Banner

Yol polisi dostdur, yoxsa düşmən – SƏBƏB?

Yazarlar 22 Noyabr 2014 07:10 Oxunub 2283
Yol polisi dostdur, yoxsa düşmən – SƏBƏB?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DYP əməkdaşına əl qaldıran insan bir gün yoldan keçən uşağı da tapdalayar

 

Polis-sürücü münasibətləri gərginləşib; psixoloji gərginliyi necə aradan qaldırmaq olar?

 

Son bir həftə ərzində yol polislərinin döyülməsi, xəsarət alması barədə ən azı 4 xəbər eşitdik. Zaqatala rayonunda polis postunda sürücü şüşə qırıntısı ilə yol polisinin boğazına xəsarət yetirmişdi. Bakıda Nərimanov rayonunda «avtoş» maşını yol polisinin üstünə sürərək onu vurub. Ertəsi gün yenə də Nərimanov rayonunda yol polisi əməkdaşı sürücü tərəfindən döyülüb. Və nəhayət, Binəqədi rayonunda iki yol polisi əməkdaşı bıçaqlanıb. Özü də bir sürücü tərəfindən.

Adamı təəccüb və təəssüf bürüyür; doğrudanmı, iki yol polisinin bir sürücüyə gücü çatmır? Polisin fiziki hazırlıq səviyyəsi bu qədərmi zəifdir ki, yoldan keçən onu bıçaqlayır, döyür, boğazına şüşə qırıntısı çəkir? Yaralananlara tezliklə sağalmalarını arzulayıb «keçmiş olsun» deyirik. Amma bu olay bəzi suallar da doğurur: Bizim polis bu qədər zəifdirmi ki, hətta özünü də qoruya bilmir? Özü də hansısa qudurğan sürücü bunların ikisini birdəfəyə bıçaqlaya bilir.

Bəs bu polis əməkdaşlarının xüsusi vasitələri hanı, yoxsa DYP əməkdaşları xidmətə çıxarkən yalnız qələm və protokol blankı ilə «silahlanmalıdır»?.

Sürücünün DYP əməkdaşına bu dərəcədə qəzəb və şiddətinin səbəbləri görəsən nədir? Bu münasibət nədən bu dərəcədə gərgindir?

Bəri başdan bildirək ki, son vaxtlar sürücü-polis münasibətlərinə gərginlik müşahidə olunur. Hətta bu gərginlik o səviyyədə çatıb ki, bəzi sürücülər yol polisinə tabe olmamağı, onlara qarşı kobudluq etməsi qəhrəmanlıq sayır və bunu dost-tanış arasında fəxrlə danışır. Səbəb? Yol polisləri bu münasibətləri nədən bu səviyyəyə çatdırıblar? Problem sürücülərdədir, yoxsa yol polislərində? Məsələni necə həll etmək olar? Polis-sürücü münasibətlərindəki bu gərginliyi necə aradan qaldırmalıyıq? Əlbəttə, hamı dərk edir ki, polis olmasa, yollarımızdakı vəziyyət daha gərgin olar. Harınlamış sürücülər insanları əzib keçər. Yenə də, son gümanımız polisdir. Elə yol polislərini də kənara qoymayaq. Onlar hər gün yollarımıza nəzarət edirlər və bəzən iş saatın artıq olmasından, vətəndaşlarla ünsiyyətdə yaşanan gərginlikdən doğan pis əhval-ruhiyyə sonda kiminsə «başında çatlayır». Aydın məsələdir ki, psixoloji gərginlik insanı o hala gətirir ki, hətta bəzən insanlar yaxşı, xoş əmələ də aqressiv olurlar. Polislər də cəmiyyətin bir təbəqəsi olduğu üçün onları da başa düşmək lazımdır. Amma necə? Polis özünü küçədə apara bilməyən sürücünün səviyyəsinə enməməlidir. Söhbət yol polisindən gedirsə, onlar tabe olmayan, əl-qol atan sürücünü ram edə bilmirlərsə, əlavə kömək çağırmalıdır. Bundan əlavə, yol polisi fiziki cəhətdən o qədər hazırlıqlı olmalıdır ki, əl-qol atan sürücünün əlini-qolunu qandallayıb polis bölmələrinə göndərməlidir. Yox əgər sürücü polisi söyürsə, polis də qayıdıb onu söyməyə başlayırsa, burada kimin kim olduğu bilinmir və bəzən polislər işi unudub özlərini küçədə mülki şəxs kimi aparırlar. Bütün hallarda, nəzərə almaq lazımdır ki, polisin fəaliyyəti qanunla, təlimatla tənzimlənir. Vətəndaş isə heç bir təlimatla hərəkət etmir. Vətəndaş hər cür hərəkət edə bilər. Polis onun səviyyəsinə düşməməli və yeri gələndə, gücünü göstərməlidir. Çünki son olaylar cəmiyyətdə yol polislərinə qarşı münasibəti pis tendensiyaya aparır və bunun davamlı olmayacağına heç kim zəmanət verə bilməz. Odur ki, DİN rəhbərliyinin bu məsələdə polis həmrəyliyi göstərməsi, baş vermiş hadisələrin tam ciddi araşdırılması və bunun nəticəsi barədə mətbuata mütəmadi məlumat verilməsi arzuolunandır. Çünki mətbuat hadisə barədə məlumat verir, lakin sonradan hadisəyə dair rəsmi məlumat verilmədikdə, polisə qarşı kobudluq edənlərin, cinayət töərədənlərin tutulub-tutulmadığı qeyri-müəyyən qaldıqda cəmiyyətdə belə fikir formalaşır ki, yol polisini vurub getmək lazımdır, onsuz da tutan olmayacaq. Ancaq belə münasibətin formalaşmaması üçün Daxili İşlər Nazirliyi hər bir hadisə üzrə mütəmadi məlumatlar yayıb təqsirkarların cəzalandırıldığını cəmiyyətə çatdırmalıdır. Hətta belə ədəbsiz insanların foto və videolarının cəmiyyətə ötürülməsi də faydalı olar. 

Hüquqşünas Ərşad Hüseynov da hesab edir ki, iki DYP əməkdaşının bir nəfər sürücü tərəfindən bıçaqlanması hadisəsi bir sıra məsələlərə diqqətin artırmağın zəruriliyini göstərir. Öncə diqqət yetirilməli olan məsələ DYP əməkdaşları ilə sürücülər arasındakı münasibətin belə gərgin olmasının səbəbləridir: «Hesab edirəm ki, belə gərginlik bütün incəliklərinə qədər araşdırılmalıdır.

Təəssüf ki, cəmiyyətdə uzun müddətdir ki, DYP-ni və sürücüləri qarşı duran tərəflər kimi ifadə edən stereotip formalaşıb. Belə yanaşma son vaxtlar yollardakı gərginlik səbəbindən bir qədər də neqativ çalar alıb. Çünki cəmiyyətdə bəziləri yollardakı tıxacların, cərimələrin sərtləşdirilməsinin, hətta duracaqların pullu edilməsinin də səbəbkarı kimi DYP-ni görürlər. Nəticədə, bəzi insanlarda formalaşan aqressiv əhval-ruhiyyə mübahisəli şəraitdə gördüyümüz qanlı münaqişəyə çevrilir. Həmin yanaşmanın aradan qaldırılması üçün xeyli iş görülməlidir. İlk növbədə DYP-nin yol hərəkəti iştirakçılarının rəqibi yox,  dostu, xidmətçisi olduğu fikri formalaşdırılmalıdır. Cəmiyyət dərk etməlidir ki, DYP məhz yollarda asayişin yaradılması, rahat və fasiləsiz hərəkət şəraitinin olması üçün xidmət edir. Özü də həmin xidməti gecə də, gündüz də, qızmar günün altında da, yağışda və qarda da həyata keçirir. Xidmət zamanı intizamsızların məsuliyyətə cəlb edilməsi, cərimələnməsi və başqa tədbirlərə məruz qalması isə məhz cəmiyyətin intizamlı əksəriyyətini bəzi intizamsızlardan qorumaq üçündür».

Lakin nə qədər maarifləndirmə və təbliğat aparılsa da intizamsızların da olması qaçılmazdır. Ona görə də, hüquqşünas hesab edir ki, belə tək-tük harın və intizamsızın qarşısını almaq üçün polis yüksək peşəkarlığa və fiziki hazırlığa malik olmalıdır: «Polisin lazımi peşəkarlığı olduqda belə münaqişəli vəziyyətlər minimuma enir. Hər hansı səbəbdən polisə qarşı aqressiv və təhlükəli hərəkətlər olduqda isə polis öz fiziki hazırlığı sayəsində bunun qarşısını ala bilir».

Bu hadisənin doğurduğu digər bir sual DYP əməkdaşlarının xüsusi vasitələrlə təmin olunması məsələsidir. Ərşad Hüseynovun sözlərinə görə, intizamsız və aqressivliyə meylli sürücülər bəri başdan bilirlər ki, DYP əməkdaşlarında ya xüsusi vasitələr yoxdur, ya da əməkdaş həmin xüsusi vasitələrdən istifadə etmir: «Belə vəziyyət yolverilməzdir, çünki bu halda intizamsız insan bir qədər də sərbəstləşir. Amma DYP əməkdaşları da qanunvericiliyə uyğun şəkildə xüsusi vasitələrlə təchiz edildikdə və həmin vasitələrdən qanunvericiliyə ciddi riayət etməklə istifadə etdikdə, bu, ən azı intizamsızlar üçün psixoloji təsirdir. Ona görə də DYP əməkdaşları da polisin digər xidmətlərində olduğu kimi xüsusi vasitələrlə təchiz edilərək xidmətə çıxsalar, yaxşı olar. Söhbət dəyənək, qandal kimi vasitələrdən, habelə ən azı gecə xidmətində olan, yaxud təhlükəli sahələrdə olan əməkdaşların elektroşok və odlu silahla xidmət etməsindən gedir. Mövcud qanunvericilik heç bir fərq qoyulmadan polisin bütün xidmətlərinin, o cümlədən DYP-nin xüsusi vasitələrlə təmin edilməsini nəzərdə tutur. Həmin vasitələrin tətbiqi qaydaları və şərtlərini gözəl bilən, yüksək peşəkarlığa malik DYP əməkdaşı yollarınızda nizam-intizamın təmin edilməsində daha səmərəli xidmət edər».

Sonda bir mühim məqama diqqət çəkmək lazımdır ki, cəmiyyətdə normal asayişin təmin olunması birbaşa olaraq polis əməkdaşlarının peşəkarlıq səviyyəsindən, ədalətliliyindən, obyektivliyindən və bu zaman qətiyyətindən və ciddiliyindən asılıdır. Belə olmasa, kriminal meyllər artar və bu gün DYP əməkdaşına əl qaldıran insan, çox asanlıqla yoldan keçən uşağı da tapdalayar.

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Tahir 10 Noyabr 2014 22:55
...Səbəb Yol polisləri bu münasibətləri nədən bu səviyyəyə çatdırıblar Problem sürücülərdədir, yoxsa yol polislərində Məsələni necə həll etmək olar Polis-sürücü münasibətlərindəki bu gərginliyi necə aradan qaldırmalıyıq...Qanunlar neçə ki, polislərin əlində gah nala, gah da mıxa vurur, belə də davam edəcək.P.C. Qoruyucunu dəyişməkə avtomobilinizin problemi həll olunmur, zədələnmiş naqillər də DƏYİŞİLMƏLİDİR.