Yol nişanları ağacların arasında gizlənir - EKSPERT İRAD BİLDİRDİ

Yazarlar 17 Yanvar 2022 14:59 Oxunub 1394
Yol nişanları ağacların arasında gizlənir - EKSPERT İRAD BİLDİRDİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"Yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması əsasən intizamsız sürücülərin yanaşmasıdır. Bu həmin sürücülərin cəmiyyətə, digər sürücülərə və yoldakı başqa insanlara qarşı olan münasibətinin nəticəsidir". Bu sözləri sia-ya açıqlamasında yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı bildirib.

Onun sözlərinə görə, sürücülər fikirləşirlər ki, tıxac, sıxlıq varsa artıq gözləmək olmaz, haradansa əks istiqamətə çıxmaq olsa belə bir yol tapıb hərəkət etmək lazımdır: “Onların adətən təxmini düşüncəsi bu yöndədir. Təbii ki, bu da çox yanlış bir yanaşmadır. Bu tip sürücülərin davranışları nəticəsində hər gün yollarda qəzalar baş verir, insanlar ölür, ağır xəsarətlər alır. Bu, çox təhlükəli bir tendesiyadır. Bu təhlükənin aradan qaldırılması üçün sadəcə olaraq təbliğat işlərinə ciddi ehtiyac var.

Doğrudur, yol hərəkətinin, infrakstrukturun təşkilində qüsurlar olur və bu qüsurlar nəticəsində də sürücülər qayda pozuntularına yol verirlər. Bu mənada, yol hərəkətinin təşkilindəki problemlərlə əlaqədar olaraq sürücülərin 20-30 faizi qayda pozurlar. Deyək ki, işıqlandırma yoxdur, piyada da qara paltar geyinib. Bu zaman təbii olaraq sürücü də onu görmür, yol vermir. Qəflətən piyada yola qaçır və sürücü üçün də çətin vəziyyət yaranır. Eyni zamanda nişanın olmaması və zolağın boyasının pozulması da qəzalara səbəb olur.

Yolların işıqlandırılmaması da hər gün gecələr nə qədər yol qayda pozuntularına səbəb olur. Məsələn, mən bu yaxınlarda Gürcüstanda oldum. Başqa vaxt bəyənmədiyimiz, özümüzü həmişə üstün tutduğumuz Gürcüstanda yola çəkilən boyalar olduqca parlaq olur. Gözü zəif olan sürücü belə o parlaqlığı görüb, o zolaq üzrə düzgün hərəkət edə bilər. Hətta nişanlar o qədər parlaqdır ki, həmin nişanı ən azı bir 50-100 metrdən aydın şəkildə görmək olur. Bizdə isə nişanlar ağacların arxasında gizlənir, ya da elə yerə vurulur ki, sürücü heç onu görmür. Aşkar yerdə olsa belə gecə işıqqaytarıcı elementləri yaxşı olmadığı üçün gecələr görmək mümkün olmur. Bizdə yol təşkilinə yanaşma budur, biabırçılıqdır.

Bu gün biz apardığımız tədqiqlərdən görürük ki, sürücülər əsasən sürət həddinin aşılması, ötmə, manevr kimi hallarla yol qaydalarını kobud şəkildə pozurlar. İşıqforun qırmızı işığına bəzən ümumiyyətlə əhəmiyyət vermirlər. Yol ayrıclarına daxil olub sıxlıq yaradırlar. Mobil telefondan istifadəyə də çox rast gəlinir. Artıq təhlükəsizlik kəməri ilə bağlı da problemlər yaranır. Əvvəllər bu mövzu ilə bağlı vəziyyət daha yaxşı idisə, son vaxtlar yenə təhlükəsizlik kəmərindən istifadə etməyən srücülər çoxalıb. Bu baxımdan düşünürəm ki, bu istiqamətdə təbliğat işlərinə də ehtiyac var. Amma təbliğatdan əvvəl sürücülər üçün normal şərait də yaratmaq lazımdır. Yol nişanları ağacların arasında gizlənir. Bakı Nəqliyyat Agentliyi, yol polisi hər ilin əvvəlli yüzlərlə nöqtədən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə fotolar və qeydiyyat yerini göndərirlər. Məlumat ötürülür ki, bu ağaclar budanmalıdır ki, orada yol nişanları görünsün. Nazirlik isə buna əhəmiyyət vermir. İl qurtarır, payız gəlir, yarpaqlar tökülür və o nişanlar görünür. Yaz aylarında isə ağaclar yarpaqlayır və bu nişanlar yenə orada itir. Yenə müraciətlər olur, amma bu məsələyə yenə də baxılmır. Sonra da sürücüyə cərimə gəlir ki, siz həmin yerdə sürət həddini aşdınız. Sürücü yol nişanlarının görünmədiyini desə belə buna əhəmiyyət verilmir. Nişanın orada olması yol hərəkətinin düzgün təşkili demək deyil, nişanı görünən vəziyyətə də gətirmək lazımdır. Bizim yolda olan əsas problemlərimiz də elə bunlardan ibarətdir”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh