«Yaşamaq üçün yolda bir az diqqətli olmaq lazımdır»
"Hed Academy" şirkətinin rəhbəri Cankat Hurmoğlu Türkiyədə, Gürcüstanda və başqa ölkələrdə olduğu kimi, Azərbaycanda da təhlükəsiz sürücü anlayışını formalaşdırmağa çalışan önəmli şəxslərdən biridir. Onun Avtosfer.az-a müsahibəsinin sonuncu hissəsini oxuculara təqdim edirik:
- Cankat bəy, Bakıda belə bir problem var, hər kəs istəyir ki, öz maşını evinin yanında, hətta pəncərəsinin qarşısında olsun ki, öz maşınını görsün...
- Dünyada belə bir şey yoxdur. Almaniyada da belə deyil. Maşınını "parkovka"da saxlayırsan, 500-600 metr gedib evinə çata bilərsən. Bu qədər qarmaqarışıq bir yerdə pəncərənin qabağında hələ də maşın saxlamaq qalıb? Bunu artıq gözləmək olmaz. Bəlkə kənddə yaşasan, həyət evin varsa özünə bir "parkovka" yeri, qaraj düzəldərsən və maşını orada qoyarsan. Amma şəhərdəsən. Bakıda 1 milyondan artıq maşından söhbət gedir. Bir milyon maşını harada saxlamaq olar? Bir yeni tikili bina fikirləş, 14-15 mərtəbə. Hər mətbədə 4 dənə qapı var. Hamısında bir maşın olsa, binanın ətrafına bu maşınar sığmaz axı. Üstəlik ,o boyda binaların 1-2 parkinq yeri var. Sonra da hamı bir birindən inciyir. Əslində, mühəndis düşünməlidir ki, buraya bu qədər adam gəlməlidirsə, demək bu qədər də maşın gələcək. O maşına görə parkovka yeri düzəldilməlidir ki, hər kəsin maşını sağlam yerdə dayansın. Artıq hər kəsin pəncərəsinin qarşısında maşın saxlamaq dövrü bitdi.
- Bizim metro v avtobus problemimiz də var. İctimai nəqliyyat deyirik biz buna. Xüsusən də taksilər. Bununla bağlı fikirləriniz maraqlı olardı…
- Bakının metro sistemi yaxşı sistemdir. Mümkün olduğu qədər də metrodan çox istifadə etmək lazımdır. Əslində, Bakıda ən düzgün işləyən nəqliyyat vasitəsi metrodur. Avtobuslarda bir az problem var. İnsanlar və avtobuslar bir-birinin quyusunu qazır. Dayanacaqda, avtobus dayanması lazım olan yerdə taksilər dayanırsa avtobus nə etsin? O da gedib yolun üstündə saxlayır, hətta yolun ikinci sırasında maşınlar saxlayıb, avtobus orada da dayan bilmir. Əslində ora dayanacaqdır, insanlar avtobus gözləyirlər. Avtobus orada dayanmalıdır, durmalıdır. Ora avtobusun haqqıdır. Bunun üzərində artıq diskussiya aparmaq olmaz. Hansı taksi sürücüsü gəlib mənə deyə bilər ki, sən mənim işimə mane oldun? Qardaş, bura avtobusun yeridir. Sən get o biri tərəfdə saxla. Onsuz da taksiyə minən adam olsa gedib taksi dayanacağında gözləyəcək. Bura avtobus dayanacağıdır, burda dayandığı üçün demək avtobusa minəcək. O biri tərəfdən avtobusun sürücüsü də imkan tapan kimi dayanacağa yaxın durnalıdır ki, insanlar tez minə bilsinlər. Avtobusa minən sərnişinlər də bir başqa problemdir. İstəyir ki, avtobusdan düz evinin qabağında düşsün. Belə bir şey yoxdur. Avtobusun dayanacağı haradadırsa orada da düşəcəksən, lazımdırsa 100-200 metr evinə qədər gedəcəksən. Sən fikirləşirsən ki, Almaniyada hər kəsin evinin qarşısından keçir avtobus? Türkiyədə də Bakıdakı kimi problemlər var. Avtobusun hər kəsin evinin qarşısından keçməsi mümkün deyil. Lazım olan qədər piyada getməlisən.
- Bakıda avtobuslar bir qurumun, ya da dövlətin əlində deyil, başqa-başqa şirkətlərdədir. Başqa ölkələrdə təcrübə necədir? Məsələn, 10 avtobusu mənim şirkətim aldı, 10-nu o biri şirkət. Belə bir yanaşma varmı?
- Dövlətin, bələdiyyənin öz xidməti olmalıdır, insanlara öz xidmətini göstərməlidir. Bütün avtobusların insanlara verilməsi, özəlləşdirilməsi düzgün deyil. Çünki mən biznesmenəm, sabah pulla bağlı problemim olsa bağlayıb gedəcəm. Bəs insanlar nə edəcək? Hər hansı formada dövlətin nəzarəti olmalıdır və lazım olan vaxtda da həmin dəqiqə problemi həll edəcək imkanları olmalıdır. Amma təbii ki, hər şeyi dövlətin özü həll edə bilməz, bələdiyyə özü edə bilməz. Təkcə avtobusu alıb kiməsə vermək yox, hamısını idarə etmək lazımdır. Şirkətlər çox ola bilər, amma qanun-qayda bir olmalıdır. Dünyada qanun bir dəndir. Almaniyada qanun başqa, burdakı başqa ola bilərmi? O da insandır. mən də. Mən də onun istədiklərini istəyirəm. Mən də onun kimi rahat yaşamaq istəyirəm. Qanun bir dənidir və hər kəsə aiddir. Hər kəs o qayda-qanuna uyğun hərəkət etməlidir. Avtobusu da 100 dənə şirkət alsın, heç nə olmaz. Lakin yeganə lazım olan şey hər birini idarə edə biləcək sistem qurmaqdır. Necə ki, vergi gəlib mənim hesabatıma baxır, nə qədər pul almışam, nə qədər pul vermişəm. Sən də lazım olduqda o adamlara nəzarət edəcəksən. Lazım olan qədər sürücü, lazım olan qədər avtobus varmı, təmirlərini düzgün edirlərmi, maşının texniki vəziyyəti düzgündürmü, ya deyilmi? Eləmirsə deyəcəm bunu bağla. Hər zaman sistemin lideri dövlətdir. Bunu dövlət etməlidir, dövlətin əli ilə olmalıdır. Almaniyada dövlət vətəndaşlarından soruşur ki, mən belə bir qanun qoymaq istəyirəm, siz nə fikirışirsiniz? Bizim də aramızda universitetlər, sığortaçılar, mütəxəssislər var, bunlar hamısı bir qərara gəlib oturub fikirləşirlər ki, bu mənim vətəndaşıma, insanlara lazımdır, ya yox? Ona görə də dövlətə deyirik ki, bunu belə etsən belə olar, elə etsən elə olar. Beləsi daha məsləhətdir. Təbii ki, qərarı onlar verəcək. Amma sən dövlətə kömək edirsən, yolunu göstərirsən. Almaniyada etdiyimiz kimi Türkiyədə də başlayırıq. SOCAR, TANAP layihəsi, BP kimi böyük şirkətlərə məsləhət edirik. Siz böyük şirkətlərsiz siz bunu belə edirsinizsə vətəndaş da bunu sizdən görəcək, sizdəki kimi etməyə başlayacaq. Ona görə də dövlətin bu barədə məsləhətçilərə ehtiyacı var. Biz sadəcə istəyirik ki, insanlar yolda ölməsinlər. Təbii ki, qismətdir, taledir. Allah yazıb alnımıza nə vaxtsa öləcəyik. Biri var heç nədən ölək, biri də var vaxtı gələndə yaşlananda ölək. Ona görə də vaxtından tez dünyadan getməyək. Çünki hamımızı evdə gözləyən var. Biz olmasaq onlara kim baxacaq. Biz yaşamalıyıq. Bizim yaşamağımız üçün isə yola çıxanda bir az diqqətli olmaq lazımdır.
Elməddin