Banner

Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?

Yazarlar 29 Yanvar 2026 17:53
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ötən ilə dair açıqlanan rəsmi statistik məlumatlar Azərbaycanda sərnişin daşımaları sahəsində diqqətçəkən dəyişikliklərin baş verdiyini göstərir. Məlumata görə, avtobus və taksi ilə sərnişin daşımalarında artım qeydə alındığı halda, metrodan istifadə edən sərnişinlərin sayı azalıb. Belə ki, avtobuslarla sərnişin daşımaları 7,1 faiz, taksilərlə isə 3,5 faiz artıb. Eyni ildə metro ilə sərnişin daşınmasında 1,4 faizlik azalma müşahidə olunub.

Bu rəqəmlər şəhərdaxili hərəkətlilikdə yerüstü nəqliyyat vasitələrinin payının artdığını göstərir. 

Bəs insanların metro ilə müqayisədə avtobus və taksi kimi yerüstü nəqliyyat növlərinə daha çox üstünlük verməsinin əsas səbəbləri nədir?

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert, texniki elmlər üzrə fəlsəfə doktoru Fərhad Eyyubov bildirib ki, Bakı şəhərində sərnişin daşımaları paralel şəkildə həm metro, həm də ümumi təyinatlı yerüstü nəqliyyat vasitələri olan avtobus və taksilər vasitəsilə həyata keçirilir.
 
Ekspertin sözlərinə görə, son illər avtobus nəqliyyatında xidmət keyfiyyətinin müəyyən dərəcədə yüksəlməsi bu sahəyə marağı artırıb:

“İnsanlar çalışır ki, təyinat yerlərinə daha rahat və vaxt itirmədən çatsınlar. Bu baxımdan ev və iş yerlərinin dayanacaqlara yaxın olması böyük üstünlük yaradır. Hazırda Bakının həm mərkəzi, həm də kənar əraziləri geniş avtobus marşrut şəbəkəsi ilə əhatə olunub. Avtobuslar qapıdan-qapıya prinsipinə daha yaxın xidmət göstərir, metro isə yalnız konkret xətt üzrə hərəkət edir. Bu səbəbdən metrodan əsasən ona yaxın ərazilərdə yaşayanlar daha çox istifadə edirlər”.

Fərhad Eyyubov əlavə edib ki, avtobus zolaqlarının çəkilməsi və intervalların azaldılması sərnişinlər üçün əlavə rahatlıq yaradır:

“Avtobus zolaqlarının tətbiqindən sonra hərəkət intervalları azalıb və bu da insanların avtobusdan istifadəyə marağını daha da artırıb. Metrodan istifadə edən sərnişinlər belə, yolun müəyyən hissəsini avtobusla qət etməyə üstünlük verirlər. Bu səbəbdən avtobusla daşımaların artması müşahidə olunur”.

Ekspertin fikrincə, yaxın dövrdə metro ilə sərnişin daşımalarında azalma davam edilə bilər. Onun sözlərinə görə, buna səbəb kimi yeni xəttin çəkilməsi ilə əlaqədar bəzi stansiyalar arasında müvəqqəti hərəkət məhdudiyyətləri göstərilir:

“Yeni xəttin tikintisi ilə əlaqədar “28 May” və “Nizami” stansiyaları arasında müəyyən müddət gediş-gəliş olmayacaq. Bu isə avtomatik olaraq sərnişinlərin avtobuslardan daha çox istifadə etməsinə gətirib çıxaracaq. Bu prosesi mənfi hal kimi qiymətləndirmək olmaz. Harada xidmət keyfiyyəti yüksəlirsə, insanlar da məhz ora yönəlir”./sfera.az 

Oxunub 302
ŞƏRH YAZ
Ad

E-mail

Şərh