Reklam

Terror alətinə çevrilən avtomobil – Onların partlaması nəticəsində minlərlə insan ölüb - FOTO

Yazarlar 1 Noyabr 2022 14:29 Oxunub 1278
Terror alətinə çevrilən avtomobil – Onların partlaması nəticəsində minlərlə insan ölüb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xarici jurnalistlərə müsahibələrin birində rus silah konstruktoru Mixail Kalaşnikov demişdi: “Mənim vicdanım təmizdir. Mən bu silahı (avtomatı müəl.) vətənimin müdafiəsi üçün hazırlamışam”.

Dinamit ixtiraçısı Nobel isə məqsədinin inşaat və yol tikintisi zamanı insan əməyini yüngülləşdirmək olduğunu deyirdi.

Əslində hər iki ixtiraçının bəşəriyyətə “bəxş etdiyi” icadlar yalnız fəlakət və göz yaşları gətirdi.

Həyatımızın ayrılmaz tərkib hissəsi olan nəqliyyat vasitələri (bütün növlərdən olan) də təyinatı üzrə istifadə olunmadıqda, başqa sözlə, qara niyyətli insanların əlinə düşdükdə fəlakətlərə səbəb olur. İndi Əfqanıstan, İraq, Suriya və digər ölkələrdə bomba qoyulmuş avtomobillə terror aktlarının həyata keçirilməsinə dair xəbərlər bir növ adiləşib. Bəs bunun tarixi haçandan başlayır?

Nə üçün məhz avtomobil?

Avtosfer.az xəbər verir ki, ABŞ-dan olan mütəxəssis Mayk Deyvis bunu beş şərtlə əsaslandırır:

1. Partlayışın gücü və ictimai əks-sədası böyük olduğu üçün dövlət mütləq şəkildə hərəkətə keçir.

2. Adi avtomobillə bomba yüklü avtomobil xarici görkəminə görə fərqlənmir, şəhərdə isə ümumiyyətlə onu seçmək olmur (bütün avtomobilləri saxlayıb yoxlamaq fiziki baxımdan qeyri-mümkündür. İraq və Əfqanıstan təcrübəsi göstərdi ki, terrorçular bəzən məhz polisin onları saxlatması üçün şübhəli hərəkətlər edirlər. Təhlükəsizlik qüvvələri avtomobili yoxlamaq üçün saxlayır və gerisi məlumdur).

3. Əməliyyatın maya dəyəri aşağı olur. Məsələn Oklahomadakı terror aktı 5 000 dollara başa gəlib, amma 186 nəfər həlak olub, dövlət 2 milyon dollar “zibilə düşüb”.

4. Sadəlik. Əməliyyatın icrası yüksək peşəkarlıq tələb etmir. Avtomobili idarə etmək bacarığı olan və partlayıcı maddələrdən az-çox başı çıxan hər kəs bunu edə bilər.

5. Bomba daşıyan avtomobillə törədilən hücumun ilk (bəzən də tək) qurbanı elə terrorçu özü olur. Bu aktı həyata keçirən şəxs heç bir iz buraxmadığı üçün cinayətkarın kimliyini müəyyən etmək hər istintaq qrupuna nəsib olmur.

Avtomobillə kiçik maneələri, qapı, tikanlı məftil, təcrid zonası və s. aşmaq nisbətən asandır. Avtomobilin yüksək sürətlə hədəfə çırpılması və terror aktı nəticəsində alışması əlavə dağıdıcı amillərdir.

 

İlk cəhd

 

16 sentyabr 1920, ABŞ, Nyu-York. Məşhur Uol strit və Brod strit küçələrinin kəsişməsində ilk baxışdan diqqət çəkməyən yüklü at arabası partlayır. 38 nəfər ölür, 200 nəfər yaralanır. 2 nəfərin şəxsiyyətini müəyyən etmək mümkün olmur. Maddi ziyan 2 milyon dolları keçir (indiki ekvivalentlə 8 milyon USD). Tarixdə ilk dəfə Nyu-York birjası qısa müddətə bağlanır. Terrorçunun axtarışı heç bir nəticə vermir. Partlayışın izləri bu gün də birjanın divarlarında qalır.

Bir il sonra yenə də Nyu-Yorkda katalan mənşəli anarxiyaçı hərbi parad zamanı bomba dolu avtomobili partlatmaq üçün uğursuz cəhd edir.

 

1927, ABŞ. Borclarını qaytara bilməyən fermer Andryu Keho dövlətdən qisas almağa qərar verir. Bu məqsədlə dinamit doldurduğu yük avtomobilini ibtidai məktəbin binasına çırpır. Zərbə dalğası Andryunu, daha doğrusu onun cəsədini avtomobildən kənara tullayır. 45 nəfər, o cümlədən 38 uşaq həlak olur.

 

Müntəzəm istifadə

 

Lehi sionist qruplaşmasının üzvləri 40-cı illərin sonunda fələstinlilərə qarşı bu metoddan müntəzəm istifadəyə başlayırlar. İlk terror aktı 12 yanvar 1947-ci ildə həyata keçirilir. Nəticədə 4 nəfər ölür, 144 nəfyər yaralanır.

Əlbəttə ki, ərəb tərəfi boş dayanmır. Bombalı avtomobillə ilk hücum nəticəsində Hayfanın yəhudilər yaşayan məhəlləsində 50 nəfər xəsarət alır. 22 fevral 1948-ci ildə bombalı yük avtomobilinin partladılması nəticəsində 90 nəfər ölür, yüzlərlə sakin xəsarət alır.

Lakin ərəb və yəhudi məhəllələrinin sıx yerləşməsi bu metodun effektivliyini azaldır. Bu səbəbdən tərəflər adi silahlarla mübarizəyə üstünlük verirlər.

Bombala avtomobil və motosikletlərin ən geniş istifadə edildiyi dövr Vyetnam müharibəsinə təsadüf edir. Partlayıcı qismində isə müharibədə partlamamış sursatlardan istifadə olunurdu.

 

İkinci Dünya Müharibəsi hərbi leksikona yeni bir termin gətirdi kamikadze. Müharibənin sonlarına yaxın yapon ordusu düşmən hədəflərinə zərbə endirmək üçün təyyarəni birbaşa hədəfə sürən pilotlar yetişdirməyə başladı. Əlbəttə ki, kamikadzelər peşəkarların arasından seçilmirdi və peşəkar da ola bilməzdi. Bu işə əsasən tələbələr cəlb olunurdu. Cəmi üç gün təlim keçən kamikadze elementar biliklərə yiyələnir, təyyarəni yalnız qaldırıb endirə və hədəfin üzərinə sürə bilirdi. Tədqiqatçılar onları terrorçu kimi təsnif etmirlər, çünki kamikadzelərin hədəfi yalnız hərbi obyektlər olurdu.

 

2000-ci il 11 sentyabr isə tarixdə qalacaq dəhşətli terror aktıdır. Hadisə nəticəsində 2750 nəfər həlak oldu. Dünya Ticarət Mərkəzinin təqribən 2 milyon tonluq uçqunlarının yaratdığı toz qatı 3 ay çəkilmədi. Ərimiş metal kütləsi binanın zirzəmisini doldurdu. Ərazini təmizləmək üçün minlərlə insan 8 ay fasiləsiz işlədi.

Bu hadisə sübut etdi ki, avtomobildən fərqli olaraq, təyyarə ilə terror həyata keçirərkən silaha ehtiyac yoxdur. On tonlarla kerosinin ətrafa səpələnərək alışması yandırıcı bomba effekti yaradır.

İndi isə nəzərinizə böyük rezonans doğurmuş hücumların bəzilərini çatdırırıq.

3 yanıar 1972, Böyük Britaniya. Belfastda super marketin qarşısında pivə daşıyan avtomobilin partladılması nəticəsində 63 nəfər şüşə qırıqlarından xəsarət alır. İrlandiya Azadlıq Ordusu məsuliyyəti üzərinə götürür.

23 oktyabr 1983, Livan. “Mercedes Unimog” markalı su daşıyan avtomobil səhər saat 6 radələrində Beyrut aeroportu yaxınlığında yerləşən ABŞ bazasına tərəf irəliləyir. Avtomobili tanıyan əsgərlər qapını açırlar. Avtomobil heç bir maneə olmadan 3 NBM-i keçir və qadağan olunmuş əraziyə tikanlı məftillərlə əhatə olunmuş kazarmaya tərəf yönəlir. Əsgərlər atəş açsa da artıq gec idi. Sürücü avtomobili 400 amerikan əsgərinin yatdığı kazarmaya çırpır. Təqribən 20 saniyə sonra fransız sülhməramlılarına qarşı da eyni tip hücum təşkil edilir. Aksiya nəticəsində 241 ABŞ və 58 fransız əsgəri məhv olur.

Fransada həmin gün matəm elan olunur, hadisə geniş əks-səda doğurur. Hücumu İranın təhriki ilə Hizbullah və Sepahın (İslam İnqilabı Keşikçiləri Korpusu) birgə təşkil etdiyi məlum olur. Xilasetmə işlərinə cəlb olunan əsgərlər də Hizbullah snayperlərinə tuş gəlirlər. Bununla da qurbanlarının sayı artır.

 

12 mart 1992, Argentina. Partlayıcı yüklü avtomobil Buenos Ayresdəki İsrail səfirliyinə çırpılır, 29 nəfər, o cümlədən 4 İsrail diplomatı həlak olur. Partlayışa məsuliyyəti Hizbullah öz üzərinə götürür. Bu partlayışda ittiham edilənlərdən biri sonradan İranın müdafiə naziri oldu.  

 

26 fevral 1993. ABŞ. İçində 680 kq partlayıcı olan yük maşını Dünya Ticarət Mərkəzinin şimal qülləsinə çırpılır. Məqsəd şimal qülləsini cənub qülləsinin üzərinə uçuraraq minlərlə insanı məhv etmək idi. Əməliyyat uğurlu alınmasa da 6 nəfər ölür, mindən çox insan yaralanır. Partlayış nəticəsində 60 metr diametrdə, 30 metr dərinlikdə krater əmələ gəlir, zirzəmidəki 5 mərtəbə sıradan çıxır. Mərkəz aylarla bağlı qalır. Arxitektorun sözlərinə görə, avtomobil bir qədər də irəliləyə bilsəydi, binadan əsər əlamət qalmayacaqdı.

9 yanvar 1995, Amerika, Oklahoma. İçində 3200 kiloqram trotil olan yük avtomobili səhər saat 09.02-də partladılır. Partlayış o qədər güclü olur ki, 30 kilometr radiusda binalarda yaşayanlar titrəyişi hiss edir. Hadisə nəticəsində 168 nəfər həlak olur, 800 nəfər xəsarət alır, ətrafdakı 300 bina yararsız hala düşür, minlərlə insan evsiz-eşiksiz qalır.

24 mart 2002, Rusiya Federasiyası, Stavropol diyarı. 50 kiloqram trotil gücündə partlayıcı yüklənmiş “VAZ-2103” Mineralnıe Vodı şəhəri bazarına daxil olur. Terror aktı nəticəsində 21 nəfər ölür, 100-dən çox insan xəsarət alır. Eyni gündə qonşu Yesentuki şəhərində bomba yüklü “Jiquli” yerli yol polis idarəsinin binasına çırpılır, 22 nəfər xəsarət alır. Yenə eyni gündə eyni vilayətin Nevinnomısk şəhərində “VAZ-2106”ya baxış keçirərkən 40 kiloqram partlayıcı aşkar olunur.

12 may 2002, RF, Çeçenistan. Qadın kamikadze partlayıcı dolu “Kamaz”ı federal Təhlükəsizlik Xidmətinin Terek rayon bölməsinin binasına çırpır. Partlayışda 60 nəfər ölür, 200-dən çox adam xəsarət alır.

20 sentyabr 2008, Pakistan. Partlayıcı dolu yük maşını İslamabaddakı Marriot otelinə çırpılır. 50-dən çox adam, o cümlədən Çexiyanın səfiri həlak olur, 266 nəfər yaralanır. Bina yararsız hala düşür.

9 iyun 2009, Pişavar. Bomba dolu yük avtomobili “Contnental” otelə hücum edir, 17 nəfər ölür, 50 nəfər yaralanır. Polis rəisinin dediyinə görə 500 kiloqram trotil gücündə partlayış baş verib.

 

Nəhayət, 17 avqust 2009, Rusiya, Nazran. 400 kiloqram partlayıcı daşıyan “Qazel” qapını basaraq İnquşetiya DİN-in həyətinə soxulur. Partlayış nəticəsində idarə və qonşuluqdakı yaşayış binası yararsız hala düşür. 25 nəfər həlak olur, 57 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alır.

Avtomobili ixtira edənlər onu yalnız xoş niyyətlə ərsəyə gətirsələr də, pis niyyətli istifadəçilər onu ölümsaçan silaha çevirməyi bacardılar. Göründüyü kimi bombalı avtomobillərin hədəfi əsasən mülki şəxslərdir. Son zamanlar internetdə bomba hazırlamaq prosedurlarının geniş şərh olunması da problemi ağırlaşdırır. Qərb mətbuatında yeniyetmələrin kustar üsulla hazırlanmış bombalardan xəsarət alması xəbərləri tez tez manşet olur.  Daha doğrusu, bomba hazırlama prosedurlarını dəqiq və ardıcıl yerinə yetirə bilməyən bir çox yeniyetmə öz “ixtira”larının qurbanı olub. Müstəntiqlərin “bombanı haradan əldə etmisən” sualına isə cavab birmənalı olur: hazırlama qaydasını İnternetdən tapmışam. Gələcəyin potensial terrorçuları yetkinlik yaşına çatmadığı üçün hüquqi tədbir də görmək mümkün olmur.

 

Vüqar Yaşaroğlu

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh