Uşaqlarımız necə dahi olsunlar? - Müəllim yazır
Bu başlığı seçməyim səbəbsiz deyil. Bir müəllim ömrü boyu oxuyur, öyrənir və öyrədir. “Öyrət məni” deyənlərin istəyindən güc alıb həyata bağlanırıq. Şair demiş:
“Hər kənddə, hər şəhərdə,
Sənin meyvələrin var”, - misralarıyla bütöv Azərbaycanı qucaqlayıb ürəyimizin yağını, gözümüzün nurunu veririk millətimizin balalarına, balalarımıza. Qazancımız dövlətimizin verdiyi məvaciblə bitmir. Ən böyük qazancımız gələcəyimiz olan uşaqların, şagirdlərimizin uğurlarıdır. Çünki Vətənin müdafiəsində dayanan, sərhədlərini qoruyan əsgərin, sağlamlığımızın keşiyində duran həkimin, alimin, polisin və s. peşə sahiblərinin təməli məktəbdə qoyulur. Bu fikri əbəs yerə yazmadım. Bəzən övladının istəklərinə biganə yanaşan, onu bir şəxsiyyət kimi qəbul etməyən valideynlərin səhvi ucbatından böyük istedadlar məhv olur.
Bir neçə gün öncə şagirdlərə ünvanladığım "Bethoven eşitmədiyi halda necə böyük bəstəkar oldu?”,- sualına 6-cı sinif şagirdi Nahid Şükrəliyevin "Çünki o, ətrafdakılardan sən bacarmazsan ifadəsini eşitmirdi”,-cavabı ilk olaraq onun zehniyyətinin, düşüncə qabiliyyətinin, sonra isə dərslərdə tətbiq edilən interaktiv üsulların, fənnlər arasında əlaqənin uğurlu nəticəsi idi.
Altıncı sinif şagirdinin bu cavabı həm də onun mənsub olduğu ailədə uşağın fikrinə verilən önəmi sərgiləyirdi. Gəlinən qənaət budur ki, övladlarımıza “Sən heç vaxt bacarmazsan” deməməliyik. Anlamalıyıq ki, onların özgüvən hissini məhv etməklə gələcəyin dahilərinin yolunu kəsmiş oluruq.
Məktəb şagirdi motivasiya edir, onu ilk işə, ilk zəhmətə, yəni oxumağa həvəsləndirir. Bunun davamlı olması isə təcrübə göstərir ki, ailədən asılıdır. Məktəb və ailə, valideyn bağının möhkəm olması bu gün cəmiyyəti narahat edən, XXI əsrdə də ən aktual problem kimi öz “birinciliyini” qoruyub saxlayan erkən nikahların, eləcə də zərərli vərdişlərin qarşısını almağa kömək edəcək.
Təhsilin həyatımızdakı rolunu, maddi və mənəvi imkanlarımızın genişlənməsinə təsirini Nahid kimi şagirdlərimiz görüb, dərk edirlərsə, deməli, onların gələcəkdə öz çevrələrinə təsiri də böyük olacaqdır. Bu isə uğrunda mücadilə apardığımız sağlam cəmiyyətin daha möhkəm özüllər üzərində qurulmasına, əlbəttə ki, öz töhfəsini verəcək.
Məktəb üçün, müəllim üçün, “yaxşı oxuyan”lar, “pis oxuyan”lar, “zəif”lər, “güclü”lər, “sakit”lər və “nadinc”lər sərvətdir. Dövlətçiliyimizin inkişafına təkan verəcək insan resurları potensialı formalaşdırmaq qarşımıza qoyduğumuz ən ali məqsəddir. Necə ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin gələcəyi düşünərək dediyi “Biz qara qızılı gələcəkdə insan kapitalına çevirməliyik” fikri hər bir azərbaycanlıya, Vətənini, dövlətini sevənlərə çağırışdır. Bu çağırışa səs verərək, gələcəyin dahilərinin-uşaqlarımızın uğura gedən yollarını kəsməyək, əksinə, şərait yaradaq ki, onların uğur hekayəsini bütün dünya oxusun.
Elnarə Nəbiyeva,
178 nömrəli orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi