Turistlərin daşınması ilə bağlı yeni qərara ekspertlərin fərqli baxışları

Yazarlar 1 Oktyabr 2016 00:07 Oxunub 2022
Turistlərin daşınması ilə bağlı yeni qərara ekspertlərin fərqli baxışları
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bütün bunlar turistlərin təhlükəsizliyinin təminatı üçündür və çox yaxşıdır

Azərbaycanda turist və ekskursantların daşınmasını həyata keçirən sürücülərlə bağlı yeni tələblər tətbiq ediləcək. Belə ki, layihəyə görə, turist və ekskursantların daşınmasını həyata keçirən sürücülərin bilikləri nəzarət orqanı tərəfindən sertifikatlaşdırılmalıdır. Həmin sertifikatı əldə etməmiş daşıyıcı turist və ekskursantların daşınması ilə məşğul ola bilməz.Turistlərin və ekskursantların daşınması üçün daşıyıcılar müvafiq icra hakimiyyəti orqanlarının birgə müəyyən etdiyi qaydada akkreditasiyadan keçməli və akkreditasiya kartları ilə təmin olunmalıdırlar. Turistlərin daşınması üçün sürücülərdən akkreditasiyanın tələb edilməsi nə dərəcədə doğrudur və bu yeni qərar nəyi dəyişəcək? Bu sualları cavablandıran iqtisadçı ekspert Naitq Cəfərli qaynarinfoaAz-a bildirdi ki, bu qaydanın işlənməsi çətin olacaq və korrupsiyaya yol açacaq:

 

 

"Dünya praktikasına da baxdıqda turistlər üçün nəzərdə tutulmuş xüsusi sürücü xidmətinin olmasına heç bir ölkədə rast gəlməmişəm. Amma bu qayda tətbiq ediləcəksə, işlənməsi çox çətin olacaq. Birincisi, lisenziyaların verilməsi qaydalarının hansı formada tətbiq olunacağı, buna kimin nəzarət edəcəyi və hansı şəkildə edəcəyi qaranlıq qalır. İcra hakimiyyətlərinə həvalə edilməsi çox təəssüf ki, günümüzün reallığında korrupsiyaya yol açan əsas məqamlardan birinə çevrilir. Buna nəzarət mexanizmi isə çox çətin olacaq. Sürücü tələb olunan qaydadan keçmirsə və turist küçədə həmin taksini saxlamaq istədikdə sürücü saxlamamalıdırmı? Saxlayıb turisti apardıqda belə hər maşının yanında bir icra strukturunun nümayəndəsi və ya polis olacaq? Belə çətin mexanizmli qaydaların tətbiq olunması korrupsiyaya yol açmaqdan başqa bir şey deyil. Ümid edək ki, bu qayda qəbul olunmayacaq. Qəbul olunsa belə, bu iş o qədər şəffaf aparılmalıdır ki, sürücülərin bu lisenziyaya çıxışı asan olsun. Lisenziyalaşma prosesinin ASAN xidmətə verilməsi daha məqsədəuyğundur. Amma turistlərin daşınması üçün yeni qaydanın tətbiqinin anlamını görmürəm".

Ekspert Qalib Toğrul isə turistlərin daşınması ilə bağlı standartların tətbiqini düzgün sayır:

"Turistlərin və ekskursantların daşınması dedikdə, burda sırf bu işi sahibkarlıq fəaliyyəti kimi seçmiş insanlardan söhbət gedir. Bu, turizm şirkətləri də ola bilər, sərnişin daşınması ilə məşğul olan şirkət və fiziki şəxs sahibkarlar da. İxtisaslaşma ilə yanaşı burda kütləvilik də var. Yəni, sabah turist hava limanında və ya şəhərdə istənilən bir taksiyə otursa və desə ki, məni hansıa ünvüna apar, bu, o demək deyil ki, taksi sürücüsü onu apara bilməz. Ancaq tutaq ki, əgər icazəsi (lisenziyası) yoxdursa, avtobusu olan hansısa sürücü turistləri tutaq ki, Bakıdan Qubaya və ya Qobustan qoruğuna apara biməyəcək. Yenə deyirəm, burda söhbət sahibkarlıq - pul qazanmaq məqsədilə bu işlə məşğul olanlardan gedir. Əgər mənim xarici qonağım və ya qonaqlarım varsa, mən onları öz maşınımla Azərbaycanın istənilən regionuna gəzməyə apara bilərəm.

Çox güman ki, qanunvericilikdə turistlərin daşınması zamanı istifadə olunan avtobus və digər kütləvi daşınma vasitələri üçün də tələblər nəzərdə tutulacaq. Bütün bunlar turistlərin təhlükəsizliyinin təminatı üçündür və çox yaxşıdır. Ancaq bir şərtlə, əgər lisenziyaların verilməsi, bu tip daşınmalarla məşğul olan sahibkarların akkreditasiyası zamanı süründürməçilik, qeyri-rəsmi ödənişlər olmazsa... Mən indiki halda turistlərin daşınması ilə bağlı standartların tətbiqini düzgün sayıram, ancaq ümumilikdə icazələrin sayının 300-dən təxminən 87-ə endirilidiyi bir vaxtda lisenziya tətbiqini doğru addım hesab etmirəm".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh