Banner

Yağış yağanda yollarda görüntü niyə məhdudlaşır? - SİRR AÇILDI

Yazarlar 17 Mart 2015 23:26 Oxunub 2696
Yağış yağanda yollarda görüntü niyə məhdudlaşır? - SİRR AÇILDI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Asfaltın tərkibinə işıqqaytırıcı maddələrin vurulmaması ağır qəzalara səbəb olur

 

Ərşad Hüseynov: «Demək ya mütəxəsislər yoxdur, ya da bunu etmək istəmirlər»

 

Martın 7 və 8 tarixlərində havaların dumanlı və yağmurlu keçməsi baş verən qəzaların sayını artırıb. Bunun səbəblərindən biri kimi gecə saatlarında yollarda görüntünün məhdud olması göstərilir. Bir tərəfdən isə dumanlı hava şəraiti görmə sahəsini məhdudlaşdırır. Yollarda müvafiq işarələnmənin olmaması təhlükəni daha da artırır. Son zamanlar yollarımızda asfalt dəyişdikcə qaranlıqda yağış yağan kimi görüntü də məhdudlaşır. Vətəndaşlarımızın da əksəriyyəti tünd rəngli geyimlərə meylli oluduğu üçün sürücülər əməlli-başlı əziyyət çəkirlər. Bilmirlər, sükanı idarə etsinlər, yoxsa yoldan piyada keçib-keçmədiyinə baxsınlar. Bu azmış kimi, yol nişanlarının və nişanlanma xətlərinin də olmaması vəziyyəti daha da çətinləşdirir. Bəzən bu halda sürücü iki metr irəlini görə bilmir. Bəzi sürücülər zənn edir ki, maşının faraları işləmir. Lakin işıqları söndürüb yandırdıqda məlum olur ki, işıqlar yanır, sadəcə asfaltın tərkibində işıqqaytarıcı olmadığı üçün effekt olmur və yol zülmətə çevrilir. Bu halda, əlbəttə, piyadavurmalar, avtomobilin yoldan çıxıb aşması kimi hadisələr çoxalır. 

Məsələyə münasibət bildirən əməkdar memar Emil Axundov Azərbaycanda tikilən yolların əksəriyyətinin standartlara uyğun olmadığı qənaətindədir: «Yol layihələrinin necə hazırlanmasının özü bir araşdırma mövzusudur. Amma çox vaxt yollar heç də hazırlanan layihələrə uyğun tikilmir. Ona görə də bir ildən sonra təmir etmək məcburiyyətində qalırlar. Xaricdə belə layihələr hazırlanarkən mütəxəsisilərin və ictimayyətin rəyi nəzərə alınır. Digər tərəfdən yolların çəkilişi zamanı kompleks yanaşma olmalıdır. Asfaltın çəkilişindən tutmuş, yol nişanlarınadək hər şey incəliyinə qədər nəzərə alınmalıdır. Amma Azərbaycanda bunu görmürük». 

Ekspert Ərşad Hüseynov deyir ki, baş verən qəzaların əsas səbəblərindən biri yüksək sürətdir: «İstirahət günlərində yolların nisbətən boş olması səbəbindən bir çox sürücülər də sürət həddini aşırlar. Bu da göstərir ki, bizdə hələ də əksər sürücülərin yol hərəkəti təhlükəsizliyi ilə bağlı düşüncələri normal səviyyədə deyil. Xüsusən, paytaxt yollarında bunun şahidi oluruq. Baş verən qəzaların digər səbəbi isə yollarda yol nişanlarının olmaması ilə bağlıdır. Bir çox yollar son illər yenidən çəkilib, yaxud da əsaslı təmir olunsa da, yol nişanları qurulmayıb. Bu da dumanlı havalarda, gecə saatlarında qəzaların sayını artırır. Belə ki, dumanlı havalarda görmə həddi məhdudlaşır və müvafiq yol nişanları olmayanda qəza qaçılmaz olur».  

Ekspertin sözlərinə görə, yol nişanların quraşdırılması elə də böyük vəsait tələb etmir: «Hazırda respublikamızda 1 kilometr yolun çəkilməsinə çəkilən xərclə bütün yollarda yol nişanları quraşdırmaq olar. Həmçinin, standartlara görə yollar 1.1 nişanı ilə işarələnməlidir. Bu nişan əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir. Yolun nişanmasında isə istifadə edilən boyanın tərkibinə bir sıra maddələr, o cümlədən şüşə qırıntıları qatılır. Nəticədə həmin xətlər işığı qaytarma xüsusiyyətinə də malik olur. İşıq birbaşa həmin xətlərin üzərinə düşmürsə də, yollar dumanlı və qaranlıq havalarda da aydın görünür. Amma hazırda həmin yollarda yol nişanları olmadığından baş verən qəzaların sayı da artır». 

Ekspert yolların bəzən standartlara uyğun tikilmədiyini də deyir: «Yollar tikilərkən bütün mərhələlərdə sınaqdan keçirilməlidir. Bunun üçün respublikamızda da bütün texnika var. Amma bu gün yollar bu standartlara uyğun çəkilmirsə, demək ya mütəxəsis yoxdur, ya da bunu etmək istəmirlər».

 

 

Ucnoqta.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh