Xəstəlik mənbəyi olan nasaz kondisioner - Avtobuslardan niyə pis qoxu gəlir?

Yazarlar 25 İyun 2022 08:33 Oxunub 1826
Xəstəlik mənbəyi olan nasaz kondisioner - Avtobuslardan niyə pis qoxu gəlir?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu gün Avtosfer.az saytında kondisonerli dayanacaq haqqında xəbər yayıldı və çoxları bu hərəkəti təqdir etdi.
Bu tip dayanacaqlar təkcə sərnişinlər üçün nəzərdə tutulmur. İsti havada ürəyi sıxılan, gün vuran adamları da çox vaxt ilkin yardım kimi bura yerləşdirirlər. Bunu şəhərimizdəki yaxşı işlərdən biri hesab edirik. Bu öz yerində, biz keçək mətləbə.

Kondisioner barədə bir çox insanda mənfi fikir var. Bir çox insan iddia edir ki, bu avadanlıq xəstəlik mənbəyidir, insan səhhətinə zərər vurur. Hətta bahalı avtomobili olan insanların bəzən bu qurğudan istifadə etmədiyini görürük. Bəs bu dəlillər nə qədər əsaslıdır?
Əvvəla deyək ki, kondisionerin funksiyası mikroiqlim yaradaraq insanın normal iş fəaliyyətini təmin etməkdir. Saz kondisionerdən düzgün istifadə etdikdə heç bir problem yaranmır. Bu həmn evə aiddir, həm də avtomobilə.
Əslində avtomobil kondisionerinin iş prinsipi baxımından evdəki ilə fərqi yoxdur. Sadəcə olaraq avtomobil kondisioneri daha çox enerji tələb edir. Həm də daha çox qulluq. Fərdi avtomobildə bu çox hiss olunmasa da, avtobus və qatarlarda problem aktualdır. 
Bu mövzuya mövsümün əvvəlində toxunmaq istəsəm də araşdırma apara bilmədiyim üçün gecikmə oldu. Amma ötən gecə Ağdaşdan Bakıya qayıdarkən mindiyim avtobus (Mercedes O403) məni araşdırma əziyyətindən azad etdi. Qərb rayonlarının birindən gələn avtobusun salonuna Ləkidə daxil olanda kondisioner işləyirdi və salonda spesifik tər qarışıq bataqlıq qoxusu vardı. Bakıya çatanadək kondisionerin havası mənim allergeiyamı üzə çıxardı. Gözümə də konyuktivit saldı. Halbuki olmaya bilərdi. Səbəb də sadədir:
Kondisioner havanı qapalı dövr etdirdiyi üçün məkandakı bütün iy-qoxu özünə toplayır və bir müddət sonra buraxır. Evdə bu məsələ çox da aktual deyil – təzə mebel və s. alınması xaric. Avtobusda isə yüzlərlə insandan və yüklərdən gələn qoxular illərlə toplanır və sonda mənim başıma gələn hal ortaya çıxır. Bəs çarə varmı?
Əlbəttə var. İlk olaraq avtobusun salonu təmiz saxlanmalı, vaxtaşırı havaya verilməli və dezinfeksiya olunmalıdır. Bu işi müasir vasitələrlə görmək çox asandır. Kondisionerlərə periodik qulluq edilməli, radiator və filtrlər vaxtaşırı təmizlənməlidir. Mənim qarşıma çıxan əksər avtobuslarda filtrlərin yaşı avtobusun yaşı qədərdir. Bu da hava axınını tutaraq radiatorda kondensat yaranmasına səbəb olur və bakteriyalar üçün ideal məkana çevrilir. Üstəgəl, düzgün qulluq olunmadığı üçün şüşələr tərləyir. Rayonlara gedən avtobuslarda dəfələrlə sürücü köməkçisinin yol boyu şüşə sildiyinə də yəqin çoxları şahid olub. Nədənsə sürücülər kondisionerə qulluq əvəziyə özlərini inandırmağa çalışırlar ki bu hal texniki qüsurdur. 

Bəs başqa ölkələrdə necədir?
İstanbulun tramvayını çox sevsəm də təəssüf ki orda da oxşar mənzərədir. Yayda salon sərin olsa da, tramvayda xoşagəlməz qoxudan burun tutulur. Amma Strasburq, Cenevrə və Paris tramvaylarında, Almaniya, İsveçrə və Fransanın yüksək sürətli və regional qatarlarında belə hala rast gəlməmişik. Onlarda da sistemin qapalı olmasına rəğmən təmiz saxlandığı üçün rahat nəfəs almaq mümkündür.

 

Vüqar Yaşaroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh