Banner

Dövlət standartı dərc olunmur, pulla satılır: vətəndaşın bundan necə xəbəri olsun? - AÇIQLAMA

Yazarlar 13 Noyabr 2023 16:00 Oxunub 1114
Dövlət standartı dərc olunmur, pulla satılır:  vətəndaşın bundan necə xəbəri olsun? - AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) AZS 636:2023 “Yol nəqliyyat vasitələri. Ekoloji siniflər” dövlət standartını qəbul edib.

AZSTAND-dan verilən məlumata görə, bu standart ölkə ərazisində dövriyyəyə buraxılan (idxal və ölkədə istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələbləri formalaşdırmaq, onların ətraf mühitə, insan həyatına və sağlamlığına vurduğu ziyanı azaltmaq, həmçinin ekoloji təmiz nəqliyyat vasitələrindən və digər yaşıl texnologiyalardan istifadəni genişləndirmək, təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsini stimullaşdırmaq və zəruri infrastrukturu yaratmaq məqsədilə AZS 636-2012 “Yol nəqliyyatı. Ekoloji siniflər” dövlət standartının əvəzinə işlənib-hazırlanıb.

Standart layihəsi “Yol nəqliyyatı” standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 19) rəy və təkliflər nəzərə alınmaqla müzakirə edilib və konsensus əsasında qəbul edilib.

AZS 636:2023 “Yol nəqliyyat vasitələri. Ekoloji siniflər” dövlət standartı ölkə Prezidentinin 27 dekabr 2018-ci il tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-23-cü illər üçün Dövlət Proqramı”nın və Dövlət Proqramına dair Fəaliyyət Planının icrası məqsədilə yenidən işlənilib.

Məlumatda da qeyd olunduğu kimi AZS 636:2023 “Yol nəqliyyat vasitələri. Ekoloji siniflər” dövlət standartı avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələbləri formalaşdırmaq, onların ətraf mühitə, insan həyatına və sağlamlığına vurduğu ziyanı azaltmaq məqsədi daşıyır. Bəs vətəndaşlar bu standartlarla necə tanış olmalıdırlar?

Bunu araşdırmaq üçün Azərbaycan Standartlaşdırma İnstitutunun rəsmi saytına müraciət etdik. Məlum oldu ki, qeyd olunan standartla tanış olmaq üçün ƏDV daxil 79,21 AZN pul ödəmək lazımdır. Yəni, qəbul olunmuş standart açıq şəkildə dərc olunmayıb.

17 may 2019-cu ildə qəbul olunmuş Standartlaşdırma haqqında Azərbaycan Respublikasının Qanununun 7.15-ci bəndində qeyd olunur ki, qəbul edilmiş dövlət standartları rəsmi nəşr edilir.

Həmin Qanunun 1.0.13-ü maddəsində rəsmi nəşr anlayışı standartlaşdırma üzrə dövlət fondu bazasında standartlaşdırma üzrə normativ sənədlərin milli standartlaşdırma qurumu tərəfindən kağız və elektron daşıyıcılarda nəşr edilməsi kimi aydınlaşdırılır.

Məsələyə aydınlıq gətirmək üçün Azərbaycan Standartlaşdırma İnstitutuna müraciət etdik. İnstitutun rəsmisi Avtosfer.az-a bildirdi ki, qəbul olunmuş dövlət standartları rəsmi saytda online şəkildə satılır və istənilən şəxs ödəniş etməklə bunu əldə edə bilər.

Vətəndaşların normativ aktlarla necə tanış olmaları barədə sualımıza isə bildilirdi ki, vətəndaş İnstituta yaxınlaşaraq istədiyi sənədlər yerində tanış ola bilər. Çünki qəbul olunmuş standartlaşdırma üzrə normativ sənədlər haqqında məlumatlar milli standartlaşdırma qurumu tərəfindən rəsmi nəşr olunaraq, standartlaşdırma üzrə dövlət fonduna daxil edilir. Dövlət fondundan standartlaşdırma üzrə normativ sənədlər milli standartlaşdırma qurumu ilə bağlanılmış müqavilələr əsasında kağız və ya milli standartlaşdırma qurumunun rəsmi internet səhifəsindən onlayn formada əldə edilir.

Hüquqşünaş Ərşad Hüseynov Avtosfer.az açıqlamasında bildirib ki, “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununun 7.15-ci maddəsində qeyd olunur ki, qəbul edilmiş dövlət standartları rəsmi nəşr edilir. Rəsmi nəşr olunma o deməkdir ki, hər kəs heç bir əlavə bürokratik mexanizm, ödəniş, icazə və s. bu kimi  maneələr olmadan istədiyi vaxt həmin sənədin mətni ilə ya kütləvi dərc edilən kağız daşıyıcıda (qəzetdə, bülletendə və s.), ya da elektron daşıyıcıda tanış olmaq imkanına malik olmalıdır. Əgər bu üsullarla açıq şəkildə dərc olunmursa, bu, qanunun kobud şəkildə pozulmasıdır. Bu standartların təyinatı ilə uyğunsuzluq təşkil edir və eyni zamanda fiziki və hüquqi şxslərin hüquqlarının pozulmasıdır.”

Ərşad Hüseynov bildirib ki, bu informasiyanın açıq şəkildə olmaması ciddi problemlərə də yol aça bilər. “Həmin sahə üzrə istehsal olunan məhsullar, görülən işlər  standarlardan kənar olar ki, bu da neqativ hallara yol açar. Bundan başqa standartı bilməyən şəxslə nəzarət qurumları arsında ciddi mübahisələr də yaranar.”

Nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, qeyd olunan dövlət standartı ilə bağlı açıq informasiya əldə edə bilməyib. “Vətəndaşların və mətbuatın suallarına cavab vermək üçün həmin standartla tanış olmaq lazımdır. Lakin bu sənədin açıq şəkildə dərc edilməməsi və pulla satılması problemlər yaradır. Hər qəbul olunmuş standart üçün ya gərək pul ödəyək, ya da gedib Standartlaşdırma İnstitutunun qapısında dayanaq.”

Elməddin Muradlı hesab edir ki, vətəndaşlara aid olan standartların açıq şəkildə dərc edilməsi vacibdir. “İndi sürücü hardan bilsin ki, ekoloji standart necədir? Yol polisi onu saxlayıb idda irəli sürəndə vətəndaş öz hüquqlarını necə müdafiə etməlidir? İnstitut açıqlamasında deyir ki, bu standart avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələbləri formalaşdırmaq, onların ətraf mühitə, insan həyatına və sağlamlığına vurduğu ziyanı azaltmaq, həmçinin ekoloji təmiz nəqliyyat vasitələrindən və digər yaşıl texnologiyalardan istifadəni genişləndirmək, təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsini stimullaşdırmaq və zəruri infrastrukturu yaratmaq məqsədilə qəbul edilib. Əgər bundan heç kimin xəbəri olmayacaqsa, İnstitutun arxivində qalacaq və ya satışa çıxarılacaqsa onda hansı stimullaşdırmadan söhbət gedə bilər?”

 

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanıb.

 

Müəllif: Orxan Əli

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh