Reklam

Uber şirkəti Makronu necə ələ aldı? – AŞKARLANMIŞ SƏNƏDLƏR - FOTOLAR

Yazarlar 20 Oktyabr 2022 18:00 Oxunub 1298
Uber şirkəti Makronu necə ələ aldı? – AŞKARLANMIŞ SƏNƏDLƏR - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Uber şirkəti ilə bağlı üzə çıxan 140 min sənədin çoxunda Fransanın adının keçməsi təəcüblü qarşılanmamalıdır. Çünki şirkətin Avropada sərbəst fəaliyyət göstərdiyi ilk ölkə də məhz Fransa olub.

Bəs necə oldu ki, vaxtilə sabiq prezident Fransua Olandın kəskin etiraz etdiyi şirkət bu ölkədə əl-ayaq aça bildi? Doğru izahını indiki prezidentin keçmiş fəaliyyətində axtarmaq yerinə düşər.

Avtosfer.az Uberin Fransa bazarına necə girdiyini araşdırıb.

ƏFSANƏ

Hansısa bazara girmək üçün bir səbəb tapmaq, yoxsa da uydurmaq lazım idi. Necə ki, böyük fransız filosofu Volter deyirdi: “Allah olmasaydı belə, onu yaratmaq lazım gələrdi”. Belə bir əfsanə tapıldı: guya 2010-cu illərdə Parisdə konfransa gələn 3 amerikalı milyonçu taksi olmadığı üçün yarım saatdan çox açıq havada gözləməli olmuşdu. Nyu-Yorka qayıdandan sonra isə onlar parislilərin nəqliyyat işini asanlaşdırmaq qərarına gəldilər.

Bundan sonra Uber Fransa bazarına girməyə çalışsa da, prezident Fransua Oland və hökumət bu işə müsbət yanaşmır. Şirkət bazara birtəhər girsə də 10 gündən çox işləyə bilmir. Taksi sürücülərinin artan narazılığı fonunda daxili işlər naziri Bernard Kaznöv Uberin nümayəndəsini kabinetinə çağıraraq deyir: “Əgər həftə sonunadək ölkəni tərk etməsəniz bütün hadisələrə görə cinayət məsuliyyəti daşıyacaqsınız”.

Bəli, şirkət Fransa bazarından səssiz-səmirsiz çəkilsə də, vəziyyətlə barışmır. Bundan sonra şirkətin Avropa və Afrikada lobbiçiliyi ilə məşğul olan İrlandiya və ABŞ vətəndaşı Mark Mak Qan dövriyyəyə girir. O, 2015-ci ildən Fransanın ovaxtkı iqtisadiyyat naziri, hazırki prezident Emmanuel Makronla təmas qurur. İlk görüşdə Makron xarizmatik, yeniliyə açıq adam təəssüratı yaratdığı üçün Mak Qan belə qənaətə gəlir ki, axtardığını tapıb.

Beləliklə, Makronla sıx görüşlər və mesajlaşmalar başlayır, Makron Uberin xeyrinə Fransa qanunvericiliyini dəyişdirməyə cəhdlər edir. Lakin pik nöqtə 2016-cı ilin fevralında Davos İqtisadi forumunda olur. O zaman Fransada söhbət dolaşırdı ki, Makron yeni partiya yaradacaq. Uberin 4 nümayəndəsinin Davos şəhərindən kənarda “Mercedes Viano” markalı mikroavtobusda Makrona etdikləri təklif konkret olur: yaradacağın partiyanı maliyyələşdiririk, prezident seçilmək istəsən pulla bağlı narahatlıq keçirmə. Bu minvalla həmin ilin noyabrında Fransada yeni siyasi partyiya ortaya çıxır: İrəli respublika.

Söhbətdən sonra Uberin təmsilçisi okeranın o tayına mesaj yollayır: “Bu işdə sanballı pul var, amma çox rəqs etməliyik. Sabah Makronun şərəfinə meqa yığıncaq. Fransada ən son sevilən bizik”.

Bəli, Uber nümayəndələri haqlı idi. Hələ iş qabaqdaydı.

Növbəti aydan etibarən Makronun prezidentliyə namizəd kimi təbliğatına başlanılır. Kampaniyanı maliyyələşdirmək üçün bahalı ziyafətlər və konsertlər təşkil edilir.

Uberin gələcək prezidentə nə qədər pul xərclədiyi bəlli olmasa da, bir şey məlumdur: 2017-ci ildə Makron prezident olduqdan sonra Uber və Amazon kimi transmilli şirkətlər Fransaya ayaq açır. Ciddi etirazlara baxmayaraq Fransa qanunvericiliyi dəyişdirilir və transmilli şirkətlərə meydan açılır.

Sonradan Makron Uberə lobbiçilik etdiyini, bu qurumla hər hansı kontaktını inkar etsə də, beynəlxalq jurnalist qrupu minlərlə sənəd ortaya qoyub. Uberin nümayəndələri isə Makronla təmaslarını gizlətməyiblər.

Sənədlərdən aydın olur ki, Makron nazir olarkən çatdırılma xidməti göstərən Amazon şirkətinin də Fransada az xərcə düşməsi üçün kömək edib. Lakin bu, ayrı bir yazının mövzusudur.

 

Vüqar Yaşaroğlu

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh