Yol polisi 10 manatlıq cəriməyə görə maşını niyə cərimə meydançasına aparır? - CAVAB
Bir neçə gün əvvəl “Norma” hüquq mərkəzinin rəhbəri Şamil Paşayev ödənilməyən cəriməyə görə avtomobilin cərimə meydançasına aparılması hallarının sürücülərin narazılığına səbəb olması barədə fikirlər səsləndirib. Bildirib ki, əksər hallarda vətəndaşlar onların elektron qaydada barələrində inzibati qərar qəbul edilməsindən xəbərdar olmur. Hüquqşünas az miqdarda cərimələrə görə avtomobillərin duracağa yerləşdirilməsini isə qınayıb. O bildirib ki, bu kimi əməllər insanların qanun pozuntularına yol verməsinin qarşısını almaq üçün görülən maarifləndirmə işlərinə kölgə salır: “Bununla bağlı qanunvericiliyə dəyişiklik edilməsi daha çox fayda verə bilər. Məsələn, 10-20 manatlıq cəriməyə görə avtomobilin saxlanılması, mühafizə olunan duracağa aparılması həm vətəndaşlara, həm də polisə əlavə iş yükündən və narahatlıq yaratmaqdan başqa bir şey deyil. Bu halda cərimə ödənməsi ilə bağlı məhdudlaşdırma tədbirlərinin miqdarı azı 500 manatdan çox təşkil etdikdə, vətəndaşın qərəzli olaraq cəriməni ödəmədiyi, inzibati xəta haqqında qərarı icra etmədiyi hallarında olması daha ağlabatandadır. İnzibati tənbeh tətbiq etmək vətəndaşın incidilməsinə, narazılıq yaratmasına hesablanmamalıdır. 10 manatlıq cəriməyə görə vətəndaşın maşınını mühafizə olunana duracağa aparılması inzibati tənbehin məqsədinə nail olmasına heç bir halda kömək etmir. Əksinə insanlarının qanuna hörmət ruhunda yaşamasına mane olur”.
Hüquqşünasın bu cür fikirlər səsləndirməsi sürücülər arasında çaşqınlıq yaratmasın. Yol polisi hansısa sürücünü 10 manatlıq cəriməyə görə kefindən saxlamır, nə də maşını kefindən cərimə meydançasına aparmır. Bunu qanun tələb edir və qanunda 10 manat, 500 manat söhbəti yoxdur. Birincisi, intizamlı sürücü qayda pozmur, pozanda isə cəriməni vaxtında ödəyir.
İkincisi, sürücülərin vaxtında məlumatlandırılması üçün bütün imkanlardan istifadə olunur. İlk növbədə Asanpay.az saytında elektron kabinet yaradan sürücülərin dərhal məlumatlandırılmasını qeyd etmək lazımdır. Digər tərəfdən, DYP-də qeydiyyat və ya təkrar qeydiyyat zamanı mobil telefonunu qeyd edən sürücüyə də SMS göndərilir. Bu isə o deməkdir ki, SMS-i almış sürücü məlumatlandırılıb. Yəni, qanuna görə, SMS almış sürücü rəsmi qaydada məlumatlandırlmış sayılır.
O ki qaldı cərimə 500 manatdan yuxarı olduğu halda maşını duracağa aparmağa, bu fikir kökündən yanlışdır və sürücüləri çaşdıra bilər. Çünki cərimənin 10 manatı da, 500 manatı da qanunla nəzərdə tutulmuş qaydada tətbiq edilir və minlərlə sürücü var ki, il ərzində 10 manatdan tutmuş 300-400 manatadək cərimə olunur. O zaman belə çıxır ki, yol polisi oturub həmin cərimənin 500 manatı keçməsini gözləməlidir?
Nəhayət, cərimə sürücüdən pul qoparmaq mənasında deyil, sürücünü nizam-intizamlı olmağa vada edəcək bir mexanizmdir. Bu, həm birbaşa həmin sürücüyə, həm də dolayısı ilə onun ətrafında olanlara “intizamlı ol” fikrini aşılamaq deməkdir.
Elməddin Muradlı