Yol nişanı adi dəmir parçası deyil – İnsan taleyini həll edir
Ölkəmizin yollarında hərdən yol nişanlarında və nişanlanma xətlərində qüsurlar görürük. Avtosfer.az bildirir ki, belə qüsurlardan bəziləri uzun müddət qalmaqda davam edir. Yəqin ki, belə halların mövcudluğunun bir neçə səbəbi var. Amma ən ümumi səbəb yol hərəkətinin təşkilinə və yollarda texniki vasitələrin quraşdırılmasına bu işin əhəmiyyətinə uyğun münasibət bəslənməməsidir.
Bəzən unuduruq ki, yol nişanları və nişanlanma xətləri yollarda təhlükəsiz, münaqişəsiz, rahat və fasiləsiz hərəkətin təmin olunması kimi vacib təyinata malikdir. Onlara laqeyd münasibət hər saniyə insan taleyinə təsir edən fəsadlar doğura bilər. Yol nişanlarının təhlükəsizlik üçün əhəmiyyətini və hüquqi mahiyyətini aydınlaşdırmaq üçün sadə bir misal çəkmək istərdim.
Tutaq ki, vətəndaş dövlətə məxsus torpağı zəbt edib, orada qanunsuz yolla özünə bir daxma tikib və yenə də qanunsuz (heç bir qeydiyyatı olmadan) orada yaşayır. Həmin vətəndaşın bu daxmada olmadığı vaxt biri onun qapısını sındırır və əlinə keçəni götürərək aradan çıxır. Zərərçəkmiş vətəndaşın bütün hərəkətləri qanundan kənar olsa da, onun daxmasını talayanın əməlinə oğurluq cinayəti kimi qiymət verməkdə heç bir problem yoxdur. Çünki həmin oğru özgəsinin yaşayış yerinə qanunsuz daxil olaraq onun əmlakını talamışdır. Oğrunun bu qanunsuz daxmadan və tam qanuni əsaslarla inşa etdiyi dəbdəbəli imarətdən oğurluq etməsinin arasında hər hansı hüquqi fərq də yoxdur.
İndi cinayət xarakterli yol-nəqliyyat hadisəsinə baxaq. Müxtəlif istiqamətlərdən iki avtomobil hərəkət edərək yolayrıcında toqquşur və bu, ölümlə nəticələnir. Srücülərdən hansının bu hadisədə təqsirli olmasını həll edəcək yeganə hal, məsələn, 2.4 “Yol verin” və 2.1 “Baş yol” nişanları olacaq. Hansı sürücünün qarşısında 2.4 nişanı varsa, o, birmənalı olaraq təqsirli sayılır. Deməli, sadə bir metal parçası və onun harada olması cinayət xarakterli hadisəyə hüquqi qiymət verilməsində həlledici rol oynayır.
Ona görə də yol hərəkətinin təşkili ilə bağlı bütün tələblərə çox ciddi yanaşmaq lazımdır. Yol nişanlarının, nişanlanma xətlərinin, digər texniki vasitələrin tətbiqində hər hansı qüsur, hətta bir neçə dəqiqəlik çatışmazlıq da ən ağır nəticələrə gətirə bilər.
Yollara tətbiq olunan nişanlar, nişanlanmalar və digər texniki vasitələr qanunvericiliyə uyğun tətbiq edilməlidir. Bu işdə hər hansı özfəaliyyətdən, bədii təxəyyüldən söhbət gedə bilməz. Bəzən bu mövzuda ciddi yanlışlığı olan mülahizələrə rast gəlirik. Məsələn, hərdən belə sual gündəmə gəlir: yolayrıcında məcburi hərəkət istiqaməti nişanları ilə yol örtüyünə çəkilən istiqamət bildirən oxlar (1.18 nişanlanması) arasında ziddiyyət olarsa, hansı tənzimləmə vasitəsinə üstünlük verilməlidir? Bu suala dəfələrlə qanunvericiliyə və məntiqə istinadən, kifayət qədər əhatəli cavab vermişəm ki, belə ziddiyyət qətiyyən ola bilməz. Əgər varsa, dərhal aradan qaldırılmalıdır. Çünki yol hərəkətində tapmaca olmur. Belə tapmacaya cavab axtarışı insan taleyi bahasına başa gələ bilər. Amma təəssüf ki, yenə də hərdən eşidirəm ki, guya ki, belə ziddiyyət olanda nişanlara üstünlük verilməli imiş. Soruşanda da ki, bu yanaşmanız hansı qanunvericiliyə, hansı məntiqə əsaslanır? Sadəcə cavab verirlər ki, belə olmalıdır. Bəziləri isə “Yol hərəkəti haqqında” Qanunun 69-cu maddəsində müvəqqəti nişanların nişanlanma xətlərindən üstün olmasına dair müddəaya istinad edirlər. Amma bu normada aydın deyildiyi kimi, söhbət yalnız müvəqqəti nişanlardan gedir. Belə nişanlar yolda tikinti və başqa bu kimi işlərlə əlaqədar müvəqqəti hərəkət sxemləri tətbiq edilərkən quraşdırılır. Hətta dünyanın yol hərəkəti təhlükəsizliyinə ciddi əhəmiyyət verən ölkələrində bu tipli normalar çoxdan ləğv edilmişdir. Həmin ölkələrdə müvəqqəti hərəkət sxemi tətbiq etmək üçün əgər görüləcək işlər qısa müddətlidirsə (bir neçə saatlıq), onda canlı insan tərəfindən yerində hərəkəti tənzimləmə həyata keçirilir. Belə işlər uzunmüddətli olduqda isə ya daimi nişan açılaraq yerinə müvəqqətisi bağlanır (bunun üçün nişanın bərkidildiyi 2-4 boltu açıb-bağlamaq lazım gəlir), nişanlanma xətləri isə xüsusi plyonka vasitəsilə görünməz edilir, ya da daimi nişanın üstünə xüsusi torba keçirərək onu görünməz edirlər və həmin yerə müvəqqəti nişan qoyurlar. Bu halda da nişanlanma xətti fərlqi tələb irəli sürürsə, xüsusi plyonka vasitəsilə onu da görünməz edirlər. Bu üsulla müvəqqəti və daimi nişanlar arasında ziddiyyət, müvəqqəti nişanla nişanlama xətti arasında ziddiyyət söhbəti birdəfəlik həll olunur.
Ərşad Hüseynov,
hüquqşünas