Xocahəsən stansiyası yerli sakinlərin həyatını dəyişəcəkmi? - İnkişaf və vaxta qənaət

Yazarlar 21 Oktyabr 2022 11:30 Oxunub 882
Xocahəsən stansiyası yerli sakinlərin həyatını dəyişəcəkmi? - İnkişaf və vaxta qənaət
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Mediada gedən xəbərlərdən belə məlum olur ki, Bakı metropoliteninin Xocahəsən stansiyasının açılması sadəcə olaraq zaman məsələsidir. Stansiyanın ilin sonunadək istismara verilməsi real görünür. Bəs bu stansiyanın açılması ilə sözügedən ərazidə yaşayanların həyatında hansı dəyişiklik olacaq?

Əvvəla, onu deyək ki, istənilən ölkədə yeni metro stansiyasının istismara verilməsi həmin ərazidə iqtisadi fəallığı artırır. Bu artıma paralel olaraq yeni işçi qüvvəsinə tələbat yüksəlir. Nəticə etibarı ilə yeni stansiya həm yerli əhalinin, həm də büdcə gəlirlərinin artımı anlamına gəlir. Elə stansiyanın tikintisi və istisamarı özü də böyük işçi qüvvəsi tələb edir.

Xocahəsən stansiyasının işə salınması isə əsasən infrastruktur layihəsi kimi başa düşülməlidir. Metro inşaatı Qarabağda hansısa kəndin bərpası ilə müqayisədə daha ağır, çətin və elmtutumlu işdir. Sadə dildə desək, bir stansiyanın inşaatına sərf edilən vaxt, əmək, material və maliyyə ilə bir neçə yeni yaşayış məntəqəsi salmaq mümkündür. Həm də daha qısa müddətdə.

Müqayisə üçün deyək ki, tikintisi daha gec başlayan, minaların sayı hesabı olmayan ərazidə yerləşən Füzuli və Zəngilan aeroportları artıq ilk təyyarələrini qəbul edib.

Yeni stansiyanın sakinlər üçün əhəmiyyətinə gəlincə: Xocahəsən, Xırdalan və Lökbatan əhalisinin işi yeni stansiya sayəsində asanlaşacaq. Metroya yaxın ərazidə yaşayanların şəhər mərkəzinə gəlmək üçün sərf etdikləri vaxt azı 30 dəqiqə azalacaq. Ən əsası ictimai nəqliyyatdan istifadə edənlər üçün tıxacda gözləmək problemi aradan qalxacaq, nəqliyyat xərci azalacaq.

Nəqliyyatın işi düzgün təşkil olunacağı təqdirdə bu stansiya 20 Yanvar dairəsi və Şamaxinkada sıxlığın azalmasına kömək ola bilər. Bu da Bakıətrafı qəsəbələrdən gələn bəzi marşrutların son dayanacağının 20 Yanvar stansiyasından Xocahəsənə köçürülməsi ilə mümkündür. Məsələn, Avtovağzal stansiyasından Lökbatan qəsəbəsinə işləyən 130 saylı marşrutun metrodan Xocahəsənə gedənədək sərf etdiyi vaxt ümumi vaxtın yarıdan çoxunu təşkil edir. Həm də bu məsafənin cəmi bir neçə kilometr olmasına rəğmən. Xocahəsən stansiyası açıldığı təqdirdə hər gün metroya gəlmək üçün bu marşrutdan istifadə edənlər elə burada düşərək vaxta qənaət edəcəklər. Avtobus isə Avtovağzala boş gələcək. Eynilə də Pirəkəşkül qəsəbəsinin sakinləri üçün də metronun əlçatanlığı artacaq.

Lakin hər bir işin müsbət tərəfi ilə yanaşı mənfi tərəfləri də var ki, bunlar da mütləq deyilməlidir. Əgər ilk gündən ərazidə avtobusların və taksilərin hərəkəti düzgün tənzimlənməsə, xaotik şəkildə ticarət obyektləri açılarsa o zaman yeni stansiyanın 20 Yanvarla ciddi fərqi olmayacaq. Ona görə də səliqə sahman, qayda qanun elə ilk gündən tətbiq edilməlidir. Xaos yarandıqdan sonra tədbir görməkdənsə elə ilk gündən onun yaranmasının qarşısını almaq daha məntiqli olar.

Hər bir halda yeni metro stansiyası irəliyə doğru addımdır.

 

Vüqar Yaşaroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh