Banner

Tıxacın əsas səbəblərindən biri: DAİRƏBAZLIQ

Yazarlar 30 Oktyabr 2014 18:49 Oxunub 2391
Tıxacın əsas səbəblərindən biri: DAİRƏBAZLIQ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Azacıq intensiv hərəkət olan kimi dairəvi hərəkət olan yolayrıcında tıxaclar yaranır

Yollarımızda tıxaclar hər kəsin baş ağrısıdır. Bunu aradan qaldırmaq üçün yol hərəkətinin təşkilinin müasir qabaqcıl metodlarından, mühəndis-texniki yeniliklərdən istifadə olunmalıdır. 

Tıxacların səbəblərindən birinin yolların konstruksiyası olduğu da hər kəsə bəllidir. Amma ölkəmizin bəzi yollarının konstruksiyasında edilən dəyişiklikləri anlamaq olmur. Məsələn, bir neçə ay əvvəl Bakı-Şamaxı yolunun Sulutəpə qəsəbəsindən keçən hissəsi yenidən quruldu. Sulutəpədə «Dördyol» adlanan problemli yolayrıcı var. Həmin yolayrıcı neçə illərdir ki, Bakı-Şamaxı yolunun bu hissəsində hərəkəti iflic edən sürəkli tıxaclara səbəb olur. Sonuncu dəfə həmin yolayrıcı yenidən qurularkən orada yolayrıcının sahəsinin az qala 60%-ni tutan nəhəng bir dairə yaradıldı. Hündür bordürlər vasitəsilə bu dairə boyunca yalnız bir hərəkət zolağı saxlanıldı. Yəni yolayrıcı elə bir vəziyyətə salındı ki, avtomobillər dairəni bir-bir keçə bilsinlər. Bunu görəndə xeyli təəccübləndim və belə yanaşmanın hansı məntiqdən irəli gəldiyini anlaya bilmədim. Bu «dahiyanə» yenilikdən sonra həmin yolayrıcının ətrafında hətta günün ən sakit vaxtlarında da tıxac yaranırdı. Belə vəziyyət bir aya yaxın davam edəndən sonra bir neçə gün əvvəl həmin dairəni sökərək kiçiltməyə başladılar. Böyük ehtimalla, vəziyyətin dözülməz olduğu barədə insanların yüzlərlə şikayətindən sonra həmin dairəni kiçiltmək qərara alınıb. Amma dairə kiçildiləndən sonra da həmin yolayrıcındakı problem tam həll olunmayacaq. Buna səbəb isə elə həmin dairədir. Özü də təəssüf ki, yollarda son vaxtlar dairələrin sayının və radiusunun artması müşahidə edilir. 

Yol hərəkəti təşkilinin müasir konsepsiyalarında yolun konstruksiyası ilə bağlı əsas diqqət yetirilən element yolayrıcları, yəni müxtəlif istiqamətli yolların kəsişdiyi yerlərdir. Bunun da səbəbi çox sadədir: hər kəs bilir ki, yollardakı tıxacların 90 %-i məhz yolayrıclarından başlayır. Kəsişmə yerində müxtəlif istiqamətlərdən gələn nəqliyyat axınlarının birləşməsi səbəbindən yol tıxanır. Ona görə də tıxacların aradan qaldırılmasında əsas hədəflərdən biri yolayrıclarının buraxıcılıq qabiliyyətini artırmaqdır. Bunun üçün isə çox sadə və məntiqli məsələ həll olunmalıdır: necə etmək olar ki, hər bir nəqliyyat vasitəsi yolayrıcını minimal müddətdə keçsin? Başqa sözlə, nəqliyyat vasitələrinin konkret yolayrıcını keçmə müddətinin minimuma endirilməsi həmin yolayrıcının buraxıcılıq qabiliyyətinin maksimum artırılması və bununla da orada tıxacın minimuma endirilməsi deməkdir. 

Belə nəticənin əldə olunması üçün müxtəlif variantlardan istifadə olunur.Ən asan və ən rahat üsul yolların kəsişmə və şaxələnmə yerlərində nəqliyyat vasitələrinin dayanmadan istiqamətini dəyişə bilməsinə imkan yaradılmasıdır. Bunun üçün həmin yerlərdə sürətlənmə və tormozlanma zolaqları yaradılır. Sürücü getdiyi istiqamətdə dönərkən həmin zolağa daxil olur, ümumi nəqliyyat axınına ciddi maneə olmadan həmin axına qoşularaq hərəkətini davam etdirir. Lakin bu üsulu da hər yerdə (xüsusən şəhər daxilində) tətbiq etmək olmur.

Digər bir üsul yolayrıclarının svetoforla tənzimlənməsidir. Müasir dövrdə svetoforların intellektual idarə olunması sisteminin mövcudluğu yolayrıclarında müxtəlif istiqamətlərdə zəruri hərəkət intensivliyinin nizamlanmasının ən gözəl variantıdır. Yaşayış məntəqələrində tıxacların «idarə olunmasının» ən əlverişli üsulu məhz «intellektual» svetoforlardır. 

Bütün hallarda yolayrıcında və onun giriş-çıxışlarında yol örtüyü ideal olmalıdır ki, çala-çuxur səbəbindən heç kəs yolayrıcında və onun yaxınlığında ləngiməsin. Belə ləngimənin əsas səbəblərindən biri və ən pisi isə dairədir. Təsəvvür edin ki, dairə boyunca istənilən nəqliyyat vasitəsi ən minimal sürətlə hərəkət edir. Üstəlik dairə boyunca qapalı hərəkət zolaqları dairəyə daxil olan yolların hərəkət zolaqları ilə müxtəlif bucaqlar altında kəsişir. Bu səbəbdən dairədə eyni zamanda hərəkətdə olan nəqliyyat vasitələri hər zaman bir-birinə ciddi maneə olur. Bunu əyani təsəvvür etmək üçün hər hansı dairədə 5-10 dəqiqə müşahidə aparmaq kifayətdir. Bütün bunların nəticəsində nəqliyyat vasitələrinin dairəvi yolayrıcında hərəkət müddəti dəfələrlə artır və deməli, dairəvi yolayrıcının buraxıcılıq qabiliyyəti də bir o qədər aşağı düşür. Beləliklə, azacıq intensiv hərəkət olan kimi dairəvi hərəkət olan yolayrıcında tıxaclar yaranır. 

Dairəvi hərəkət olan yolayrıcının bu xüsusiyyətinə görə yaşayış məntəqələri ərazisindəki çoxzolaqlı yolların birləşməsindəki dairələrin əksəriyyəti ləğv edilməlidir. Çünki belə yolayrıcları birmənalı olaraq tıxac mənbəyidir. Həmin dairələrin şəraitə uyğun adi yolayrıcı ilə əvəz olunması problemi həll edə bilər. 

Amma dairəvi yolayrıcının yaşayış məntəqəsindən kənar, nisbətən yüksək sürət olan yollarda böyük faydası var. Belə yerlərdə kəsişmələrin dairəvi təşkil olunması həmin yolayrıcında müxtəlif istiqamətlərdən gələn nəqliyyat vasitələrinin toqquşmasını istisna edən ən gözəl variantdır. Çünki dairəvi yolayrıcına yaxınlaşan sürücü müvafiq xəbərdarlıq nişanını, daha sonra isə dairənin özünü gördükdə sürəti azaltmağa məcbur olur və bunun nəticəsində qəzalar, xüsusən də ağız qəzalar istisna olunur. Yəqin ölkəmizin yollarında dairələrin sayını və radiusunu artıranlar dairəvi yolayrıcının sonuncu qeyd etdiyim müsbət tərəfini əsas tuturlar. Amma bir daha vurğulamaq istəyirəm ki, dairənin belə faydası yalnız yaşayış məntəqəsindən kənar yollarda, yəni hərəkətin o qədər də intensiv olmadığı və nisbətən yüksək sürətin olduğu yollarda mövcuddur. Yaşayış məntəqəsinin girişlərində və daxilində isə dairələrin əksəriyyəti sürəkli tıxac mənbəyidir. 

 

 

Ərşad Hüseynov,

yol hərəkəti üzrə ekspert

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Vüqar 10 Noyabr 2014 22:55
Hörmətli müəllif, Almaniya, Fransa və İsveçrə kimi çox avtomobil olan ölkələrdə Bakıdakı qədər dairə yoxdur