Yanacaqdoldurma məntəqələrində min cür fırıldaq - ŞOK FAKTLAR
Son vaxtlar Bakıda avtomobil sürücüləri yanacağın- benzinin keyfiyyətindən şikayətlənirlər. Maşın sahibləri deyirlər ki, yanacaqdoldurma məntəqələrində (YDM) həm də aldadılırlar. YDM-lər ödənilən pulun müqabilində maşına az yanacaq vururlar - 1-1,5-2 litr kəsirlər. Bundan əlavə, yanacaq satan şirkətlərin digər yollara əl atdığı da deyilir. Sürücülərin sözlərinə görə, xüsusilə son aylar benzinin tərkibindəki oktanın faizini qəsdən aşağı salıblar ki, alınan yanacaq daha tez sərf olunsun. Nəticədə aldıqları yanacağa görə nəzərdə tutulan məsafəni qət edə bilməyən maşın sahibləri tez-tez yanacaqdoldurma məntəqələrinə yan almalı olurlar. “Aldığımız benzin sanki havaya uçur” deyən sürücülərin şikayətlərinə YDM-lərdə qulaq asan yoxdur.
Qeyd edək ki, Standartlaşdırma, Metrologiya, Patent üzrə Dövlət Komitəsi də vaxtaşırı yanacağın keyfiyyəti, YDM-lərdə aldadılma ilə bağlı tez-tez şikayətlər aldığını bəyan edib. Adı çəkilən Dövlət Komitəsinin sədri Ramiz Həsənov bir müddət öncə bununla bağlı mediaya açıqlamasında deyib: "Siz bilirsiniz ki, bizdə yanacaq bir yerdən satışa çıxarılır. Yəni, neft bazası bir dənədir. Ona görə, keyfiyyət eyni olmalıdır. Ancaq hansısa "iş adamı" keyfiyyəti dəyişirsə, benzinin tərkibinə nə isə qatırsa, bu, başqa məsələdir. Həmin "iş adamı" cinayət məsuliyyəti daşıyır. Bizə adətən keyfiyyət yox, kəmiyyətlə bağlı şikayətlər gəlir. Şikayətçilər deyir ki, yanacaqdoldurma məntəqələrində yanacaq az vurulur və sair. Biz mütəmadi olaraq yoxlama aparırıq. Standarta uyğun olaraq yanacaqdoldurma məntəqələrində avadanlıqlar 3 aydan bir mütləq yoxlanılmalıdır. Bəzən görürsünüz ki, məntəqədə çalışanlar özləri müdaxilə edirlər... Üstəlik, sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması ilə bağlı ölkə başçısının verdiyi tapşırıqdan sui-istifadə edənlər də var. Bundan başqa, yanacaqdoldurma məntəqələrində bizim qoyduğumuz möhürləri qırırlar. Möhürləri qırmaq olmaz və mən bu barədə dəfələrlə demişəm. Artıq biz bir neçə bu cür hadisə ilə bağlı prokurorluğa məlumat vermişik və bu barədə cinayət işi qaldırılıb”.
Göründüyü kimi, Dövlət Komitəsinin tələblərinə əhəmiyyət verməyən YDM-lərdən hər şey gözlənilir...
“Avtosfer.az” saytının baş redaktoru Elməddin Muradlı deyir ki, benzinin keyfiyyəti zaman-zaman gündəmə gələn aktual məsələdir. “Həqiqətən də Azərbaycanda benzinin keyfiyyəti ilə bağlı ciddi problemlər var. Hətta ən tanınmış brend yanacaqdoldurma məntəqələrinin belə, adı müxtəlif zamanlarda bu cür qalmaqallarda hallandırılır. Keyfiyyət problemi ilə yanaşı, həm də avtomobilin çəninə yanacağın az vurulması məsələsi də var. Əksər yanacaqdoldurma məntəqələrində yanacağın keyfiyyəti bir başqa, benzinin kəsilməsi isə başqa bir problemdir. Hər 10 litrə 1 litr kəsmək artıq ənənə halını alıb. Buna əvvəllər Energetika Nazirliyi nəzarət edirdi, reydlər keçirirdi, açıqlamalar verirdi. Amam indi demək olar ki, bu problemə heç bir nəzarət yoxdur. Standartlaşdırma, Metrologiya, Patent üzrə Dövlət Komitəsinin ildə 1-2 dəfə yoxlama keçirməsi də bəlli deyil. Bunun fonunda baxırıq ki, yanacaqdoldurma məntəqələrində yanacaq sayğacda göstəriləndən az satılır. Elə YDM var insaflıdır,10 litrə yarım litr kəsir, bəziləri 1 litr, bəzi insafsızlar isə hər 10 litrə 2 litr kəsir. Bu cür biabırçı mənzərələr zamanla müşahidə edilir. Mən Bayıl qəsəbəsindən Sumqayıta kimi yerləşən yanacaqdoldurma məntəqələrinin fərqli işlədiyinin şahidiyəm. Keyfiyyət məsələsində SOCAR açıqlama verdi ki, “biz yanacağı standartlara uyğun qaydada YDM-lərə satırıq, yanacağa YDM-lər özləri müdaxilə edərək müəyyən qatqılar əlavə edirlər”.
Yəni zavoddan keyfiyyətli benzini alırlar, daha sonra öz bildikləri kimi əlavələr etməyə başlayırlar. Hər YDM-nın öz qanunları var, özləri müəyyənləşdirirlər ki, yanacağa nə qədər qaz qatılmalıdır, başqa qatqı nə qədər qatılmalıdır və yaxud da 10 litrin neçə litri kəsiləcək. Belə haram yolla sürücülərin cibini soyurlar, buna ciddi dövlət nəzarəti olmalıdır. Təsəvvür edin ki, mənim hər ay 20 manatımı YDM-lar oğurlayır. Bu kifayət qədər böyük məbləğdir. Ölkədə sürücü tək mən deyiləm, Azərbaycanda 1 milyon 300 min avtomobil var. Bu avtomobillərin problemli olanların, qarajda qalanlarını çıxsaq, 1 milyona yaxın avtomobil istismar olunur. Ay ərzində hər sürücüdən 20 manat pul 20 milyon manat edir, bu isə açıq-aşkar qarət deməkdir. Dəfələrlə sürücülər buna etiraz edib, sübut edirlər ki, YDM-ə gələndə avtomobilin çənində ən azı 5 litr yanacaq göstərirdi, avtomobilin benzin çəni də 60 litr tutur. Çəni tam doldurur və 70 litr benzin vurulduğu bildirilir. Axı bu necə ola bilər?.. 60 litrlik yanacaq çəninə necə ola bilər ki, 70 litr yanacaq doldurulsun? Tutaq ki, bunu “Mercedes” markalı avtomobil istehsal edən zavoda desən, bəlkə də “Mercedes”i buraxan adamın ürəyi partlayıb ölər, bax belə dəhşətli vəziyyətdir. YDM-də operator adamın üzünə dirənir ki, “sənin maşınına 70 litr vurmuşam”. Açıq-aşkar soyğun gedir, sürücülər buna öyrəşib. Kimin savadı, zamanı varsa mübahisə edir.
Yanacaqdoldurma məntəqələrinin sürücüləri aldatdığını sübut etmək üçün onlardan 10 litrlik qaba benzin doldurmalarını istəsək, razı olmayacaqlar, deyəcəklər ancaq 2 litrdən artıq yanacaq doldurmağa icazə verilmir. Niyə? Çünki 2 litrdə fərq çox da hiss olunmur, amma 10 litrdə tam olaraq hiss ediləcək. İstənilən dövlət qurumu, Energetika Nazirliyi, Standartlaşdırma Komitəsi əgər bunu yoxlasa və cavab versə ki, standartlara uyğundur, o zaman kanistrlə onların yanında yanacaq alsaq, hər şey aşkar şəkildə görüləcək. Buna qarşı bir iradə olmalıdır, ciddi nəzarət olmalıdır. Mən axırıncı dəfə Energetika Nazirliyinin YDM-lərlə bağlı yaydığı məlumatı 3 il bundan qabaq oxumuşam. O da, mətbuatda hay-küy salınmışdı, məsələ qaldırılmışdı, gedib reyd keçirdilər və dedilər ki, 3 YDM-də qanunsuz hal aşkarlanıb. Azərbaycanda normal işləyən YDM varsa, adam buna təəccüblənir, anormalı hamı bilir. Bütün YDM-lərdə vəziyyət eynidir”.
Avtomobil məsələləri üzrə ixtisaslaşmış hüquqşünas Ərşad Hüseynov da yanacaqdoldurma məntəqələrində müəyyən problemlərin olduğunu deyir: “Müşahidə aparmışam ki, YDM-lər arasında fərqlər var. Bu fərqlər yancağın miqdarı ilə bağlıdır. Yanacağın satışında, miqdarında bizləri aldadırlar. Standartlaşdırma və Meteorologiya və Patent üzrə Dövlət Komitəsi YDM-lərin standartını həyata keçirir, amma son vaxtlar açıqlama veriblər ki, yoxlamaya gedə bilmədikləri üçün nöqsanlar artıb. Bundan əlavə də müxtəlif YDM-lərdə yanacağın daşınması və saxlanması şərtləri var, ona yanaşmalar müxtəlifdir. Daşınma belədir ki, gərək bir oktanlı benzini başqa oktanlı benzinlə qarşıdırılmasın. Yanacaq daşıyan avtomobili tam yuyub təmizlədikdən sonra başqa oktanlı yancaq tökmək olar. Yanacaq doldurulan çənlərin təmizliyi də çox vacib məsələdir. Benzinin saxlanma müddətinin də önəmi var, qaldıqca keyfiyyətini itirir. Ona görə, hansı YDM çox benzin satırsa, onun benzini daha keyfiyyətli olur”.