Yol-nəqliyyat sistemimiz bayram imtahanından necə çıxdı?
Azərbaycanda rəsmi olaraq martın 20-dən 24-dək Novruz bayramı qeyd edilir. Lakin buraya istirahət günlərini də əlavə etsək, bayram tətili, demək olar ki, 19-dan 27-dək, yəni 8 gün davam edir. Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, Novruz qədimdən bəri azərbaycanlıların əksəriyyətinin əziz bayramı olduğundan çoxları bu günləri öz doğma ata-baba yurdunda, qohum-əqrəbalarının əhatəsində keçirməyə üstünlük verir. Bundan əlavə, Novruz bayramı bəzi bölgələrdə Yeni ilə nisbətən daha coşqulu və maraqlı keçdiyindən bayramı məhz həmin bölgələrdə olub dincəlmək istəyən qonaqların və daxili turistlərin də sayı artır.
Elə bu səbəbdəndir ki, Novruz bayramı günlərində Bakıda əhalinin sayı az qala təxminən yarım milyon nəfər azalır. Təsadüfi deyil ki, rəsmi məlumata görə, martın 19-da Bakı Beynəlxalq Avtovağzalından rayonlara təkcə avtobuslarla 20870 sərnişin yola salınıb. Yeri gəlmişkən, bu, Avtovağzalın fəaliyyəti dövründə rekord göstərici hesab olunur. Buraya dəmiryol nəqliyyatını, eləcə də qeyri-rəsmi sərnişindaşıma fəaliyyəti ilə məşğul olan mini avtobusları və taksiləri də əlavə etsək, çox maraqlı statistika alınır. Xülasə, bu günlərdə rayonlararası yollarda o baş - bu baş istiqamətdə daşınan sərnişinlərin sayı təxminən 1 milyon nəfərə çatır. Bu isə Azərbaycan kimi ölkə və onun mövcud nəqliyyat sistemi üçün çox ciddi rəqəmdir.
Təbii ki, yenə də avtobuslara, qatara bilet tapmayanlar, narazı qalanlar olur. Amma bu, əsasən həmin adamların özlərinin günahı ucbatından baş verir. Çünki hamı bilir ki, bu günlərdə sərnişin axını normadan 4-5 dəfə çox olur. Hətta müvafiq qurumlar 1 ay əvvəlcədən də səfərə çıxmağa hazırlaşanlara biletlərini bir neçə gün öncədən almağı tövsiyə etmişdi. Lakin bir çoxları yenə də məhz həmin günü, özü də reysdən bir neçə dəqiqə əvvəl vağzala gələrək bilet almağa çalışır, tapa bilmədikdə isə təbii ki, narazı qalır və bunda nəqliyyat orqanlarını günahlandırırlar.
Bununla belə, müşahidələr, eləcə də sərnişin rəyləri göstərir ki, əvvəlki illərə nisbətən vətəndaşların bayram səfərində nəqliyyat problemi daha az olub. Xüsusən də, əvvəlki illərdə daim tənqid hədəfi olan Bakı Beynəlxalq Avtovağzalı bu dəfə keyfiyyətli və ciddi işi ilə müsbət mənada seçilib. Buna Dövlət Avtomobil Nəqliyyatı Xidmətindəki kadr dəyşikliklərinin də təsir etdiyi istisna edilmir. Lakin "düzü düz, əyrini əyri" prinsipinə əməl edib məsələyə ədalətli yanaşmalı və hər kəsin əməyini layiqincə qiymətləndirməyi bacarmalıyıq.
Belə ki, bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərən Avtovağzaldan istənilən bölgəyə 30 dəqiqə intervalla avtobusların çıxması təmin olunub. Ümumiyyətlə, əgər adi günlərdə Bakıdan bölgələrə və əks istiqamətdə 400-450 reys olurdusa, Novruz bayramı ilə əlaqədar onların sayı 2 dəfəyə yaxın artırılıb və xətlərə 700-dən çox avtobus buraxılıb. Bundan əlavə, daha 200-250 avtobus ehtiyatda saxlanılıb və lazım gəldikcə, onların da bir qismindən istifadə edilib. Bəzi bölgələrə getmək istəyən sərnişinlərin çoxluğu müşahidə edildiyindən həmin istiqamətlər üzrə avtobusların sayı hətta ikiqat artırılıb. Biletlərin həm kassalardan, həm də internet üzərindən 10 gün əvvəlcədən satışı təmin edilib.
Eynilə, bu mənada "Azərbaycan Dəmir Yolları" QSC haqqında da xoş sözlər söyləmək olar. Belə ki, orada da 10 gün əvvəlcədən qatarlara biletlər satışı həm kassalardan, həm də internet üzərindən təmin edilib. Sərnişinlərin sayının çox olduğu günlərdə isə qatarlara əlavə vaqonlar qoşulub.
İndi də eyni sərnişin çoxluğu bölgələrdən paytaxta doğru müşahidə edilir. Lakin bayram ərəfəsində Bakıdan bölgələrə gedənlərdən fərqli olaraq, qayıdış nisbətən asan olur. Çünki insanların bayramdan sonra rayondan qayıtması üçün daha çox vaxtları olur. Yəni işindən asılı olaraq, insanlar bölgələrdən artıq 2 günə deyil, 5-6 gün ərzində qayıdırlar.
Diqqət çəkən daha bir məqam isə bayram günlərində əvvəlki illərlə müqayisədə yollarda baş verən avtomobil qəzalarının sayının da nisbətən az olmasıdır. Ona görə də bu məsələdə Dövlət Yol Polisi əməkdaşlarının yollarda təhlükəsizliyin təmin edilməsi istiqamətində gördüyü işləri dəyərləndirməmək mümkün deyil. Burada qanunvericilikdə edilən son dəyişikliklərdən sonra qanunun tələblərini pozan sürücülərə qarşı cəzaların sərtləşməsi amilini də nəzərdən qaçırmaq olmaz.
Təbii ki, yenə də neqativ, qanqaraldıcı hallar baş verib və bunların növbəti illərdə də baş verəcəyi istisna deyil. Yenə də sərnişinləri aldadan, hansısa yolla biletləri əldə edərək onu sərnişinlərə baha qiymətə sırıyan avtobus sürücüləri, yenə də dəmiryol vağzallarında kassalarda bəzi üzüyumşaq sərnişinlərdən biletin rəsmi dəyərindən artıq pul qoparan xəzinədarlar, həmişə olduğundan 50, hətta 100 faiz bahasına aparan taksi sürücüləri, yenə də qayda pozuntusu etdi-etmədi sürücülərin bayram əhval-ruhiyyəsinə soğan doğrayan yol polisləri tapılır. Amma tendensiya göstərir ki, belə halların sayı ilbəil azalmaq üzrədir və bu sevindirir.
Biz sadəcə hər şeyi tərəzinin gözünə qoyub məsələyə əvvəlki illərlə müqayisəli şəkildə baxmağa çalışdıq. Müqayisə isə deyir ki, artıq müəyyən müsbət irəliləyiş var. Ümid edirik ki, növbəti illərdə həm bayram, həm də adi günlərdə həm paytaxtda, həm də bölgələrdə yol-nəqliyyat problemləri minimuma enəcək.