   avtomobilinin təmirə, yoxlanışa  heç bir  ehtiyacı yoxdur. Əslində, bu, tamamilə yanlış yanaşmadır. Çünki bu, avtomobildir. Hətta texniki baxışdan   minimum 10 gün sonra belə yanacaq sistemində, mühərrikində problemlər yarana bilər.”

Azər Allahverənov qeyd etdi ki,  bu aksiya  neçə ildir ki, keçirilir. Statistikaya nəzər saldıqda,  bu aksiya çərçivəsində  cərimələnən sürücülərin ümumi sayında əhəmiyyətli dərəcədə azalma müşahidə olunur: “Bəzən sürücülər avtomobillərinin ətraf mühitə vuracağı ziyanı azaltmaq üçün hansı tədbirlər görməli olduqlarını bilmirlər.  Kifayət qədər məlumatlı olmadıqlarını deyirlər. “Təmiz hava” aylığı ilə bağlı təbliğat-təşviqat kampaniyası aparılmalıdır.

“Təmiz hava” aylığı çərçivəsində avtomobillərə baxış keçirilir,  zərərli maddələr üçün nəqliyyat vasitələrinin növlərinə uyğun müəyyənləşdirilmiş normalar yoxlanılır. Həmin həddi aşan avtomobil sahibləri 50 manat miqdarında cərimələnirlər.  Bu norma minik avtomobilləri üçün 3,5  faiz, yük avtomobilləri üçün isə 2 faizdir.  Bu göstəriciləri aşan  avtomobillərin istismarı, ümumiyyətlə, qadağandır.”

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı  isə bildirdi ki, nəqliyyat vasitələrinin  sahibləri, sürücüləri istifadələrində olan avtomobilləri yanacaq sistemini tənzimlədikdən,  saz vəziyyətə gətirdikdən və ixrac qazlarının tərkibini normalara uyğunlaşdıqdan sonra istismar etməlidirlər: “Ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə olunmasına və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyənləşdirilən qaydada məsuliyyət daşıyırlar. Bu aksiyanın kökündə qorunma, qabaqlama, mühafizə, diqqət   dayanır. Avtomobilin varsa, sükan arxasında əyləşirsənsə, təkcə özünü deyil, hər kəsi, hər şeyi düşünməlisən.  Bu məsələdə məsuliyyətsizlik etmək olmaz.

Açıq demək lazımdır ki, “Təmiz hava” aylığı keçirilməsə bəzi sürücülərin yadına idarə etdikləri avtomobilin mühərriklərini, yanacaq sistemlərini mütəmadi olaraq yoxlatdırmaq  kimi vacib profilaktiki tədbirlər  düşməz.  Reydlər zamanı məlumatı olmayan sürücülərə xəbərdarlıq olunur. Şərtlər və normalar haqqında müvafiq informasiyalar verilir. Fikrimcə, cərimə olunmaqdansa, o pulu avtomobilin təmirinə xərcləmək daha yaxşı olardı.  Avtomobil vaxtında usta yoxlanışından keçərsə, bununla həm  baş verə biləcək bir çox mənfi halların qarşısı alınır, həm də  nəqliyyat vasitəsinin istismar  ömrü uzanmış olar.”

Ekspert onu da əlavə etdi ki,  avtomobilin xaric etdiyi zərərli qazların miqdarında artım  olmasının səbəblərindən biri də benzinin keyfiyyəti ilə əlaqədardır. Benzinin keyfiyyətli olması vacibdir. Yanacaq dolduran zaman bunun keyfiyyətli olmasına xüsusi diqqət edin. Bəzi hallarda benzinin keyfiyyətinin aşağı olmasının nəticəsidir ki, zərərli qazların miqdarında artım olur. Nəticədə  tüstülənmə miqdarı artır,  kəskin iylər gəlməyə başlayır.   Bunun qarşısını almaq üçün yanacaq dolduran zaman  daha keyfiyyətli  yanacaq doldurma məntəqəsini seçin. Mütəmadi olaraq,  eyni məntəqədən istifadə edin. Tez-tez məntəqəni dəyişməyin, benzin dolduran zaman çox aşağı sürətlə doldurulmasına nəzarət edin. Avtomobilin mühərriki  dizellə işləmirsə, ona dizel  yükləməyin. Bu, mühərrikin aktivliyi və normal fəaliyyəti ilə yanaşı, daha az yanacaq  sərfinə də təsir göstərir.”

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh