Banner

Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür - FOTOSESSİYA

Yazarlar 10 May 2025 08:30 Oxunub 620
Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür - FOTOSESSİYA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Uşaq yaşdan hər birimiz onu “baba” deyə səsləndirərdik. Mən xatırlayıram, 2000-ci illərin əvvəlində Sumqayıt şəhərində “köhnə Univermaq” adlı ərazini söküb onun heykəlini qoymuşdular. O vaxtdan hələ indiyə qədər Sumqayıtdakı həmin əraziyə “babanın heykəli” deyilir. Kimsə telefonda bir dostuna, tanışına olduğu yeri təsvir edəndə “babanın heykəlinin yanındayam” deyir, artıq ünvan bəlli olur.

Heydər Əliyev – ömrünü Azərbaycanın gələcəyi, qüdrətlənməsinə həsr etmiş böyük siyasətçi, şəxsiyyət. Bu onunla bağlı yazılacaq ən kiçik sözlərdir. Böyük mənada nələrsə demək üçün isə onun həyat yolundan xəbərdar olmaq lazımdır. Çünki böyük insanlarla bağlı danışarkən öncə onun sənin, ölkənin, bütövlükdə ölkənin ərazilərində yaşayan hər bir fərd üçün etdiklərindən xəbərdar olmaq lazımdır. Əvvəlcə onunla bağlı kiçik vikipedik məlumatları qeyd edim, daha sonra etdiklərindən danışmaq yerinə düşər.

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində dəmiryolçu ailəsində dünyaya gəlib. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib. Heydər Əliyev 1941–1944-cü illərdə Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində müxtəlif məsul vəzifələrdə xidmət edib, 1944-cü ilin mayında isə Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən dövlət təhlükəsizliyi orqanlarına işə təyinat alıb. O, Leninqrad (indiki Sankt-Peterburq) və Moskva şəhərlərində xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Dövlət təhlükəsizliyi orqanlarında iyirmi beş il (1944–1969) çalışan Heydər Əliyev 1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsinə irəli çəkilib. H. Əliyevə 1967-ci ildə SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən general-mayor rütbəsi verilib. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul tarixli plenumunda 46 yaşlı Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilərək 1982-ci ilə qədər Azərbaycan SSR-ə rəhbərlik edib. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. 1998-ci il oktyabrın 11-də xalqın yüksək siyasi fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq yenidən prezident seçilib. 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend Klinikasında (ABŞ) vəfat edib, dekabrın 15-də isə Bakıda I Fəxri Xiyabanda dəfn olunub.

Heydər Əliyevin Azərbaycan üçün etdiklərini saymaqla bitirmək mümkün deyil. Ölkəmizin müstəqilliyinin ilk günlərindən başının üstündə qara bulud əskik olmayıb. Bu bulud qaranlıqda yolunu itirən əhaliyə rəhbərlik edə biləcək real politoloji güc, cəsarət sahibi olan şəxsiyyəti ortaya çıxarmaqda maneə yaradırdı. Ölkədəki hərc-mərclik, müharibə, dövlət çevrilişi, orduda nizamsızlıq, satqınçılıq torpaqlarımızı da viran qoymuşdu. Heydər Əliyevin 1982-ci ilə qədər təməlindən inşa etdiyi Azərbaycanı tanınmaz hala gətirənlər hakimiyyət uğrunda mübarizəyə başları qarışdığı üçün ölkənin gələcəyindən imtina etmişdilər. Bir tərəfdə radikalizm, digər tərəfdə seperatizm... Hər əlinə silah alan ölkənin canından bir tikə qoparmağa çalışırdı – Şimalda bir korpus komandiri, cənubda keçmiş nazir müavini dövlət içində dövlət qurmağa çalışırdı. Sosial problemlərin yaratdığı psixoloji partlayışlar, torpaqların itirilməsi, 3 ildə 3 prezident dəyişikliyi əhalini ruhdan salır, dövləti dağılma təhlükəsi ilə üz-üzə qoyurdu. Bu vəziyyətdən istifadə edən düşmən isə dayanmaq bilmirdi, ölkənin içərilərinə doğru işğalını davam etdirirdi.

Şimaldakı seperatçı qüvvələrin hərəkatının artıq qətliama kökləndiyini görən o vaxtkı hakimiyyət, AXC rəhbərliyi Heydər Əliyevi vəziyyəti stabilləşdirmək üçün Bakıya dəvət etməyə məcbur oldu. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkənin həm şimalında, həm də cənubundakı azğın, quzğun birləşmələr dövlətə tabe edildi. İyun ayından etibarən Milli Məclisə başçılıq edən Heydər Əliyev oktyabr ayında, demək olar ki, yekdilliklə ölkə prezidenti seçildi. Seçildiyi gündən başlayaraq ölkədə sabitliyi təmin etdi. Ermənistanla atəşkəsə nail oldu və iqtisadi islahatlara başladı. Atəşkəsə nail olmaq, üstəlik bu atəşkəsi öz hakimiyyəti illərində, eləcə də özündən sonrakı dövrdə də qorumaq böyük siyasi ustalıq tələb edirdi. Çünki istər Heydər Əliyevin hakimiyyəti illərində, istərsə də müasir dövrdə dövlətlər öz aralarındakı atəşkəs rejiminə əməl etmir. Əldə edilən atəşkəs sonrakı illərdə Azərbaycana bütün istiqamətlərdə qələbə qazandıracaqdı.

1994-cü ildə Heydər Əliyev dünyanın qabaqcıl neft şirkətlərini Azərbaycanda böyük iqtisadi layihəyə cəlb etdi. Xəzər dənizindəki 3 böyük neft yatağının birgə işlənməsi razılığı “Əsrin müqaviləsi” adını aldı. Bütün bunlar regiondakı geosiyasi vəziyyəti dərhal dəyişdi, bu isə Azərbaycana qarşı münasibətdə digər dövlətlər tərəfindən birmənalı qarşılanmadı. Müqavilə 1994-cü il sentyabrın 20-də Bakıda “Gülüstan sarayında imzalandı. İmzalanma mərasimindən sonra Azərbaycanda bir sıra faciəvi hadisələr baş verdi. Əvvəlcə keçmiş Milli Təhlükəsizlik naziri Nəriman İmranovun dövlətə xəyanəti sübut edildi. İmranov vəzifəsindən azad edildi və bir daha vəzifə səlahiyyətlərindən istifadə etmək ehtimalı qalmasın deyə ömürlük həbs olundu. Ardınca Naxçıvan Ali Sovetinin sədri, Milli Məclis sədrinin müavini, yekunda Heydər Əliyevin müşaviri olan Afiyəddin Cəlilov qətlə yetirildi. Heydər Əliyevin hakimiyyətdən getməsini, Azərbaycanda yenidən özbaşınalığın hökm sürməsini istəyən xeyli satılmış var idi. Bu şəxslər xaricdən aldıqları dəstəklə ölkədəki qisasa meyilli təbəqələşməni yenidən qızışdırmağa çalışırdı.

1995-ci ilin martın 13-də Xüsusi Təyinatlı Polis Dəstəsi tərəfindən Ağstafa və Qazax rayonlarında dövlət idarələrinin ələ keçirilir. 2 gün sonra Bakıda Xüsusi Təyinatlı Polis Dəstəsi qiyama başlayır. XTPD qüvvələrinin Bakının 8-ci km qəsəbəsindəki qərargahda istehkam quraraq ölkə rəhbərliyinin istefasını tələb edir. 1 gün sonra  Prezident Heydər Əliyev tərəfindən XTPD qiyamını dinc yolla aradan qaldırmaq üçün daha bir addım ataraq qiyamçıların silahı könüllü təhvil verəcəkləri təqdirdə cinayət məsuliyyətinə cəlb olunmayacaqları barədə fərman imzalayır. Lakin qiyamçı dəstələr silahı yerə qoymur və dövləti ələ keçirmək niyyətindən əl çəkmir. Martın 17-də Bakıda Xüsusi Təyiatlı Polis Dəstəsinin qaldırdığı qiyamın zəruri güc tətbiq edilməsi ilə yatırıldı.

Bundan sonra da Ulu öndər Heydər Əliyevə qarşı nifrət bəsləyənlər siyasi oyunlarına davam etdi. Lakin onun uzaqgörən, cəsarətli siyasəti dövlətimizə qarşı qurulan bütün planları pozdu, Azərbaycanı bütün siyasi oyun səhnələrindən qalib ayırdı.

Bir çoxumuz Heydər Əliyevlə bağlı məlumatları yalnız onunla bağlı olan videolardan, xəbərlərdən ala bilirik. Məsələn, mən, eləcə də yaşıdım olan şəxslər Heydər Əliyevin gömrük, hava limanı rəhbərliyini danlamasını, məcburi köçkün düşərgəsində icra başçısını sərt tənqidinin videolarını sevərək izləyirik. Çünki o xalqdan biri idi və xalqına xidmət etməyən məmurlar onun gözünün düşməni idi. Bu məsələ bir yana, Heydər Əliyev ölkə yeni müstəqil olduğu üçün tətbiq ediləcək yeniliklərdə ölkənin ziyalı təbəqəsi iə məsləhətləşərdi. Konstitusiya qəbul edilməzdən əvvəl oraya rəsmi dil olaraq “Azərbaycan dili” qeyd olunması ilə bağlı ədiblərlə, dilçi alimlərlə danışardı. Onlara öz tövsiyyələrini verər, onları dinləyərdi. İstər Qabil, istər Zəlimxan Yaqub, istər digər şair və yazıçılarla səmimi söhbətləri bir çoxumuzun hələ də yadındadır. Jurnalistlərlə olan yaxınlığı, hər bir televiziya müxbirini, onun şikayətini aramla dinləməsi onu medianın dostuna çevirmişdi. Məhz bunun göstəricisidir ki, onun həyatı ilə bağlı filmə də məhz özü müsahibələr vermişdi.

O, bizdən biri idi. Hər zaman insanlar qarşısındakı çıxışlarında “Əziz bacılar və əziz qardaşlar” deyə cümləsinə başlayardı.

Onun cızdığı siyasi xətt bu gün də ölkənin bütün istiqamətlərdə inkişafını təmin edir. Özü bu gün aramızda olmasa da, Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsi dərindən öyrənilir, geniş təbliğ olunur.

Qeyd:  Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Səfər Əlizadə

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh