Tüninq olunmuş 120 minlik avtomobildən düşən kasıb güləşçinin - ETİRAZI

Yazarlar 31 İyul 2017 02:05 Oxunub 9986
Tüninq olunmuş 120 minlik avtomobildən düşən kasıb güləşçinin - ETİRAZI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Lələtəpədə bayraq qaldırmaqdan ötrü neçə-neçə igid can verdi. Əsl bayraq qaldırmaq o idi

Güləşçilərin etirazı (buntu, qiyamı da demək olar) xüsusunda cəmiyyətdə iki fərqli fikir var. Biri klassik hökumətyanlı yanaşmadır: kim rəhbərliyə etiraz edirsə, haqsızdır. O biri isə sırf müxalifyönlü yanaşmadır: kim hakimiyyətə etiraz edirsə, haqlıdır. Hər iki tərəf etirazın kütləviləşə biləcəyini düşünür – biri onu ürəkdən istəmir, o biri isə cani-könüldən istəyir. Əslində üçüncü, neytral bir yanaşma da var. O da ondan ibarətdir ki, tərəflərin ikisi də haqsızdır. Bəs tərəflərin hər ikisi də haqlı ola bilərmi? Hələlik bunu deyənlər çox azdır. Ola bilsin, "bu ölkədə güləşçilərə hər cür şərait yaradılıb” deyənlər də haqlıdır, əski, çoxmükafatlı günlərin geri qayıtmasını tələb edən güləşçilər də.

Həqiqət hardasa ortalarda bir yerdədir. Amma bizim bildiyimiz həqiqətlər də var. London olumpiadasından sonraydı. Gənc güləşçi həmvətənlərimizdən biri yarışmada qarşısına çıxan hər kəsi fırlayıb tataminin üstünə çırpmışdı və qızıl medal alıb qayıtmışdı Odlar yurduna. Bizdə xasiyyətdir axı, uğur qazanan hər kəsi tərifləyə-tərifləyə, öyə-öyə qaldırıb qoyuruq dağın başına. Bunu da elə etdik. Televiziyalar cumdu gəncin evinə. Müsahibələr, açıqlamalar, süjetlər, verilişlər… Qəzetlər yazdı, saytlar fotosessiya etdi. Hökumət, federasiya, şirkətlər gənc güləşçini mükafat yağışına tutdular. Yarım milyon dollar o yandan gəldi, yüz min dollar bu tərəfdən.

O güləşçinn tay-tuşları 650-700 bal toplayaraq yenicə universitetə qəbul olunmuşdu və gələcəyə dair şirin xəyallar içindəydilər: universiteti bitirəcəklər, ixtisaslarına uyğun iş tapacaqlar, pul toplayıb ev, maşın alacaq, evənəcəklər, 40 yaşlarına çatanda hər şeyləri olacaq. Ancaq gənc güləşçi beş günün, hətta qızıl medal qazandığı final görüşünün 12 saniyəsinin içindəcə hər şeyi həll etmişdi: şəhərin mərkəzində üçotaqlı ev, son model "Porsche” avtomobili (təkcə nömrəsinin qiyməti 10 min dollar idi), digər nisbətən ucuz (25-30 minlik) avtomobillər, ömrünün sonuna qədər dolanmasına bəs edəcək qədər pul-para…

Hələ bir bilən adam danışırdı ki, güləşçimiz ona bağışlanan 120 minlik avtomobilin tüninq edilməsi şərtini qoyub və ona maşını bağışlayan şirkət "görməmişin maşını oldu, tutdu, tüninq etdirdi” deyə-deyə güləşçinin tələbini yerinə yetirib. O gün onu da etiraz edən güləşçilərin içində gördüm, pulsuzluqdan gileylənirdi…

Əlbəttə, ola bilər. Bəlkə gənc tələbxərcdir, intensiv səyahət etməyi, messilər, neymarlar kimi superbahalı villalarda yaşamağı, dostlarına vaxtaşırı hər şey daxil ziyafətlər verməyi, bəzi xanım pərəstişkarlarına bahalı maşınar bağışlamağı sevir? Olsun ki, elədir. Elə olmasa o qədər pul bu tezlikdə tükənməzdi. Bəs o gənc olimpiada qızıl medalından sonra hansı nailiyyət qazandı? Düz-əməlli bir şey qazanmadı. Bir-iki dəfə tatamiyə çıxdı, onda da özünü götürüb çırpdılar tatamiyə, o da durdu pərt-pərt ”zədəliydim” dedi. 2 il əvvəl onu boynuna alıb tatami üzərində dövrə vuran məşqçisi dilə gəldi, dedi, qaqa qudurub, məşq eləmir, yeyir, içir, gəzir. Qəzetlər də bu xüsusda yazdı. Ondan sonra gənc bir qədər özünə gəldi, bir-iki medal qazandı, amma əvvəlki formasını bərpa edə bilmədi.

Bu məsələdə əsas günah, əlbəttə ki, hökumətdədir. 75 yaşlı akademikin 50 illik əmək fəaliyyəti ərzində qazana bilmədiyi pulun 10 qat artığını 20-22 yaşlı gəncin 15 saniyəlik əziyyətinin müqabilində verəndə, o qədər "qayğı” göstərəndə onun da sayğısı bu qədər olacaqdı. Hansını da dindirirsən, deyir, "vətənin bayrağını qaldırmışam”. Əcəb eləmisən. Ancaq bu simvolik məsələdir, böyük qəhrəmanlıq deyil. Bayraqqaldırma cəhdinin o biri başında ölüm yox idi, ən pis halda gümüş medal və 250 min manat vardı. Amma Lələtəpədə bayraq qaldırmaqdan ötrü neçə-neçə igid can verdi. Əsl bayraq qaldırmaq o idi.

Belə görünür ki, adıçəkilən güləş federasiyasında durum ürəkaçan deyil. Oxumuş adamlar əmindirlər ki, Züleyxaya dil verən var, yoxsa idmançılar tüninq olunmuş avtomobildən düşüb gəlməz, kasıbçılıqdan danışmazdılar.

Qoy bu dərs olsun. İndən belə olimpiadalarda, dünya çempionatlarında qızıl medal qazanan idmançıları "qızıl oğlan” adlandırıb qızıla tutmasınlar, haqları nədir, versinlər, o da yeni-yeni mükafatlar qazanmaq üçün öz üzərində məşq eləsin. Yoxsa hər şeyi birdən verirlər, bir gün verməyəndə, südü kəsilmiş buzov kimi başlayırlar büdcəyə burun dürtməsi vurmağa.

 

müsavat.com

ŞƏRH YAZ
Ad

E-mail

Şərh