Banner

Vəsiqəsi alınan sürücülərin vəziyyəti yüngülləşir - HÜQUQŞÜNAS ŞƏRH EDİR

Yazarlar 31 May 2014 13:12 Oxunub 3411
Vəsiqəsi alınan sürücülərin vəziyyəti yüngülləşir - HÜQUQŞÜNAS ŞƏRH EDİR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
12 cərimə balı topladığına görə sürücülük hüququ məhdudlaşdırılmış sürücülər vəsiqələrini geri ala bilərlər

Üç gün əvvəl yazmışdım ki, sürücülərin məsuliyyəti ilə bağlı bəzi yeniliklər məsuliyyəti yüngülləşdirdiyinə görə onların geriyə qüvvəsi var. Qüvvəsi geriyə şamil olunan ən maraqlı yenilik cərimə ballarının sayının artırılması ilə bağlıdır. Yazımda qanunvericiliyi təhlil edərək əsaslandırmışdım ki, 12 cərimə balı topladığına görə sürücülük hüququ hazırda məhdudlaşdırılmış olan bütün sürücülər bu tənbehdən azad olurlar. Yəni İXM-in 151.4-cü maddəsinə uyğun olaraq 12 və daha çox cərimə balı yığdığına görə sürücülük hüququ məhdudlaşdırılan sürücülərin barəsindəki məhdudiyyət dəyişiklik edən yeni qanunun qüvvəyə mindiyi gündən (27 may tarixindən) qüvvəsini itirmiş sayılır. Müvafiq DYP orqanına müraciət edərək bu məsələni qanuna uyğun qaydada rəsmiləşdirmək və vəsiqəni geri almaq olar.

Lakin gələn məlumatlardan belə çıxır ki, bəzi şəxslər, o cümlədən DYP rəsmiləri məsələnin belə olmadığını deyirlər. Ona görə də bu məsələyə bir də qayıdıram. Özü də bu dəfə minimal şərhlə. Xahiş edirəm hər kəs istinad etdiyim normaları təhlil edərək məsələni özü qiymətləndirsin. Bunun üçün hüquqşünas olmaq lazım deyil.

Beləliklə, mənim qənaətimin hüquqi əsası bunlardır.

1. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsi:  VII. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. 

2. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 87.2-ci maddəsi:  87.2. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir.

3. İXM-in 11.2-ci maddəsi: 11.2. İnzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ-hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qəbul edildiyi vaxtadək törədilmiş xətalara da şamil edilir. 

4. İXM-in 443.1-ci maddəsi: 443.1. İNZIBATI TƏNBEH TƏTBIQ ETMƏ HAQQINDA QƏRARIN icrasının təxirə salınması, möhlət verilməsi, dayandırılması və LƏĞV EDILMƏSI, habelə yetkinlik yaşına çatmayanların üzərinə qoyulmuş cərimənin onun valideynlərindən və ya onları əvəz edən şəxslərdən tutulması məsələlərinin baxılmasına əsaslar olduqda, həmin məsələlər qərar çıxarmış hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən üç gün müddətində baxılır.

5. İXM-in 446.1-ci maddəsi: 446.1. İnzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) aşağıdakı hallarda qərarın icrasına xitam verir:

446.1.1. inzibati xəta qanunvericiliyinin inzibati məsuliyyət müəyyən edən müvafiq müddəaları qüvvədən düşmüş hesab edildikdə; . . .  (qalan bəndlər bizim söhbətə aid deyil deyə vermirəm).

Bunları bir az şərh edək. Haqqında danışdığım yeniliyi edən, yəni İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edən 5 may 2014-cü il tarixli 952-IVQD nömrəli Qanunun 1-ci bəndində deyilir: 1. 28.3-cü maddədə “12” rəqəmləri “20” rəqəmləri ilə əvəz edilsin. Həmin Qanunun 4.2-ci bəndində deyilir: 4.2. 151.4-cü maddədə “12” rəqəmləri “20” rəqəmləri ilə, “bir ilədək müddətə” sözləri “altı ay müddətinə” sözləri ilə əvəz edilsin. 

Deməli, haqqında danışdığımız düzəlişin geriyə qüvvəsi var, çünki o vətəndaşın vəziyyətini iki istiqamətdə yaxşılaşdırır: a) sürücülük hüququnu məhdudlaşdırmağa səbəb olan balın sayını 12-dən 20-yə qaldırır; b) inzibati tənbehin həddi də azaldılır, yəni maksimum sayda cərimə balları yığıldıqda nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması müddəti 12 ayadək deyil, qəti olaraq 6 ay müəyyən edilir.

Hüquqdan və qanundan məlumatı olan hər kəs bilir ki, qnunun hər hansı normasının və ya müddəasının yeni redaksiyasının qüvvəyə minməsi avtomatik olaraq həmin normanın və ya müddəanın köhnə (əvvəlki) redaksiyasını qüvvədən salır. Deməli,  5 may 2014-cü il tarixli 952-IVQD nömrəli Qanun 27 may 2014-cü il tarixdən qüvvəyə minməklə İXM-in cərimə ballarının sayı ilə bağlı 28.3-cü və 151.4-cü maddələrinin əvvəlki müddəasını qüvvədən saldı. Qanunun geriyə qüvvəsi isə o deməkdir ki, yeni qüvvəyə minən norma və ya müddəa əvvəllər yaranmış münasibətlərə də şamil olunur. Əvvəllər yaranmış olan münasibət isə konkret sürücünün 1 il ərzində 12 cərimə balı yığması faktının doğurduğu münasibətlərdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsi və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 87.2-ci maddəsi deyir ki, yeni qüvvəyə minən qanun həmin münasibətlərə də şamil edilməlidir, özü də bunun qüvvəyə minmən yeni qanunda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq.

Yeni qanunun əvvəlki münasibətlərə şamil edilməsi o deməkdir ki, əvvəl yaranan münasibətlərə yeni qanunun müəyyən etdiyi müddəalar üzrə qiymət verilməlidir. Həmin yeni qanunu əvvəl yaranan münasibətlərə şamil etdikdə isə məlum olur ki, sürücü cəmi 12 bal toplayıb, deməli, onun vəsiqəsinin alınması üçün hələ 8 bal toplaması da lazımdır. Başqa sözlə, yeni qanun belə halda İXM-in 151.4-cü maddəsi üzrə nəzərdə tutulan tənbehin tətbiq oluna bilməsini mümkün saymır. Əgər belə tənbeh tətbiq olunubsa da, dərhal həmin tənbehin icrasına xitam verilməlidir. Xitamın proseduru isə İXM-in 443-cü və 446-cı maddələrinin istinad etdiyim müddəalarında, habelə 446.ci maddəsində göstərilir. Həmin maddədə deyilir: 446.2. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməsinə xitam verilməsi barədə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qərardad qəbul edilir.

Hörmətli oxucular, qeyd etdim ki, cərimə ballarının artırılmasına dair yeni qanun 1 il ərzində 12 cərimə balı yığdığına görə sürücülük hüququ məhdudlaşdırılmış olan sürücülərin vəziyyətini iki istiqamətdə yüngülləşdirir: 1. Yuxarıda təhlil etdiyim kimi belə sürücülər ümumiyyətlə həmin tənbehdən azad olunur; 2. Həmin tənbehin həddi də azaldılır, yəni əvvəlki redaksiyada maksimum sayda cərimə balları yığıldıqda nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması 12 ayadək nəzərdə tutulurdusa, yeni qanun bu müddəti qəti olaraq 6 ay müəyyən edir. Ona görə də hər bir halda bu yeniliyin geriyə qüvvəsi var və belə tənbeh tətbiq edilən sürücülər bundan tam qanuni olaraq yararlana bilərlər.

Səmimi şəkildə deyirəm ki, bu, mənim də ürəyimdən deyil, amma Konstitusiyamızın və qanunlarımızın qəti və birmənalı tələbi budur. Bunu da hər kəs icra etməlidir.

Düzdür, bəzən icra orqanlarında bu kimi hüquqi incəliklərin tətbiqində çətinliklər olur. Ona görə də öz vəsiqəsini geri almaq üçün İXM-in 151.4-cü maddəsi üzrə qərar çıxarmış DYP orqanına müraciət edən sürücü imtina cavabı aldıqda, məhkəməyə müraciət edərək qeyd etdiyimiz müddəanın tətbiqinə nail ola bilər.

 

Ərşad Hüseynov, 

hüquqşünas

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Yaşar Tağıyev Zəfər oğlu 10 Noyabr 2014 22:55
Mənim sür.vəsiqəmi 08.09.2013tarixdə 152.1.1maddəsilə alınıb. Saxta protokolla, həkim müayinəsindən keömədən məni cəzalandırıblar. 87man. əlillik təqaüdü ilə dolanıram. Ona görə məhkəməyə müraciət edə bilmirəm. onu da deyim, sür. bəsiqəni YPX maşınındakı post terminalda yoxladıqda heç bir pozuntunun olmadığı məlumoldu. Sizdən artıq dərəcədə xahiş edirəm, mənə kömək edəsiniz. Avtosfer.az Yashar bey,size ne komeklik lazimdir ki?