Banner

Xristian missionerliyi dünya əhalisinin gündəlik həyatına təsir edir? – FİLOSOF VƏ ALİMDƏN TƏƏCCÜBLÜ FAKTLAR - ARAŞDIRMA

Yazarlar 14 Yanvar 2025 17:30 Oxunub 382
Xristian missionerliyi dünya əhalisinin gündəlik həyatına təsir edir? – FİLOSOF VƏ ALİMDƏN TƏƏCCÜBLÜ FAKTLAR - ARAŞDIRMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son illər Azərbaycanda, eləcə də dünyanın əksər ölkələrində ənənəyə çevrilən bir çox hərəkətlər var ki, həmin davranışların tarixinin hardan gəldiyi bir çox hallarda qeyri-müəyyənlik təşkil edir.

Məsələn, son 40-50 ildə ölkəmizdə qərb mədəniyyətinin bir hissəsi olaraq tortun üstünə şam qoyub arzu tutub, dua edib üfürərək söndürmək ənənəyə çevrilib. Bu davranışın mənbəyi ilə bağlı bir sıra versiyalar irəli sürülsə də ən uyğun gələn variant yenə də xristian dininin ainləri ilə bənzərlik təşkil etməsidir. Belə ki, mütəxəssislərin araşdırmalarına əsasən, qədim Bizansda kilsədə dua edən insanlar hər dəfə xaç önündə şam yandırır, arzusunu və duasını başa vurduqdan sonra bu şamı bir çox hallarda əllə, bəzən isə üfürərək söndürürdülər. belə bir hal başqa mədəniyyətlərin tarixində qeyd edilmədiyi üçün bu hadisənin məhz xristianlıqdan ənənə kimi yayıldığı mülahizələri irəli sürülür.

Digər tərəfdən bu gün dünyanın hər yerində baş verən ağır nəqliyyat qəzalarında, eləcə də vacib şəxslərin, şəhidlərin ölümü ilə bağlı təşkil edilən matəm günləri, anım mərasimlərində “bir dəqiqəlik sükut” məqamının hansı mədəniyyətdən, hansı tarixdən gəlməsi də sual doğuran məsələlərdəndir. Belə ki, bu yaxınlarda, ötən ilin dekabr ayının 26-sı Aktaudakı təyyarə qəzasında ölənləri anma ilə bağlı ölkə ərazisində saat 12:00-da ənənənin adından göründüyü kimi, bir dəqiqəlik sükut anı yaşandı. Lakin görüntülərdən də aydın olur ki, sükut anında bütün nəqliyyat vasitələri siqnal verir, sükutu pozurdu. Eyni hal Türkiyə Cümhuriyyətinin qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürkün öldüyü gün daha qabarıq formada yaşandı. Belə ki, həmin gün ölkə sahillərindəki gəmilərdən arasıkəsilməz səs siqnalından da istifadə edildi. Tarixçi və tədqiqatçılar bildirir ki, bu ənənə də xristian dininin ayinlərindən biri olsa da bu gün müsəlmanların çoxluq təşkil etdiyi ölkələrdə də həyata keçirilməkdədir. Belə ki, qədim Bizans dövlətində də kral və onun yaxınları, yaxud Papa və onun ətrafındakı digər müqəddəs şəxslər öldüyü zaman kilsələrdə müəyyən saatda dayanmadan zəng çalınırdı.

Məsələnin həm tarixi, həm də fəlsəfi tərəflərini öyrənmək üçün mütəxəssislərdən soruşduq.

AMEA-nın müxbir üzvü, alim Könül Bünyadzadə Avtosfer.az-a müsahibəsində deyib ki, şam yandırmaq ritualı ümumilikdə xristian dininin yaranmasından əvvələ təsadüf edir:

“Əvvəlcə onu deyim ki, qədim dövrdən son əsrə qədər ad günlərinin qeyd edilməsi prosesinə rast gəlinmir. Qədim dövrdə insanların doğum günlərinin xüsusi qeydiyyatı aparılmayıb. Yaxud həmin dövrdə insanların ad gününlərin xüsusi mərasimlərlə qeyd olunmurdu. Yəni həmin dövrdə doğulan insanların ad günü sənədləşdirilməyib.

Əvvəllər tanrıların ad günlərində xüsus tədbirlər təşkil edilir, mərasimlər zamanı onlar üçün atəşlər yandırılırdı. Bu mərasimlər əsasən müqəddəslərə aid keçirilirdi. Daha sonra bu cür ad günləri həmin müqəddəslərə yaxın olduğuna inanılan kahinlərin, kralların da doğum günləri qeyd olunmağa başladı.  Sadə xalqın doğum günləri qeyd olunmayıb heç vaxt. Heç bir tarixi əhəmiyyət daşımadığı düşünülən sadə insanların doğumu ilə bağlı əvvəllər qeydiyyat belə aparılmayıb.

Ad günləri zamanı şam yandırılmasına gəlincə, bu, qədim Şərqdə də mövcud olan ənənə idi. Şam yandırmaq o biri dünyada müqəddəsliyi düşünülən ruhlarla mənəvi yaxınlıqdan gələn ənənələrdən biridir. Şam yandırmaq xristanların ənənəsi deyil. Xristianlığın özündə belə ad günündə  tort üzərində şam yandırmaq ənənəsi son 100 ilin içərisində yaranıb. Bəs nəyə görə xristianlıq ənənələri daha çox yayılıb? Bunu bu dinin əsas fəaliyyət yönləri ilə əlaqələndirmək lazımdır. Xristianlıq İslamdan daha qədim dindir. Nəzərə alsaq ki, onların missionerləri bütün dünyaya yayılıblar və İslam dinindən daha əvvəl dünyaya nüfuz etmək imkanları olub, deyə bilərik ki, xalqlarla davranış qaydalarını daha yaxşı öyrənmiş ola bilərdilər”.

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun “Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi” şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərov saytımıza açıqlamasında deyib ki, dinlər və xalqların mədəniyyətləri arasında bir-birinə inteqrasiya məsələsi olduqca normal hadisədir:

“Tortun üzərinə şam qoyaraq yandırmaq, yaxud bir dəqiqəlik sükutla yad etmək əsasən yeni dövrlə əlaqələndirilir. Son 100 ildə qeyd olunmağa başlayan bu cür ənənələrin daha çox Qərbdən yayılması da təsadüfü deyil. Burada xristian dinindən yayılan tərəfləri ola bilər. Xristianlıq və bu din yaranmazdan əvvəl də, iudaizmdə, hətta qədim şumerlərin dövründə belə, demək olar ki, belə məsələlərə rast gəlmək olar. İslama bu cür ənənələrin yayılmasında səbəb məhz qədim şumer, Babil, iudaizm və digər mədəniyyətlərdə bənzər elementlərin olmasıdır. Belə ənənələrinin bizim kimi ölkələrə siraət etməsinin qarşısını böyük ölçüdə almaq mümkün deyil. Yalnız bu mövzularda maarifləndirmə işləri aparıldıqdan, bir çox məsələlər araşdırılıb gün işığına çıxarıldıqdan sonra insanlarla müəyyən təbliğat işləri görülərək qismən qarşısını almaq mümkündür”.

Səfər

ŞƏRH YAZ
Ad

E-mail

Şərh