Reklam

Yağışlı havalarda qəza törətməmək üçün nə etmək lazımdır? - MÜTƏXƏSSİS RƏYİ

Yazarlar 17 Oktyabr 2016 16:15 Oxunub 2638
Yağışlı havalarda qəza törətməmək üçün nə etmək lazımdır? - MÜTƏXƏSSİS RƏYİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Sürücülər avtomobilin texniki pasportuna baxmalı və ya texniki servisdən soruşmalıdırlar”

“Avtomobil sürücüləri el arasında danışılan, çox zaman yanlış məsləhətlərə əməl edərək qəza törədirlər. Ancaq qanunvericiliyin tələbləri, qaydalara nəzər salsalar, daha çox maariflənərlər və qəza halları azalar”. Bunu SİA-ya açıqlamasında Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı deyib. O qeyd edib ki, yağışlı və qarlı havalarda sürücülər yol hərəkəti və təhlükəsizlik qaydalarına ciddi əməl etmədiklərinə görə qəza hadisələri baş verir: “Hazırda ölkəmizdə yağışlı hava davam edir. Sürücülərimiz hava şəraitinə uyğun olan təhlükəsizlik qaydalarına əməl etmədiklərinə görə yol-nəqliyyat hadisələri baş verir. Məsələn, şaxtalı və qarlı havalarda bir çox sürücülər avtomobilin təkərlərinin havasını azaldırlar. Hava azalanda isə avtomobilin təkərlərinin orta hissəsi daha yumşaq olduğuna görə asfalta yapışmır. Bu zaman həm təkərlərin kənar hissələri tez sıradan çıxır, həm də əyləci sıxan zaman və sərt manevrlərdə sürtünmə azaldığına görə sürüşmə baş verir və qəza törənir. Hər bir avtomobilin təkərlərinin havası müəyyən olunmuş atmosferdə olmalıdır.  Bəzi sürücülər elə qəbul edirlər ki, bütün avtomobillərin təkərlərində hava 2 atmosfer olmalıdır. Ancaq bu, düzgün yanaşma deyil. Sürücülər bunu dəqiqləşdirmək üçün avtomobilin texniki pasportuna baxmalı və ya texniki servisdən soruşmalıdırlar”.

Baş redaktor bildirib ki, yağışlı və qarlı havalarda sürücülər sürət həddinə də diqqət etməlidirlər: “Vacib deyil ki, yağışlı və qarşı havalarda avtomobil yol nişanlarında vurulan sürətlə sürülsün. Yol Hərəkəti Haqqında Qanunda açıq şəkildə yazılıb ki, sürücü meteroloji şəraitə uyğun sürət seçməlidir. Elə yollar var ki, ora 100, 70, 60 və s. sürət həddi bildirən nişan qoyulub, ancaq hava şəraiti bu sürətlə getməyə imkan vermir. Yağışlı havada əyləc məsafəsi uzanır. 60 km/saat sürətlə gedən avtomobil əyləc sıxılarkən quru asfaltda 10 metr sürüşürsə, yaş asfaltda ən azı 20 metr sürüşür. Yola çıxan piyadanı vurmamaq, qarşıdakı avtomobilə və maneələrə çırpılmamaq üçün sürəti aşağı salmaq lazımdır. Çox yaxşı haldır ki, elektron tablolarda sürət həddi dərhal aşağı salına bilir. Ancaq bəzi yerlərdə yol nişanları dirəklərdən asıldığına görə, sürücülər özləri hava şəraitinə uyğun sürəti müəyyənləşdirməlidirlər”.

E.Muradlı avtomobilin işıq cihazlarından düzgün istifadə qaydalarının vacibliyini də vurğulayıb: “Rayonlarımıza gedən və gələn sürücülər daha da diqqətli olmalıdır. Magistral yollarda bəzi yerlərdə qatı duman çökür. Qanunvericiliyə görə, qarşıda 30 metr məsafə görünmürsə, məhdud görünmə şəraiti sayılır və bu zaman duman işıqlarından istifadə etmək lazımdır. Bəzi sürücülər yollarda işıq qaytarıcılar olmadığına görə, görüntünün tündləşməsi səbəbindən daima uzaq işıqlardan istifadə edirlər. Bu isə qayda pozuntusudur, qanunvericilikdə 30 manat cərimə nəzərədə tutulur. Ksenon lampalar və uzaq işıqlar qarşıdan gələn nəqliyyat vasitəsinin sürücüsünün gözünə düşür və o, yolu görmədiyinə görə qəza baş verir. Qanunverciliyə görə, qarşıdan gələn nəqliyyat vasitəsinə 150 metr qalmış uzaq işıqları söndürüb, yaxın işıqlara keçmək lazımdır”.

Baş redaktor sürücülərin həm özlərinə, həm də digərlərinə xəsarət yetirməməsi, ziyan vurmaması üçün mütləq yol hərəkət qaydalarına əməl etməli olduqlarını söyləyib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh