Tıxacda qəzalar niyə baş verir? - Ərşad Hüseynovdan İZAH
Rəsmi məlumatlara əsasən, iyul ayının ilk 4 günündə yollarımızda baş verən qəzalarda 22 nəfər həlak olub. Belə qısa müddət üçün bu qədər ağır göstəricini xatırlamıram.Yeni bir səbəb yoxdur. Sadəcə olaraq mövcud problemlər daha da qabarıq üzə çıxmaqdadır. Necə deyərlər, bu sahədə olan “xəstəliklər” şiddətlənməkdədir.
Səbəblər barədə çox danışmışam və yazmışam. Hamısını təkrarlasam, çox uzun olar. Xırda bir məqama toxunmaq istəyirəm. Sumqayıt-Bakı yolunun Biləcəri bərabərindəki hissəsində (təxminən 1 kilometrlik yol sahəsində) 2 arxadan vurulma hadisəsi gördüm (eyni mənzərə hər gün Z.Bünyadov prospektində, Aeroport yolunda və oxşar yollarda da olur). Səhər saatlarında, hərəkətin pik vaxtı, ciddi sıxlıq və tıxac olan bir yerdə bu hadisələrin əsas səbəbi sürücülərin telefondan istifadəsidir. Həmin vaxt nəqliyyat axını gah gedir, gah da dayanır, orta sürət 10 km/saat-dan az olur. Diqqət etsəniz, hər 5 sürücüdən 4-nün əlində smartfon görəcəksiniz. Sadəlövhcəsinə düşünürlər ki, tıxacdır, sosial şəbəkələrə və ya başqa məlumatlara baxaq, görək nə var, nə yoxdur? Onsuz da ara məsafəsi saxlamırıq, belə asta sürətdə isə az qala bufer-buferə və güzgü-güzgüyə sürürük. Sürücünün gözü isə smartfondadır. Qabaqdakı dayanan da onu görmür və beləcə gördüyüm kimi hadisələr baş verir. Düzdür, tıxacda belə hadisə az miqdarda maddi ziyan vurur. Amma buna aludə olan xeyli sürücü bunu yüksək sürət vaxtı da edir. Bu halda isə daha faciəli nəticələr olur.
Tıxacda bu səbəbdən baş verən hadisələr yolu daha da keçilməz edir. Nəticədə həmin tıxac daha dözülməz olur və uzun müddət davam edir. Tıxacdan çıxan sürücü isə ayağını qaza basaraq, çox aqressiv sürür. Nəticədə tıxacdan sonrakı yolda ağır qəza baş verir.
Bir göz həkimi ilə söhbətimiz oldu. Deyir ki, son vaxtlar göz həkiminə müraciət edənlərin sayı 2 dəfə artıb, xüsusən də gənclər sırasından. Əsas səbəb smartfon və kompüterdən həddən artıq çox istifadədir. Gözlərimizə daha çox ziyan vuran isə hərəkət vaxtı tərpənən smartfona baxmaqdır. Yəni, avtomobil sürərkən smartfona baxan sürücü həm gözlərini kor etməkdədir, həm də potensial olaraq ən ciddi qəzaya düşə bilər.
Özünüzü qoruyun. Nəzərə alın ki, yollarda etdiyimiz ən xırda səhvlərlə ən ağır faciələr arasında məsafə gözlə qaş arasındakı qədərdir.
Ərşad Hüseynov
hüquqşünas