Yol polisi deputatlara o halda güzəşt edə bilər ki... - "Miqalka"lı maşın davası

Yazarlar 9 İyul 2017 01:03 Oxunub 8700
Yol polisi deputatlara o halda güzəşt edə bilər ki... - "Miqalka"lı maşın davası
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Elməddin Muradlı: "Bir qrup deputatlar da var ki, onlar tez-tez yol hərəkəti qaydalarını pozurlar"

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli yol polisi ilə deputatların arasında yaranan mübahisəli məsələlərdən danışıb. Onun sözlərinə görə, heç bir yol polisini inandırmaq olmur ki, deputat yüksək konstitusion hüquqa malikdir. "Sonuncu dəfə bir deputat xanımla yol polisi arasında insident baş vermişdi. Hətta xanım deputatın maşınını cərimə meydançasına aparmışdılar. İki dəfə də bununla bağlı parlamentin iclasında mən məsələ qaldırmışam. Bundan sonra parlamentin spikeri Oqtay Əsədovun razılığı ilə müvafiq şöbədə layihə hazırlandı. Amma çox təəssüflər olsun ki, bu qanun layihəsi komitədə, plenar iclaslarda müzakirə olunmadı. Konstitusiyaya və "Deputatın statusu haqqında” qanuna əsasən, millət vəkillərinin toxunulmazlığı var. Deputat, onun ailə üzvləri, mənzili, maşını heç cür axtarışa məruz qala bilməz, saxlanıla bilməz, cərimə meydançasına aparıla bilməz. Hətta məhkəmə qaydasında inzibati cəriməyə cəlb oluna bilməz”.

T.Kərimli həmçinin bildirib ki, bir sıra ölkələrdə deputatların idarə etdiyi avtomobillər xüsusi nişanlarla fərqlənir. Məsələn, Rusiyada deputat maşınları sayrışan işıqlarla təmin edilib. Bununla da həmin ölkələrdə yol polisi hərəkətdə olan nəqliyyat vasitəsinin kimə məxsus olduğunu təyin edə bilir: "Amma Azərbaycanda bunlar yoxdur. Ona görə də dəfələrlə yol polisi əməkdaşları ilə deputatlar arasında mübahisə yaranıb. Hətta deputatlar bununla bağlı parlamentdə məsələ də qaldırıblar. Hələ ki deputatlarla yol polislərinin mübahisələrinə şahidlik etməkdəyik.

"Deputatın statusu haqqında” qanunun 12-ci maddəsində (Deputatın toxunulmazlığı) göstərilib ki, Azərbaycan Respublikası Konstitusiyasının 90-cı maddəsinə görə, deputatın şəxsiyyəti toxunulmazdır. Deputatın toxunulmazlığı onun evinin, mənzilinin, əşyalarının, şəxsi və xidməti nəqliyyat vasitələrinin, istifadə etdiyi rabitə vasitələrinin, ona məxsus sənədlərin, yazışmaların toxunulmazlığını da əhatə edir.

Deputatın toxunulmazlığına Azərbaycan Respublikası Konstitusiyasının 90-cı maddələrində nəzərdə tutulmuş hallarda və Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsində müəyyən edilmiş qaydada xitam verilir. Əgər qanunda deputatın toxunulmazlığı göstərilibsə, buna əməl etmək lazımdır. Təsəvvür edin ki, rayon strukturlarının rəhbərlərinin maşınları hansı sürətlə və hansı qayda ilə gedirsə getsin, yol polisləri onlara bir söz demirlər. Amma ali qanunverici hakimiyyətin nümayəndələri olan deputatlar yol polisləri tərəfindən təhqirə məruz qalırlar”.

Avtosfer.az saytının baş redaktoru, yol hərəkəti üzrə ekspert Elməddin Muradlı "Şərq”ə açıqlamasında bildirib ki, deputatlara yol hərəkəti qaydalarında müəyyən imtiyazların verilməsi cəmiyyət tərəfindən heç də normal qarşılanmayacaq. 

Onun sözlərinə görə, yol hərəkəti qaydalarında deputatların toxunulmazlıq hüququ o zaman olur ki, onların avtomobili cərimə meydançasına götürülür və yol polisinin əlində hansısa bir sanksiya kağızı olmadan maşında yoxlama aparılır: "Yol polisi qanunu qəbul edən orqan deyil, sadəcə, icraedici orqandır. Qanunları da Milli Məclisin deputatları özləri qəbul edir. Yəni, deputatların qəbul etmiş olduğu qanunlardan narazılıq etməyi adama bir qədər gülməli gəlir. Milli Məclisin savadlı, qanunlardan anlayışı olan bütün deputatları dəfələrlə təsdiq edib ki, deputatların yol hərəkəti qaydalarından kənara çıxmaq hüququ yoxdur, yəni deputatlar inzibati məsuliyyətdən azad deyillər, bununla bağlı onların toxunulmazlıq hüququ yoxdu. Əgər yol polisi deputatın özünü sükan arxasında sərxoş vəziyyətdə saxlayırsa, digər sürücülərə qarşı nə tədbir görübsə, həmin tədbiri deputata qarşı da tətbiq etməlidir. Dayanma, durma qaydalarını pozarsa, deputatın avtomobili cərimə meydançasına aparıla bilməz. Amma yerindəcə protokola 20 manat cərimə tərtib edə bilər. Belə hadisələr təcrübədə də olub. Bu yaxınlarda deputata avtobus dayanacağında maşın saxladığına görə 40 manat cərimə yazan yol polisi əməkdaşını mükafatlandırmaq istəyirik.

Çox təəssüflə bildirirəm ki, bəzi millət vəkilləri yol hərəkəti qaydalarını pozurlar. Sonra da öz mandatlarının surətlərini bir məktubun arasına qoyub həmin cərimə bildirişlərini Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə göndərirlər və xahiş edirlər ki, "bunlara xitam verəsiz”.

E.Muradlı həmçinin deyib ki, monitorinq aparılan zaman bəlli olacaq ki, deputatlar yol hərəkəti qaydalarını rayonlara seçicilərlə görüşə gedən zaman deyil, ya istirahətə, ya da şəxsi işlərini həll etməyə gedərkən pozurlar. Bu cür hallarda isə onlara imtiyazların verilməsi məqbul sayılmır: "Şəxsi işinin arxasənca getmisən, qayda pozmusan, zəhmət çək cəriməni ödə. Ya da qaydanı pozma, başqalarına nümunə ol. Belə başa düşürəm ki, əksər deputatların sükan arxasında özü deyil, sürücüləri olur. Əgər deputat özü yol hərəkəti qaydalarının davamlı olaraq pozulmasına göz yumursa, bu, çox təəssüfləndirici bir haldır. Elə deputatlar var ki, təbliğat işində bizə dəstək olur, amma bir qrup deputatlar da var ki, onlar tez-tez yol hərəkəti qaydalarını pozurlar.

Azərbaycanda elə bir hal yoxdur ki, deputatlara xüsusi nömrə verilsin, onlar sayrışan işıqlarla təmin olunsun və heç bir yol polisi saxlayıb onlara cərimə yazmasın. Tahir müəllim savadlı millət vəkili və hüquqşünasdır. Çox gözəl ideyaları var. Bu məsələni ideya olaraq istifadə edib, layihə yazsın və təqdim eləsin. Əgər uyğun bilərlərsə, səs verib qəbul edəcəklər. Lakin düşünürəm ki, bu, cəmiyyətdə heç də yaxşı qarşılanmayacaq. Məncə, məsələnin üstünə o qədər də getmək lazım deyil. Yaxşı olar ki, deputatlar özləri cəmiyyətə bir nümunə olub yol hərəkəti qaydalarını pozmasınlar. Başqa bir izah görmürəm və istəmirəm ki, deputatlar yol qaydalarından kənara çıxıb öz xeyirləri üçün hansısa qanun qəbul eləsinlər”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh