Yay bitdi, Bakıda tıxaclar başladı - nə etməli...
Yay və istirahət mövsümünün bitməsi ilə əlaqədar paytaxtda yenidən əhalinin sayı çoxalıb. Eyni zamanda yeni tədris ilinin başlanması ilə müxtəlif bölgələrdən minlərlə tələbə də Bakıya axın edib. Bu isə şəhərin yollarında avtomobil sıxlığının artmasına səbəb olub. Artıq bir neçə gündən sonra xüsusilə də günün pik saatlarında Bakı küçələrində yenidən uzun tıxaclar müşahidə ediləcək. Bəs bu halı az da olsa önləmək üçün hansı addımlar atılmalıdır?
Avtosfer.az xəbər verir ki, bu barədə “Yeni Müsavat”a danışan nəqliyyat üzrə ekspert Azər Allahverənov bildirib ki, əslində tıxacların qarşısını almaq üçün şəhərdə tədbirlər görülür:
“Doğrudur ki, artıq tıxaclar dövrü geri qayıdır. Bu, həm tədris ilinin başlaması, həm də məzuniyyətdə olub, öz şəxsi avtomobilləri ilə bölgələrə gedən şəxslərin geri qayıtması ilə əlaqəlidir. Bu gün artıq şəhərdə maşınların sayının kifayət qədər çox olduğunu müşahidə edirik. Xüsusilə də şəhərin mərkəzi hissələrinə yaxın olan küçələrdə tıxaclar yaşanır. Düzdür, müəyyən işlər həyata keçirilir və çalışırlar ki, tıxacın qarşısını hansısa formada alsınlar. Bu inzibati addımların müəyyən müsbət effekti var. Ancaq bunun əksini də görürük. Məsələn, Azadlıq prospektində yerləşən 160 nömrəli məktəb şəhərin mərkəzinə yaxın ərazidədir və qarşısındakı yol da çox dardır. Tədris ili başlayan kimi dərhal həmin yolda nəqliyyat vasitələrinin hərəkəti çətinləşəcək. Çünki çox zaman sürücülər avtomobili yolun ikinci zolağında saxlayırlar və tıxac yaranır. Dövlət Yol Polisi bilirik ki, xüsusilə də qeyri-qanuni saxlama ilə bağlı müəyyən işlər həyata keçirir. Ancaq bir məsələ də var ki, bəzi hallarda evakuatorlar vasitəsilə nəqliyyat vasitələri elə ərazilərdən götürülür ki, heç buna ehtiyac olmur. Nəqliyyat vasitəsi uyğun yerdə saxlanılmayıbsa və piyadaların, avtomobillərin hərəkətinə maneə yaratmırsa, sürücü, sadəcə olaraq, cərimələnməlidir. Yaxşı olar ki, şəhərdə ikinci zolaqlı yollarda saxlanan avtomobillərin qarşısı alınsın. Həmçinin şəhərdə post-patrul xidməti ekipajının sayı da o qədər çox deyil ki, hər məktəbin yanında dayansınlar. Bu da bir növ problem yaradır. Düşünürəm ki, əhalinin özü ilə də maarifləndirmə işi aparmaq lazımdır. Xüsusilə də uşaqlarını məktəbə gətirən valideynlərlə iş aparılmalıdır ki, idarə etdikləri nəqliyyat vasitələri ilə problem yaratmasınlar. Digər tərəfdən, şəhərin planında da müəyyən dəyişiklik edilməsi düşünülür. Bəzi tədris mərkəzlərinin köçürülməsi, küçələrdə genişləndirmə işləri nəzərdə tutulub. Məsələn, Səməd Vurğun küçəsində genişləndirmə işləri aparıldı ki, bu da müsbət nəticə verdi. Hesab edirəm ki, bu kimi işlər davamlı olacaq. Onu nəzərə alaq ki, 1 milyon 400 mindən çox nəqliyyat vasitəsinin təqribən 1 milyonu Bakı şəhərindədir. Bu isə sözsüz ki, tıxac problemini yaşadır. Dünyanın iri şəhərlərində də belədir, sadəcə olaraq, bununla müvafiq qaydada mübarizə aparmaq lazımdır”.
Ekspert onu da qeyd edib ki, bu gündən Bakı Nəqliyyat Agentliyi tərəfindən yaradılan alo141.az portalı da fəaliyyətə başlayıb. Bu portal vasitəsilə sürücülər yollardakı vəziyyətlə bağlı da informasiya ala bilərlər.
Digər nəqliyyat eksperti İlqar Hüseynov isə fərqli fikirdədir. Ekspert qəzetimizə açıqlamasında bildirib ki, artıq tıxacın qarşısını almaqda gecikmişik:
“Şərti olaraq düşünürük ki, tədris ili başladığı üçün tıxac dalğası yaranır. Xeyr, əslində bunun mövsümü bağlılığından başqa əlavə nüanslar da var. Lazımı tədbirlər əvvəlcədən işlənib hazırlanmalı idi. Bilməliyik ki, tıxaclar artıq Bakı şəhərində həll edilməsi mümkün olmayan vəziyyətə gəlib. Çünki bizim ictimai nəqliyyatda problemlərimiz var. Qədərindən artıq şirkətlər sərnişindaşımaya cəlb olunub. Nəticədə xeyli yükləmə yaranıb. Eyni zamanda tramvay, trolleybus kimi nəqliyyat vasitələri ləğv edildi və bunların alternativi gətirilmədi. Əksinə, prospektlər daraldı və tıxacların sayı artdı. Yəni biz mövsümü olaraq hansısa tədbirin görülməsini müşahidə etmirik. Hər hansı təkliflər paketi hazırlanmır. Məsələn, Yaponiyada belə bir təkliflər paketi var ki, həftənin tək günlərində dövlət nömrə nişanlarının sonu tək rəqəmlə bitən avtomobillər, cüt günlərində isə sonu cüt rəqəm olan maşınlar şəhərə daxil olurlar. Azərbaycanda isə heç bir qayda tətbiq olunmur.
Tıxaclar azalırsa, bu, təbii olaraq baş verir. Hansısa qurumlar tərəfindən bunu nəzarətdə saxlayan aksiya və qanunvericilik aktları qətiyyən tətbiq olunmur. Bu istiqamətdə çox təkliflər vermək olar. Ancaq təəssüf ki, o da həllini tapmır. Bir zamanlar şəhərin girişlərində dayanacaqlar yaradıldı və rayon maşınları Bakıya buraxılmırdı. O, ümumiyyətlə, tənzimləmə metodu deyildi. Biz demişdik ki, bu metod işləməyəcək. Çünki dünyada da bu, özünü doğrultmayan vasitədir. Bakıya rayonlardan axın edənlər əsas taksi xidməti göstərənlərdir. Onların da əksəriyyətinin nömrəsi Bakı seriyasına aiddir. Yəni özünü doğrultmayan, absurd metod idi və doğrulmadı. Şəhərdə tıxacın olması həm də vətəndaş məsuliyyəti məsələsidir. Elə məsafələr var ki, ora vətəndaş avtomobilindən istifadə etmədən gedə bilər. Bizim millətimizin mentalitetində ictimai nəqliyyatdan istifadə zəif yer alıb. Hansısa formada xüsusilə gənclərin velosipeddən istifadəsini təşkil etmək lazımdır. Ən azı 5 ilə bunu inkişaf elətdirə bilərik. Nəticədə tıxacların da qarşısı alınar. Sırf qanunvericiliklə bağlı burada nə isə yoxdur. Sadəcə olaraq, bu, təbii və insanların öhdəsinə buraxılmış məsələyə çevrilib”.