Yeni sürücülük vəsiqələrinin hansı özəllikləri var? - Ekspertlər danışır
Xəbər verildiyi kimi, aprelin 2-də “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilib. Bu barədə qərarı Baş nazir Novruz Məmmədov təsdiqləyib. Qərara əsasən, “Sürücülük vəsiqəsinin təsviri”, “Sürücülük vəsiqəsinin spesifikasiyası” və “Sürücülük vəsiqəsinin nümunəsi” təsdiq edilib.
Bəs yeni sürücülük vəsiqələrinin üstün cəhətləri nədir?
Nəqliyyat eksperti Ərşad Hüseynov sözügedən məsələ ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, bu ilin yanvarın 1-dən “Yol hərəkəti haqqında” Qanunda qüvvəyə minən dəyişikliklərə uyğun olaraq sürücülük vəsiqəsinin yeni nümunəsi artıq təsdiq olunub: “Hazırda istifadə etdiyimiz vəsiqələrdəki 2 qüsur yeni nümunədə aradan qaldırılacaq. Qüsurlardan biri vəsiqələrimizdə latın əlifbasında olmayan hərflərlə (ə, ö, ü, ş, ç, ğ, ı) bağlı idi. Belə ki, latın əlifbasında olmayan bu hərflər yeni vəsiqələrdə latın hərfləri ilə parelel yazılmalıdır. Bu hərflərdən ibarət ad, soyad, ata adı artıq latın əlifbası ilə də veriləcək. İkincisi qüsur isə, məlumatların qeydolunma ardıcıllığı ilə bağlı idi. Yeni nümunədə bütün bunlar aradan qalxacaq. Vəsiqələrin yeni forması, rəngi də fərqlidir. Beləliklə, bu yenilik nəticəsində 1968-ci ilin noyabrında qəbul edilmiş “Beynəlxalq Yol Hərəkəti haqqında” Vyana Konvensiyasına uyğun olaraq, sürücülük vəsiqələri üçün müəyyənləşdirilmiş tələblərə tam uyğun olacaq. Köhnə vəsiqələrdəki bu nöqsanları bəhanə edib, bizim vəsiqələri tanımayan ölkələr var idi. Artıq bu problem də öz həllini tapdı. “
Bəs köhnə vəsiqələrin yenisi ilə əvəzlənməsi məcburidirmi?
Həmsöhbətimiz, bu suala aydınlıq gətirdi: “Hazırda istifadə etdiyimiz və etibarlılıq müddəti bitməyən vəsiqələr öz istifadə qüvvəsində qalacaq. Yeni vəsiqələrin qüvvəyə minməsi mövcud vəsiqələrin hamısının dəyişdirilməsini məcbur etmir. Qanuna əsasən, yeni nümunə qüvvəyə mindikdən sonra verilən və dəyişdirilən bütün vəsiqələr yeni olacaq. İstifadə müddəti bitməyən indiki vəsiqələr isə son tarixinədək etibarlıdır və onları dəyişmək məcburi deyil. Amma kimsə istəsə, etibarlılıq müddəti bitməyən vəsiqələri də yenisinə dəyişə bilər. Vəsiqələrin dəyişdirilməsi və ya yeni vəsiqə almaq üçün rüsum isə 25 manatdır.”
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı isə bildirdi ki, yeni vəsiqələrin verilməsi üçün təxminən iki ay vaxt lazımdır: “Əvvəlki vəsiqələrdə olmayan bir neçə məqamlara aydınlıq gətirmək istəyirəm. Belə ki, yeni sürücülük vəsiqələrində xüsusi çiplər yerləşdirilib. Çiplərdə zəruri informasiyalar var. Çiplərə faktiki olaraq kodlaşdırılmış informasiya daxildir. Sürücülük vəsiqəsinin sahibi barədə informasiya çipə yerləşdirilir. Bu vəsiqələrdə, həmçinin fərdi identifikasiya nömrəsi olacaq. “Elektron Hökumət” portalı bir çox sahələrdə özünün effektiv işlədiyini göstərir. Nəticə etibarilə həmin elektron portala daxil olmaq üçün əksər halarda FİN-dən istifadə edirik. Sürücülük vəsiqəsinin identifikasiya nömrəsi də daxil ediləcək ki, bu da yeniliklərdən biridir. Ən əsas yeniliklərdən biri də odur ki, kənd təsərrüfatı nəqliyyatı vasitələrinin sürücülərinin onları idarə etmək üçün özlərinin ayrıca vəsiqələri var. Həmin nəqliyyat vasitələri kənd təsərrüfatı texnikası adlanırdı. Ona görə də onların sürücülük vəsiqəsi bilavasitə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilir. Yeni qərarda əks olunan müddəa ondan ibarətdir ki, Nazirlər Kabineti Kənd Təsərrüfatı Nazirliyinə tapşırıq verib ki, Daxili İşlər Nazirliyi ilə razılaşdırmaqla bu kateqoriya üçün nəzərdə tutulan mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqələrini təsdiq etsin. Daha bir yenilik bilavasitə sürücülük vəsiqəsi sahibinin hansı kateqoriyaya aid sürücü olduğunu göstərən elementdir. Əvvəllər kvadrisikllər, trisiklləri idarə etmə hüququ verən vəsiqə yox idi. Amma indi yeni vəsiqəyə A1, B1, C1 alt kateqoriyaları daxil edilməklə bu nəqliyyat vasitələrini idarəetmə hüququ verir.
Xüsusi qeydlər bölməsi yaradılır ki, sürücünün imtahan zamanı seçdiyi nəqliyyat vasitəsinin növü, yəni (avtomat və ya mexaniki transmisiyya) olması qeyd olunur. Məsələn, sürücü imtahan zamanı avtomat ötürücü qutusu olan nəqliyyat vasitəsi seçibsə, onda sürücü həmin nəqliyyat vasitəsini də idarə etməlidir. Başqa nəqliyyat vasitəsini idarə etmək hüququ yoxdur. Əsas gözəçarpan elementlər budur. Əgər sürücü eynəkli şəkil çəkdirib, vəsiqədə də eynəkli sözü qeyd olunursa, onda həmin sürücü sükan arxasında hər zaman eynəkdən istifadə etməlidir. Eynəksiz vəziyyətdə aşkarlanırsa, deməli, o, qaydanı pozur. Düzdür, buna görə cərimə yazılmır. Amma yol-hərəkət qaydalarına zidd davranışdır. Yəni yeni vəsiqələrdə bu dəyişikliklər nəzərdə tutulur. Yenilənmədən sonra isə artıq modern, qüsursuz, beynəlxalq səviyyələrlə uzlaşan vəsiqələrin sahibi ola biləcəksiniz. “
Sonda sükan arxasında əyləşən sürücülərə yol-hərəkət qaydalarına riayət etməyi, nizam-intizamı gözləməyi, ehtiyatlı və diqqətli olmağı arzulayırıq. Unutmayaq ki, vəsiqənin varlığı qədər, nəqliyyat vasitəsini idarəetmə qabiliyyətinin də olması zəruri şərtlərdən biridir.