Reklam

Xızır kimi...

Yazarlar 14 Noyabr 2018 12:59 Oxunub 1418
Xızır kimi...
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis mayoru Hafiz Təmirovun yazısı

Həyətimizin qarşısında, yolun kənarında iri gövdəli, hündür, “ağ” və “qara” tut ağacları var. Hər səhər, hər axşam onları salamlayıram. Biz illərin dostuyuq. Həm meyvələrini yemişəm, həm də yağışdan, küləkdən daldalanmışam. İndi qabıqları atamın əlləri kimi qabar bağlayıb. Ağac olanda nə olar, bir az diqqət etsək, bütün yaradılmışların bir-birinə bənzərliyini görərik...

Mənim bu ağaclarla tanışlığımın 30 yaşı var. 30 ildir simsarıq. Kim əkib, bilmirəm. Onu bilirəm ki, özündən sonra böyük bir xatirə qoyub gedib.

Gövdəsinə sevdiyi qızın adının baş hərfini  çizənlərə gücüm çatmasa da uzaqdan daş atardım. Sonra da ağacın “yaraları”nın üstünü palçıqlayardım.

Hərdən tut ağaclarının gövdəsinə “imza atan” o “uşaqları” görürəm. Qocalıblar. Bilirəm ki, bu ağacları görəndə xəcalətlərini gizlətməkdə çətinlik çəkirlər. Ağacları “bıçaqladıqlarına” peşmandırlar...

Bakının küləyinə daha güc gələ bilmirlər. Eləsi olur ki, ya kökündən qopub böyrü üstə qalır, ya da ki, çürüyən yerindən qırılıb düşür. Bu ağacları can üstə görmək çox ağır gəlir mənə. Elə bilirəm ki, doğulduğu torpağı arzulayıb can verə bilməyən nənəmi, babamı görürəm.

Torpaqdan yaradılanların ölümü çox ağır və dəhşətli olur. Ayrıla bilmir bu dünyadan-yenidən yarandığı torpağa qayıdacağını bilsə də. Həyat torpaqdan şirindi...

Yazqabağı yonulmuş heykəllərə bənzəyirlər. Onları görəndə elə bilirəm ki, mənim də yaddaşımı budayıblar. Canlarına günəş dəyəndə, ağrıları tumurcur-tumurcuq göyərəndə necə sevindiklərini hiss edirəm.

 

Tənha bir ağac var yol kənarında.

Üzündə, gözündə bıçaq izləri.

Qanına bulanan yarpaqlarında,

Donub deyəcəyi ürək sözləri.


 

Yaralı gözünü zilləyib göyə,

Kəsilmiş qoluna baxıb, ağlayır.

İçində nə çəkir görsünlər deyə,

Elə bil kökündən çıxıb, ağlayır.

 

Burnunun ucunda açardı çiçək,

Onda canı sulu, ruhu diriydi.

Kiçik bir budağı sığınacaqtək,

Kiminsə xəlvəti görüş yeriydi.

 

Ulduzlar qoynunda gecələyərdi,

İlişib qalardı ay yarpağına.

Küləklər növbəylə layla deyərdi,

Nəğmə göndərərdi pay yarpağına.

 

Nə vaxtsa əyninə geyinib qara,

Ölən yarpaqlara yas saxlayacaq.

Kim bilir, bəlkə də gələn bahara,

Köhnə yaraları qaysaqlayacaq.

 

Gəl, ay tənha ağac, dayanma naçar.

Bir gün göyərəcək içində ağrı.

Nə gözəl deyiblər “kötük babalar”!

Kiminin əvvəli, kimin axırı...

 

Heç yadımdan çıxmaz. Həmin ağacların başında kartonlardan özümüzə “yuva” düzəltmişdik. Səsimiz-küyümüz aləmi götürərdi. Yazıq quşları da perik salmışdıq budaqlarından. İndi o quşlar da azalıb, o ağaclar da. Quşları ağaclardan perik saldığımı hələ də özümə bağışlaya bilmirəm...

“Aşıq Qərib” dastanında belə bir epizod var: Aşıq Qərib Hələb səfərindən qayıdanda heç kim onu tanımır. Görür ki, anasının ağlamaqdan gözləri tutulub, bacısı da dərd içində saralıb-solub. Qərib gördüyü mənzərədən sarsılır, ürəyi tab gətirmir. Onda sazın zilini-zil, bəmini-bəm edib deyir:


 

Getdim Hələbdə oturdum,

Hökümlər yerinə yetirdim.

Ana, gözlərinə dərman gətirdim,

Ana, mən Qəribəm, Qərib...

 

Yəqin bilirsiniz, Xızır çatmışdı Qəribin dadına. Bizim xilaskarımızı, bizim “Xızır”ımızı, ulu öndərimizi 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu və baş katib Mixail Qorbaçov gözümçıxdıya salmışdılar, təkləmişdilər. Onun nüfuzu, siyasi təcrübəsi, liderliyi qorxutmuşdu düşmənlərini. Və beləcə bir millətin faciəsi başlamışdı o gündən, və beləcə qəriblərin sayı çoxalmışdı günbəgün.

Qəribin qəribliyini, sızıltısını bilmədən, hiss etmədən amma, atam kimi yanıqlı oxumuşdum bu parçanı ağacın başında. Onda hiss etdim ki, aşağıdan kimsə mənə baxır və gözlərini silir. Bir qadınıydı, için-için ağlayırdı. Məni çağırdı. Ağacdan düşüb yanına gəldim. Məni qucaqlayıb bağrına basdı. “Sənin, “qəribəm” deyən dilinə qurban, ay bala”,-deyib hönkürdü. Düz, 30 ildir o hönkürtü, o göz yaşları gözlərimin önündən getmir.

O qadını məktəbdə görəndə yenə məni bağrına basmışdı. Sonradan öyrəndim ki, Sevil müəllimə də ata-baba yurdundan qaçqın düşüb, o da 30 ildir ki, qərib ürəyi, qəribliyi ilə yaşayır.

Sevil müəllimə hər məni görəndə, hər o günü xatırlayıb  deyirdi ki, ağacların başında düzəltdiyin o yuvadan, o qərib havasından, o ayaqyalın, başaçıq günlərdən yazım, yazım ki, yaddan çıxmasın, unudulmasın, o qəriblərin mahnısı da...

Yaza bilmirdim. O yurda dönmək arzusu möhkəm bir əl kimi biləyimdən yapışıb məni bu kədəri yazmağa qoymurdu. İndi bildim bu sirri-40-a çatanda. Sarsılmayım, sınmayım deyə o “Gözəgörünməz” qələmə “Yazma” əmrini vermişdi. Elə indi də 30 il əvvəki tut ağaclarının dərdini yazıram, özümü ha yazmıram...

30 il keçib, Vətən, düz 30 il. Vətəndə Vətən həsrəti çəkən bir oğlunun, bir polisinin, bir əsgərinin, sənə qovuşmaq istəyən 10 minlərin, 100 minlərin gözü yolda, qulağı səsdə, könlü intizardadır...

Gəl Qələbəm, sən də Xızır kimi yetiş bu Qəriblərin dadına...

 

Hafiz Təmirov,

polis mayoru

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh