Reklam

Yağış yağan kimi Bakı niyə iflic olur? - ARAŞDIRMA

Yazarlar 18 Oktyabr 2016 20:03 Oxunub 3225
Yağış yağan kimi Bakı niyə iflic olur? - ARAŞDIRMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda yağış sularının axıdılması üçün sistemlər yaradılmasa həmişə belə olacaq

Hər dəfə paytaxt Bakıya  yağış yağan kimi istər infrastruktur, istərsə də nəqliyyat sistemi iflic vəziyyətə düşür. A24.az xəbər verir ki, ötən gün ölkə ərazisinə yağan güclü yağış da, Bakının yağıntıya hazır olmadığını bir daha ortaya çıxardı. İllərdir paytaxtın infrastrukturu barədə pafoslu çıxışlar edən qurumların işini isə, elə bir gün yağan yağış yuyub apardı və vəziyyətin əvvəlkilərdən heç də, fərqlənmədiyi ortaya çıxdı. Nəticədə nəqliyyatın vəziyyəti iflic oldu, insanlar mənzil başına nəinki bir saat, hətta 4-5 saat gecikdilər, avtobus nəqliyyatı isə əksər ərazilərdə ümumiyyətlə insanların köməyinə çata bilmədi. Şəhərdə toplanan suları aradan qaldırmaq üçün nəzərdə tutulan kanalizasiya sistemi isə əksinə olaraq elə şəhərin özünə fontan vurdu. Nəticədə hər tərəfi su basdı, evlər və maşınlara su doldu, vətəndaşlara ciddi maddi ziyan dəydi. Hər yağış yağdıqdan sonra şəhərin bərbad hala düşməsi fonunda şəhər sakinlərini düşündürən bir neçə sual ortaya çıxır: Şəhərin bu vəziyyətə düşməsinə səbəb nədir? Aidiyyatı qurumlar nə iş görürlər yaxud niyə heç bir iş görmürlər?. Axı bu dəfələrlə təkrarlanan bir prosesdir...

Öncə yağışın davam edib, şəhərdə hərəkəti məhdudlaşdırdığı bir vaxtda Azərsu ASC-dən gələn bir açıqlamaya diqqət edək. Qurumun mətbuat katibi Anar Cəbrayıllı açıqlama verərək bildirdi ki, yağış sularının toplanması kanalizasiya problemləri ilə bağlı deyil. “Kanalizasiya xəttində problem olsaydı, iki gün əvvəl də su yığılardı. Xətlər işlək vəziyyətdədir. Sadəcə intensiv yağıntılar zamanı yağış suları kanalizasiya xətlərinə daxil olur. Ona görə də xətlər çatdırmır. Böyük ərazilərdə kanalizasiya quyularında qaynama baş verə bilər. Bu isə suyun çoxluğundan olur. Xırdalan, Binəqədi, Zığdakı kanalizasiya stansiyalarımız gücləndirilmiş rejimdə çalışır. Yağış dayanandan yarım, bir saat sonra küçələrdə yağış sularından bir damcı da qalmayacaq”.

A.Cəbrayıllı bildirib ki, yağış sularının yığılmamasının köklü həlli Bakı şəhərində yağış sularının axıdılması üçün sistemlərin yaradılmasıdır. “Bakı şəhərinin 12 faiz küçə və prospektlərində yağış suları barmaqlıları var. Bu barmaqlıların böyük əksəriyyəti kanalizasiya xətlərinə qoşulur. Bakının ətrafında kifayət qədər göllər və Xəzər dənizi var. Yağış suları ayrıca çəkilib, göllərə, Xəzər dənizinə axıdılsa, təmizlənməyə ehtiyac olmaz. Yağış suları təmiz sulardır. Lakin yağış suları tullantı sularına qarışır və məcburən Hövsana yönəldirik və yenidən təmizlənir. Yağış sularının axıdılması üçün sistemin yaradılması yol infrastrukturu ilə birgə aparılmalıdır”.

Anar Cəbrayıllı

Anar Cəbrayıllının səsləndirdiyi fikirlərdən hər şey aydındır. Belə olan halda sual ortaya çıxır: Problemin həlli məlumdursa niyə məsələ həll edilmir? Sadə vətəndaşın günahı nədir ki, saatlarla tıxacda gözləyir, evinə saatlarla gecikir?.

Şəhər meriyasi isə hər zamanki kimi susqunluğunu qoruyur.

Məsələ ilə bağlı A24.Az-a açıqlama verən millət vəkili Vahid Əhmədov bildirdi ki, elə bu problemlərdən dolayı hər zaman bir fikir səslənir ki, “Bakıya yağış yaraşmır”. Çünki şəhərə yağış yağan kimi ortaya müəyyən problemlər çıxır.

“Şəhəri su basır, tıxac yaranır və s. Bütün bu problemlər kanalizasiya sistemi ilə əlaqədardır. Çünki həmin sistem faktiki suyu çatdırıb uzaqlaşdıra bilmir. Onu da qeyd etməliyəm ki, müəyyən qurumlar problemin qarşısını almaq üçün müəyyən işlər görməyə çalışırlar. Bunun nəticəsində də, problemin qarşısı qismən alınıb. Əvvəlki illərə nisbətdə müəyyən irəliləyiş qeydə alınıb”.

Deputat bildirdi ki, bu problemin qarşısını almaq üçün Bakı şəhərində olan bütün qurumlar çalışmalıdır:

“Hər qurum öz ürərinə düşən işi dərk etməli və ani yarana biləcək problemin həllinin tapılmasına dəstək göstərməlidir. Müəyyən yerlərdə sistem hələ də, düzgün işləmir. İcra orqanları buna ciddi nəzarət etməlidir. Düzdür, müəyyən işlər görülüb ancaq bu işlərin yekunlaşması üçün hələ bir neçə il də, vaxt lazımdır. Ancaq hər bir qurum çalışmalıdır ki, bu işlər mümkün qədər qısa zamanda yekunlaşsın. Bu məsələləri də, şəhər rəhbərliyi qaldırmalı, həllinə nəzarət etməlidir. Əlbəttə, bu işə bir nömrəli şəhər meriyası nəzər etməlidir”.

Vahid Əhmədov

 

Vahid Əhmədov yağıntılar nəticəsində yollarda tıxaclar yaranan zaman yol polisinin ərazidə görünməməsinə də münasibət bildirib: “Polis hər yolda yaranan tıxaca görə, həmin ərazidə peyda olmamalıdır axı. Mənə elə gəlir ki, bu iş üçün yerli icra hakimiyyəti orqanları da var. Onlar bu məsələlərdə ciddi fəallıq göstərməlidirlər. Polis sistemi son illərdə bu məsələyə daha ciddi yanaşır və faktiki bu işlərlə məşğuldur”.

14670652_10205642021728599_2475132584303834462_n_489-768x432

ŞƏRH YAZ
Ad

E-mail

Şərh