Banner

Yanacaqdaşıyan avtomobil qəzaları: çarəsi varmı?

Yazarlar 4 Yanvar 2023 17:00 Oxunub 1156
Yanacaqdaşıyan avtomobil qəzaları: çarəsi varmı?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yeni ilin ilk günlərində daha bir ağır nəqliyyat qəzası ilə rastlaşdıq. Yanacaqdaşıyan avtomobilin qəzası zamanı 1 nəfər həlk oldu, bir neçə avtomobil yandı, hadisə yerində isə ekoloji fəlakət baş verdi. 

Avtosfer.az xəbər verir ki, polisin və FHN-in çevik və peşəkar müdaxiləsi faciənin miqyasını artmağa qoymadı. Bu öz yerində. Bəs belə halların təkrarlanmaması üçün nə etmək olar? Axı birinci hadisə deyil?   Bir neçə il əvvəl  Bibi Heybət Məscidi yaxınlığında baş verən qəzada yanğın avtomobili və yol örtüyünü sıradan çıxarmışdı. Qəzaya görə bakının cənub girişi də bağlanmışdı. 

Azərbaycanda ekspertlərin çox vaxt sükutla keçdiyi bir məqam var. Söhbət respublika yollarında yüklənmənin çoxluğundan gedir. Bakı-Qazax yolunda yük avtomobillərinin sayı minik avtomobillərini az qala üstələyir. Bakı-Quba yolunda isə adama elə gəlir ki bu ölkənin avtomobil parkı yük maşını və mikroavtobuslardan ibarətdir. Bu da bir çox cəhətdən təhlükəlidir: yollar dağılır, qəza riski artır, ekologiya pozulur və s. Bəs bunun çarəsi nədir?

Ağır və təhlükəli yüklərin daşınması üçün ən etibarlı nəqliyyat qatardır. Ölkədə müstəqillik dövründə az sayda olsa da qatar qəzası baş verib. Lakin qayda pozan sürücüləri nəzərə almaasaq bu qəzalarda ciddi insan tələfatı olmayıb. Neft daşıyan vaqonlar gecə-gündüz xətdə olsalar da, kütləvi tələfat və ekoloji fəlakətlə nəticələnən qəza qeydə alınmayıb. 

Əgər sovet dövründəki rayonlararası neft bazaları bərpa edilərsə Bakıdan müxtəlif istiqamətlərə yanacaq daşıyan avtomobillərin sayı minimuma enər. Heç kimin Bakıdan Qəbələyə, Şəkiyə və ya Qazağa avtosisternlə neft məhsulları daşımasına ehtiyac qalmaz. Bununla da böyük bir təhlükəni aradan qaldırmış olarıq. Bu həm də yanacaqdoldurma məntəqələrinin xərcini azaldar.  Nəzərə alaq ki, avtomobillər yanacaq daşımaq üçün Bakıdan keçir. Ani bir xəta böyük faciəyə səbəb ola bilər. Yay mövsümündə isə təhlükə daha da artır. 

Xoş olmasa belə bir tarixi məqamı xatırladaq. Bu gün Türkiyədə təxminən 1.2 milyon yük avtomobili var. Bu da Almaniya və Fransadakı ağırtonajlı avtomobillərin ümumi sayından çoxdur. Eyni hal avtobuslara da aiddir. Bəs bu göstərici ilə fəxr etmək olarmı?
Əsla! Türkiyədə Atatürkdən sonra gələn hökumətlər dəmir yolunu yaddan çıxardıqları üçün əsas yük avtomobil yollarına düşdü. Bu da gündəlik qəza və ziyanı qaçılmaz edir.  Xüsusən də bayram günlərində. 
Yaxın illərdə ölkəmizin yollarında hərəkətin daha intensiv olacağını nəzərə alaraq indidən tədbir görülməlidir.

Vüqar Yaşaroğlu 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh