Yeniyetmələrin ömür yolunu yarımçıq qoyan SÜKAN– Hamı günahkar axtarır

Yazarlar 27 Yanvar 2020 15:00 Oxunub 1759
Yeniyetmələrin ömür yolunu yarımçıq qoyan SÜKAN– Hamı günahkar axtarır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bəs bu cür qəzaların baş verməsində günahkar kimlərdir?

Ötən həftə Gəncədə sürücülük hüququ olmadan sükan arxasında əyləşən 16 yaşlı yeniyetmənin qəza etməsi sosial mediada geniş müzakirə edildi. Qəza nəticəsində 16 yaşlı yeniyetmə dünyasını dəyişib, daha iki nəfər isə yaralanıb. Ümumiyyətlə, azyaşlıların avtomobili idarə etməsini nəinki bölgələrdə, hətta paytaxtda da tez-tez görürük. Düzdür, bu yeniyetmələr üçün böyük maraq, həvəs olsa da, onların və ətrafdakıların həyatı üçün çox riskli bir hərəkətdir. Bəzən isə valideynlər övladlarının yaşının çatmamasına baxmayaraq əvvəlcədən onlara avtomobil alır, həvəsləndirirlər.

Bəs bu cür qəzaların baş verməsində günahkar kimlərdir? Bunun üçün nə kimi tədbirlər həyata keçirilməlidir?

Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Azadinform-a nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı açıqlama verib. Ekspertin sözlərinə görə, bu hadisə nəticəsində yeniyetmə bir gənc öz səhvi, bəlkə də valideynlərinin və ya ətrafdakıların ona diqqətsiz yanaşmasından, onu tənbeh etməməsi ucbatından həyatını itirdi: “Bölgələrimizdə, eləcə də Bakının özündə təəssüflər olsun ki, sürücülük hüququ olmadan sükan arxasında əyləşən yeniyetmələr var. Onlara valideynləri avtomobil alaraq, təhlükə ilə üz-üzə qoyurlar. Birincisi, o yaşda uşaqlar daha çılğın, ətrafda özlərini daha çox göstərməyə meylli olurlar. Və çox təhlükəli hərəkətlərlə özlərini göstərməyə çalışırlar. Buradan valideynləri diqqətli olmağa çağırıram ki, o yaşda uşaqlara avtomobil idarəetməyə icazə vermək və yaxud da avtomobil almaq düzgün deyil. Bu çox təhlükəlidir. Gəncədə baş verən hadisə də bunu göstərdi. Təəssüf ki, bir yeniyetməni itirdik. Qəza videosundan da görünür ki, o sükan arxasında çox təhlükəli bir hərəkət edir”.

E.Muradlı bildirib ki, həmin gənci valideyni və ya başqaları tənbeh etsə, təhlükəli hərəkət etməkdən çəkindirsəydi bu hadisə də baş verməzdi: “Son vaxtlar yeniyetmələr arasında bu hadisələr geniş yayılıb. Yol Polislərini diqqətli olmağa, bu insanlara qarşı sərt mübarizə aparmağa çağırıram. Belə insanlara göz yummaq olmaz. Çünki bu sonra bir faciəyə, insan həyatının bitməsinə gətirib çıxara bilir. Düşünürəm ki, bu istiqamətdə təbliğat işləri gücləndirilməlidir. Valideynlər öz məsuliyyətlərini dərk etməlidirlər. Uşağa belə tez maşın alıb vermək düzgün deyil. Əvvəlcə o maşın sürməyi öyrənməli, buna yaşı çatmalıdır. Bütün bunlardan sonra avtomobil almaq haqqında düşünmək olar. Yol Polis əməkdaşları bu mövzuda çox diqqətli olmalıdırlar. Təəssüf ki, bəzən bölgələrdə bunu bilsələr də ciddi tədbir görmürlər. Bu hadisələrə “Bu filankəsin oğludur, bu filankəsin nəvəsidir” düşüncəsi ilə yanaşmaq olmaz”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh