Yararsız marşrut avtobusları, komforta həsrət sərnişinlər

Yazarlar 5 Noyabr 2022 21:40 Oxunub 1246
Yararsız marşrut avtobusları, komforta həsrət sərnişinlər
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sirr deyil ki, paytaxt küçələrində marşrut avtobuslarının böyük bir hissəsi hələ də kondisionersiz fəaliyyət göstərir. Havalar isə davamlı şəkildə soyuyur. Bir azdan həmin marşrut avtobusları dördtəkərli soyuducunu xatırladacaq. Bu isə xüsusən də uzaq məsafə qət edən sərnişinlər üçün əsl xəstəlik mənbəyidir. Yayda isə onlar hamamı xatırladır. Amma kondisionerli avtobuslarda da, kondisionersizdə də eyni gedişhaqqı ödənilir.

Avtosfer.az musavat.com-a istinadən bildirir ki, hüquqşünas Ərşad Hüseynov mövzunu şərh edərkən dedi ki, səbəblərdən biri də iqtisadi problemlərdir: "Maliyyələşmə problemi var. Bu sahədə gediş haqqı şəklində əldə olunan gəlirlər problemləri kökündən həll etməyə imkan vermir. İqtisadçıların yanaşmalarına diqqət edəndə görürük ki, həqiqətən ictimai nəqliyyatımızın çox ciddi problemlər var. İqtisadi problemlər dərinləşdikcə vəziyyət həndəsi silsilə üzrə pisləşir. Avtobusların vəziyyəti pisdirsə, məsələn köhnədirsə, xəttə çıxa bilmir. Dünən 10 avtobusun çalışdığı marşruta bu gün 8 avtobus çıxır. O 2 avtobusda daşınacaq sərnişinlər avtobusun gəlmədiyini görüb, ya taksi ilə hərəkət edirlər, ya fərdi avtomobillər kirayələyirlər, ya da başqa yollar tapırlar. Nəticədə həmin marşrut xəttində fəaliyyət göstərən daşıyıcı gediş haqqını bir az da itirir. İqtisadi problemlər həll olunmadıqca komfort məsələsi, avtomobillərin texniki cəhətdən saz olması, qışda və yayda havalandırma sistemi üzrə normal temperatura nəzarət edilməməsi məsələsi də həll edilməmiş qalacaq".

Ekspert avtobuslarla bağlı standartların olduğunu xatırlatdı: "İctimai nəqliyyatda avtobuslarla bağlı Nazirlər Kabinetinin 2019-cu ildə qəbul etdiyi 73 saylı qərar var. Bu qərarda aydın şəkildə göstərilib ki, avtobuslar qışda və yayda normal sərinləşdirici və havalandırma sistemi ilə təchiz edilməlidir. Xüsusilə şaxtalı havalarda isitmə sistemi işlək vəziyyətdə olmalıdır. Dünyada elə elə ölkələr var ki, orada qışda temperatur mənfi 20 dərəcəyə enir, amma avtobuslar normal çalışır. Gətirilən avtobusların hamısında standart olaraq mövcuddur, sadəcə, istismar müddətində onlar tədricən sıradan çıxır, çünki texniki qulluq göstərilmir və ehtiyat hissələri sıradan çıxır, ala bilmirlər və yaxud da almırlar.

Yeri gəlmişkən, Bakı ətrafında xəttə elə avtobuslar buraxılır ki, döşəmədən asfalt görünür. Bütün bunların hamısı vaxtında texniki göstərilməməsinin nəticəsidir. Hər mənada komfort olmalıdır ki, ictimai nəqliyyat cəlbedici olsun. İqtisadi, maliyyə probleminin həllinin də ən yaxşı üsulu ictimai nəqliyyata dövlət dəstəyinin olmasıdır, yəni subsidiyaların ayrılması və dövlət vəsaitini bura yönəldilərək şəffaf, obyektiv şəkildə səmərəli idarə olunmasıdır ki, iqtisadi problemlər tədricən həll olunsun".

Nəqliyyat eksperti Rauf Ağamirzəyev isə pandemiyadan sonra yaranan yeni reallığa diqqət çəkdi: "İctimai nəqliyyatda avtobuslar dayanmadan işlədi. 4 il ərzində yanacağın, qazın qiyməti qalxıb. Avtobusların istismar xərcləri var. Əlavə yüklənmə yaranırsa, əlavə xərclər formalaşır. Məsələ hələ ki, gündəmdədir. Subsidiya ayrılması ilə bağlı müzakirələr, görüşlər keçirilir. İctimai nəqliyyatın yükü parçalanmalıdır. Digər ictimai nəqliyyat növləri barədə düşünmək lazımdır. Mövcud infrastruktur daxilində alternativləri, məsələn, yüngül relsli dəmiryol sistemini seçim kimi nəzərdən keçirmək olar.

Cəmiyyət adətən reallığa köklənir, amma səbəbləri araşdırmaq lazımdır. Səbəblərdən biri avtomobilləşmənin sürətlənməsidir ki, bunun qarşısı alınmalıdır. Şəhərin mərkəzi baha olmalıdır. Ən bahalı resurs torpaqdır, onun səmərəli istifadəsi prioritet olmalıdır. Avtobus zolaqları ilə yanaşı, şəhər mərkəzində parkinqin qiyməti daha baha, kənarda daha ucuz olmalıdır. Belə olduğu təqdirdə hər bir vətəndaş özü seçim edəcək: ya avtomobillə hərəkət edəcək, ya da çeşidli ictimai nəqliyyat növləri ilə. İnsanın çox olduğu yerdə onun rahatlığı təmin olunmalıdır çünki hər bir avtomobildən düşən şəxs yekunda piyadadır, infrastruktur buna uyğun qurulmalıdır.

Son illərin ritorikası insanlarda yanlış təəssürat yaradıb. Rəqəmlərə diqqət edək: yolda avtomobillərə baxın, içində maksimum 2 nəfər olar, avtobusun içində isə 80 nəfər. Bir küçənin bir zolağında bir saatda 750 avtomobil hərəkət edə bilər. 1,5 əmsalına vuranda 1125 nəfərin daşınması deməkdir. Amma bir zolaqda bir saata ictimai nəqliyyatla 4000 nəfər daşına bilər. Avtobuslar üçün ayrıca zolaq var, lakin görürük ki, minik avtomobilləri də bu zolaqdan istifadə edir. Demək ki, cəriməni artırmaq lazımdır. Daşıyıcıların maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün subsidiya ayrılması təklifini dəstəkləyirəm".

Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, qurum tərəfindən hər mövsüm öncəsi daşıyıcılara məktub göndərilir: "Daşıyıcılara avtobusların texniki cəhətdən saz vəziyyətə gətirilməsi, isitmə sistemləri ilə təchiz edilmiş, o cümlədən qızdırıcısı olan nəqliyyat vasitələrinin mövsümə hazır olması ilə bağlı xəbərdarlıq edilir".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh