Yanan maşın bazarında “icarə haqqı yanğını” - Qiymət qalxdı

Yazarlar 16 Noyabr 2016 12:30 Oxunub 2580
Yanan maşın bazarında “icarə haqqı yanğını” - Qiymət qalxdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bazarda bəzi obyektlər boş qalıb; səbəb icarə haqqının 30-40 faiz bahalaşmasıdır 

Xətai rayonundakı “maşın bazarı” kimi tanınan ərazidə baş verən yanğından 4 ay ötür. Bu müddət ərzində yanan obyektlərin tikintisi tam olaraq yekunlaşmadığından sahibkarlar  yerləşməyib. Aylardır ki, 40 nəfərə yaxın sahibkar işsiz qalıb. Qeyd edək ki, yanğın zamanı onlarla sahibkara külli miqdarda zərər dəyib və zərərçəkmişlər  sığortalanmadığından kompensasiya ala bilməyiblər. Avtosfer.az xəbər verir ki, bu barədə musavat.com-un müxbiri son durumla bağlı “maşın bazarı”nda olub və sahibkarların problemlərini dinləyib. 

Yanan obyektlərin tikintisi  demək olar ki, başa çatıb, lakin bəzi tamamlanma işləri davam edir. Təəccüblü məqam odur ki, artıq istifadəyə verilən obyektlərdə satıcılar  gözə dəymir. 

Ətrafdakı satıcıların dediyinə görə, sahibkarların yenidən obyektlərə qayıtmamasının səbəbi icarə haqlarının əvvəlkindən təxminən 40 faiz baha olmasıdır: “Yanan obyektlərin yerində yenisini tiksələr də, çatışmazlıqlar çoxdur. Məsələn, əvvəl obyektin hündürlüyü çox idi, indi isə hörgü alçaqdan aparıldığından sahibkarlar mallarının yarısını güclə yığa biliblər.  Obyektləri alçaq tikiblər ki, xərci çox çıxmasın. Satıcılar mallarını çölə yığmağa çalışırlar, lakin buna icazə verilmir. Bazar rəhbərliyi söz vermişdi ki, yanan obyektlərdə standartlara uyğun şəkildə təmir aparıb, zərərçəkmişlərə qaytaracaq. Ancaq bu gün görürük ki, hamısı yalandır. Obyektlərin içərisinə qara suvaq belə vurmadılar. İcarə haqları isə yenidən bahalaşdı. Satıcılar obyektləri öz vəsaitləri hesabına təmir etdirib, qapı-pəncərə qoyurlar”.

Avtomobil ehtiyat hissələri satışı üzrə ən böyük bazar hesab olunan “maşın bazar”ı minlərlə ailənin qazanc yeridir. 90-cı illərdən bəri ən “xodovoy” yer hesab olunsa da, son illər zəifləyib. Bunun bir səbəbi dolların bahalaşması ilə bağlıdırsa, digər səbəb bazardakı obyektlərin icarə haqlarının həddindən artıq baha olmasıdır. Bazarda ən ucuz yer 600 manata, ən bahalı isə 2000-2500 manata icarəyə verilir. Bazardakı satıcılar da bu vəziyyətdən məmnun deyil. Kimin üzünə baxırsan, narazılıq hiss olunur. Onlar bildirirlər ki, icarə haqlarının baha olması onları qiyməti qaldırmağa vadar edir. Bazarın yanan hissəsinin girişindəki 600 manatlıq mağazanı  indi 900 manata verirlər. Yanğından əvvəl 480 manatlıq obyektləri isə indi 650-700 manata verirlər. Bir sözlə, bazarın rəhbəri Rasim Salmanov öz bildiyini edir, sahibkarları  və satıcıları da cana yığır. Buna baxmayaraq, heç kim səsini çıxarmır, hamı qorxur. Belə olduqda isə müştəri qaçır, alıcılıq azalır". 

Adının çəkilməsini istəməyən sahibkar vəziyyəti belə izah etdi: “Bazar əvvəlki bazar deyil. Nə düzgün nəzarət var, nə də təhlükəsizlik xidməti... 

Bir nəfəri yüzlərlə adamın başına qoyublar, o da  istədiyi kimi hərəkət edir. Ölkədə bu sahədə ən bahalı icarə haqları bu bazardadır. Xaricdən gətirdiyim ehtiyyat hissələri satışı ilə məşğul oluram. Bildiyiniz kimi, dollar bahalaşdığı üçün hər şeyi od qiymətinə alırıq. Bu bir dərd... Bazar rəhbərinin qoyduğu qaydalar da başqa bir dərd... 7-8 kvadratlıq obyekt üçün ayda 1200 manat icarə haqqı ödəyirəm. 150 manat vergi verirəm, 15-20 manat işıq pulu, üstəgəl, aylıq 40 manat mühafizəçi üçün pul  ödəyirəm.  Ay qardaş, vergini başa düşdük. Bəs mən mühafizəçiyə niyə hər ay pul verməliyəm axı... Bazar müdiri Rasim Salmanov milyonları altına yığıb, biz yazıqlara  niyə ödətdirir? Bazarda hamı narazıdır, sadəcə, əlacsız qalmışıq. Qazandığımız pulla bazar müdirini saxlayırıq. Bazarın dövlət nəzarətinə ehtiyacı var. Yoxsa yüzlərlə adam bir gün ayağa qalxacaq...”

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.









 
ŞƏRH YAZ
Ad

E-mail

Şərh