Reklam

Yol kənarındakı obyektlərin piyadalara yaratdığı təhlükə - EKSPERTLƏRDƏN HƏYƏCAN TƏBİLİ

Yazarlar 17 Yanvar 2024 15:14 Oxunub 858
Yol kənarındakı obyektlərin piyadalara yaratdığı təhlükə - EKSPERTLƏRDƏN HƏYƏCAN TƏBİLİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Səkilər piyadaların təhlükəsiz və rahat hərəkəti üçün təşkil olunub. Piyadalara hərəkət zamanı təhlükə yaradan faktlardan biri də bəzi obyektlərin önündə döşənmiş üstü sürüşkən keramoqranitlərdir. Bu döşəmələr xüsusilə də şaxtalı havalarda vətəndaşlar üçün ciddi təhlükə mənbəyinə çevrilir. Belə ki, üstü sürüşkən olduğu üçün piyadalar həmin obyektin önündən keçərkən sürüşüb yıxılır və zədə alır. Həm səkilələrə həm də obyektlərə xüsusi gözəllik qatan bu döşəmələrdən istifadə göz oxşasada vətəndaşların təhlükəsizliyi burada önəmli rola malikdir. Bəzi obyekt sahibləri isə döşəmə üçün ürəyi istədiyi materialdan istifadə edir. Piyadaların təhlükəsizliyini düşünmür. Bəs bu nə qədər düzgündür? Belə halların qarşısı necə alına bilər? 


Bu barədə Avtosfer.az-a açıqlama verən memar Aysel Hüseynova bildirib ki, həm fasad, həm interyer, həm də exsteryerlərdə hər bir materialın öz funksiyası və istifadə yeri var:  “Ümumiyyətlə interyer hədlərində mərmər və keramoqranit, exteryerdə isə tamet və ya yanmış qranitdən istifadə edilməlidir. Bakı şəhərinin bir çox yerində döşəmə kimi mərmərlərdən istifadə olunub ki, bu da insanların yağmurlu və qarlı hava şəraitində sürüşməsinə, yıxılmasına, zədə almasına səbəb olur”. 

Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən "AID CONSULTING MMC"nin baş direktoru, əmlak eksperti Vüsal Məstəliyev bildirib ki, obyekt sahibləri gözəl atmosfer yaratmaq, obyekti daha da gözəlləşdirmək üçün onun döşəmə hissəsini metlaxla örtülər:  “Metlaxın gözəl görünüşü, davamlılığı və asan təmiri, həmçinin rahat yuyulması onun çox yerlədə istifadəsinə imkan yaradır. Lakin obyekt sahibləri bütün bunları nəzərə alarkən təhlükəsizliyi unudurlar. Çünki sürüşkən metlax yağışlı və əsasəndə qarlı, şaxtalı havalarda üzərindən keçidi çətinləşdirir və təhlükə mənbəyinə çevrilirlər. Bu da insanlar üçün fəsadlara gətirib çıxardır. 


Ekspert bildirib ki, bu fəsadların qarşısını almaq üçün döşəmələrə vurulan üst səthi sürüşkən olan kafellərdən yox, əksinə üst səthi qabarıq olan kafellərdən istifade edilməlidir: “Kafellərə anti-sürüşmə materialı tətbiq etmək və ya səthin özünü müstəqil kafel materialı ilə dəyişmək kimi addımlar atılmalıdır. Sürüşkən kafellər təhlükə yaradırsa, təhlükəsizliyi artırmaq üçün özəl anti-sürüşkən kafellərdən də istifadə etmək olar. Bu kafellər qar və buzla daha effektiv mübarizə üçün nəzərdə tutulub və daha güvənlidir”.


Problem ilə bağlı Avtosfer.az-ın sorğusuna cavab olaraq Fövqaladə Hallar Nazirliyindən bildirilib ki, qeyd edilən məsələ, qurumun səlahiyyətlərinə aid deyil.
Ümumiyyətlə istənilən şəraitdə vətəndaşların təhlükəsizliyi nəzərə alınmalıdır. Gözəl görünüşə görə insanların sağlamlığını qurban vermək olmaz. Ümid edirik ki, yaxın zamanda bu barədə həm müvafiq qurumlar tədbir görəcək, həm də obyekt sahibləri vətəndaşların təhlükəsizliyini nəzərə alar.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə  "İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Məhəbbət Tərlanoğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh