Banner

Yeni radarların tətbiqi qanunda nəzərdə tutulmayıb - XƏBƏRDAR OLUN

Yazarlar 16 Oktyabr 2014 00:25 Oxunub 5876
Yeni radarların tətbiqi qanunda nəzərdə tutulmayıb - XƏBƏRDAR OLUN
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DYP-nin belə yanaşması təhlükəsizliyin təmin olunmasına yox, daha çox cərimə yığılmasına yönəlib

 


Ekspert Ərşad Hüseynov: «Hazırda mövcud olan radar sistemləri də bu vəzifənin öhdəsindən layiqincə gələ bilər»

 

Ötən həftə Bakı-Ələt yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində yeni "ağıllı" radarlar quraşdırılıb. Avtosfer.az-ın məlumatına görə, bu radarlar tək gələn maşınların deyil, həm də gedən maşınların sürətlərini ölçür. Adətən sürücülər radarı keçdikdən sonra sürət həddini artırırlar. Bu radarlar isə 200-300 metr məsafədən həm gələn, həm də gedən maşınların sürətini ölçə bilir.  Ekranlı radar həm foto, həm də video çəkir. Beləliklə yeni qurğu qayda pozuntularına qarşı təkzibolunmaz dəlillər ortaya qoyur.  İki radar arasındakı məsafə ölçülür və sürücünün hansı sürətlə hərəkət etdiyi müəyyənləşdirilir. Bununla da, cərimə qaçılmaz olur.

Dövlət Yol Polisi İdarəsindən day.az-a bildiriblər ki, yeni radarlar test rejimində çalışır. Onlar yalnız magistral yollarda quraşdırılacaq. Misal üçün, aeroport yolunda, Bakı dairəvi yolunda, Bakı-Quba, Bakı-Şamaxı-Yevlax, Bakı-Astara yollarında. Lakin gəlin reallığı nəzərə alaq ki, bu radarlar qızıldan olsa belə, qaydanı pozanlar yenə öz əməllərindən əl çəkməyəcək. Çünki radarın yeri, görünüşü dəyişsə belə, sürücülərin təfəkkürü dəyişməyənə qədər hansısa müsbət nəticədən danışmağa dəyməz. Məsələ burasındadır ki, bu gün yollarımızda bu radarlardan daha vacib və həllini gözləyən problemlər mövcuddur. Məsələn, yol nişanlarının azlığı, nişanlanma xətlərinin normalara uyğun olmaması, yolların işıqlandırma sisteminin yarıdan çoxunun bərbad halda olması qəzaların sayına böyük təsir göstərir. Bahalı radardan öncə sürücülər arasında maarifləndirmə, təbliğat işlərinin aparılması, yollarımızdakı problemlərin həlli daha vacib məsələ kimi ortalıqdadır. Yol şərəkəti üzrə ekspert, Ərşad Hüseynov da hesab edir ki, bu cür bahalı qurğulara pul xərcləməkdənsə həlli vacib olan xırda və daha önəmli problemləri həll etmək daha vacibdir: «Bu radarların konkret hansı markadan olduğu və nə kimi texniki göstəricilərə malik olduğu açıqlanmasa da, gələn məlumatlardan belə aydın olur ki, yeni radarlar iki nöqtə arasında avtomobillərin orta sürətini müəyyən edəcək. Bu tipli radarlar ölkəmiz üçün tamamilə yenidir. İndiyədək yollarımızda mövcud olan radarlar konkret bir nöqtədə qoyularaq həmin yerdən keçən avtomobilin həmin anda sürətini müəyyən edir. Yeni tip radar isə dünyanın müxtəlif ölkələrində 15 ilə yaxındır tətbiq edilir. Bu, öz aralarında GSM əlaqəsi olan iki radardan ibarət kompleksdir. Onlardan birincisi bəlli bir nöqtədə qoyulur və yanından keçən bütün nəqliyyat vasitələrinin fotoşəklini çəkərək dəqiq koordinatını və həmin koordinat nöqtəsindən keçmə vaxtını qeydə alır. Daha sonra bu məlumatlar birincidən 500 metrdən 10 kilometrədək aralıda yerləşən ikinci radara ötürülür. İkinci radar həmin nəqliyyat vasitəsi onun yanından keçərkən təkrarən onun fotoşəklini çəkir, həmin nəqliyyat vasitəsinin əvvəlki radardan bura qədər gəlmə müddətini və radarlar arasındakı məsafəni əsas götürərək hesablayıcı modul vasitəsilə bu nəqliyyat vasitəsinin iki radar arasındakı yol sahəsində orta sürətini müəyyən edir. Bundan sonra həmin məlumat DYP-nin mərkəzi məlumat xidmətinə (MMX) ötürülür və bu yolla sürət rejimini pozan nəqliyyat vasitələrinin sürücüləri barəsində elektron protokollar tərtib olunaraq həmin sürücülərə göndərilir». 

Göründüyü kimi, yeni radarlar tam fərqli prinsiplər əsasında işləyir və  nəqliyyat vasitələrinin konkret məqamda sürətini yox, müəyyən yol sahəsindəki orta sürətini müəyyən edir. Bəri başdan qeyd edək ki, hazırda bu tipli radarların ölkəmizdə tətbiq edilərək onların göstəricisi əsasında sürücülərin məsuliyyətə cəlb edilməsi qanuna uyğun deyil. Çünki mövcud qanunvericilik müəyyən yol sahəsindəki orta sürətin yox, konkret anda qeydə alınan sürətin yol verilən həddən yuxarı olmasına görə məsuliyyət müəyyən edir. Ona görə də hüquqşünas şesab edir ki, yeni radarların göstəricisinə əsasən kiminsə cərimələnməsinə cəhd ediləcəyi təqdirdə məhkəmə mübahisələri qaçılmazdır: «Düzdür, qanunvericiliyə müvafiq dəyişiklik etməklə həmin problem aradan qaldırıla bilər. Amma bu tipli radarların yol hərəkəti təhlükəsizliyi baxımından səmərəliliyi bütövlükdə sual altındadır. Hətta dünyanın bəzi ölkələrində (məsələn, Almaniyada) 5-10 il əvvəl bu tipli radardan istifadə edilsə də, sonradan ondan imtina edilib».

Ərşad Hüseynov bildirib ki, həqiqətən də, ölkəmizin yollarında sürət rejiminin pozulması ilə bağlı ciddi problemlər var. Bu baxımdan, sürət rejiminə səmərəli nəzarət mütləq olmalıdır: «Amma belə nəzarəti həyata keçirmək üçün az qala hər il yeni tipli radarların gətirilməsi başadüşülən deyil. Axı hazırda mövcud olan radar sistemləri də bu vəzifənin öhdəsindən layiqincə gələ bilər. Digər tərəfdən, yeni radarlar həm də bahadır və yolların onlarla təchiz edilməsi külli miqdarda vəsait tələb edir. Bəlkə yollarımızda başqa problem yoxdur və yol hərəkəti təhlükəsizliyinə yönələn vəsaitlər elə ən müasir avadanlıqların alınmasına xərclənməlidir? Təəssüf ki, belə deyil. Yollarımızda problemlər saysız-hesabsızdır. Hər şeyi bir kənara qoyaraq yollarımızda çatışmayan nişanların minlərlə olduğunu söyləmək yetərlidir. Yəqin ki bu yeni radarların bir komplektinin qiymətinə yüzlərlə nişan quraşdırmaq mümkündür».

DYP-nin əsas diqqətini bu tipli texnoloji yeniliklərə yönəltməsi həm də başqa bir sual doğurur. Məlumdur ki, radar qayda pozan sürücünü məsuliyyətə cəlb edərək cərimələməni təmin etməyə yönəlib. Başqa sözlə, yenə də əsas metod kimi inzibati tədbirlər önə çəkilir. Axı bu tədbirlər elə də əhəmiyyətli deyil. Əgər onlar düşünüldüyü kimi əhəmiyyətli olsaydı, son illərdə cərimə məbləğlərinin 4-5 dəfə yüksəldilməsi fonunda qayda pozuntuları minimuma enərdi. Bu, baş vermirsə, tamam fərqli metodlardan istifadə olunmalıdır. Həmin metodları tapmaq isə o qədər də çətin deyil. Min illər boyu formalaşmış təcrübə bizə deyir ki, intizamsızı şillələməkdən qabaq tərbiyə etmək lazımdır. 

DYP-nin yol hərəkəti təhlükəsizliyinin təmin olunmasına belə yanaşmasının nəticəsidir ki, əksər sürücülər bu tipli tədbirlərin təhlükəsizliyin təmin olunmasına yox, daha çox cərimə yığılmasına yönəldiyini düşünürlər. Bu düşüncəni dəyişmək üçün isə yol hərəkəti təhlükəsizliyinin təmin olunmasına kompleks yanaşmaq lazımdır. Əsas diqqət yollarda illər boyu yığılıb qalan çoxsaylı problemlərin həllinə yönəlməlidir.

 

Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Seid 10 Noyabr 2014 22:55
He orasi eledi ama , seffaf hava rejiminde 27 dereceden sonra neinki radar hec bir regemsal kamera deqiq goruntu vermir. Cunki kameranin pikselleri optimal derece ucun nezerde tutulub ve yerden qalxan isti hava heniri goruntunu dalgalandirir oki qaldi hereketde olan cismi cox isti muhutde deqiq cekmek ....... PARADOKS