Yol polisi ilə sürücülərin qarşıdurmasına son qoyuldu
Mayın 1-dən qüvvəyə minəcək yeni İnzibati Xətalar Məcəlləsində inzibati məsuliyyətə cəlb etmə müddətləri ilə bağlı maraqlı yeniliklər var. Bu dəyişiklik daha çox yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara aiddir. İki yenilik daha maraqlıdır. Avtosfer.az-ın məlumatına görə, birinci yenilik odur ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara görə cəlbetmə müddəti bir ilə qaldırılır. Hazırda bu müddət iki aydır. Yalnız icraatı dayandırmaq üçün əsaslar olduqda həmin müddəti dayandırmadan sonra bir ilədək davam edə bilər. Yeni layihə isə hər bir halda cəlbetmə müddətini bir il müəyyən edir. Yəni yol hərəkəti qaydasını pozmuş sürücüyə, piyadaya və ya başqa hərəkət iştirakçısına cərimə və digər tənbehlər qayda pozuntusundan sonrakı bir il ərzində tətbiq oluna bilər. İkinci yenilik isə daha maraqlıdır. Məcəllənin layihəsində qeyd olunur ki, sürücünün törətdiyi və xüsusi texniki vasitələrlə (kameralarla və ya radarla) qeydə alınmış qayda pozuntuları elektron protokolla rəsmiləşdirildikdən sonra həmin elektron protokol hər bir sürücünün elektron kabinetinə 1 aydan gec olmayaraq yerləşdirilməzsə, sürücü həmin qayda pozuntusuna görə məsuliyyətdən azad olunur. Başqa sözlə, sürücünün törətdiyi qayda pozuntuları cəmiyyətdə "MMX protokol” kimi tanınan elektron protokolla rəsmiləşdirilibsə, həmin protokol xətanın törədildiyi gündən bir ay müddətində sürücünün özünün, bankın, poçtun görə biləcəyi sistemdə yerləşdirilməlidir. Əks təqdirdə, yəni "MMX protokol” qayda pozuntusundan sonrakı bir ay müddətində "elektron kabinet”də yerləşdirilmədikdə, həmin sürücü bu qayda pozuntusuna görə cərimə oluna bilməz.
Yeniliklərin əhəmiyyəti barədə "Şərq”ə danışan Avtosfer.az saytının baş redaktoru, nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, bu addım sürücü ilə dövlət yol polisi arasındakı qalmaqala son qoyacaq: "Qanunvericiliyə edilən dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, həmin elektron protokollar - MMX, radar və kamera görüntüləri bir ay müddətində sistemə vurulmalıdır. Təcrübədə dəfələrlə görmüşük ki, maşın saxlanılır və məlum olur ki, bir il bundan əvvəl onun ödənilməmiş cəriməsi var. Sürücünün isə bundan ümumiyyətlə xəbəri olmur. Elə sürücü var ki, ayda bir dəfə sistemdə cəriməsinin olub-olmamasını yoxlatmaq istəyir. Lakin yoxlama zamanı onun cəriməsi olsa belə, bilinmir. Boşluq yaranır. DİN-in saytında cərimələrin öyrənilməsi bölməsinə girirsən, baxırsan ki, ödənilməmiş cərimə yoxdur. Amma səhər çıxırsan, yol polisi səni saxlayır və məlum olur ki, 5-6 cərimən var. Bu cür problemlərin yaranmaması üçün dəyişikliyi müsbət qarşılayırıq. Ona görə də biz məlum yeniliyi müsbət dəyərləndiririk. Bir sözlə, məlum qərar sürücülərlə yol polisi arasında yaranan problemlərin həllinə yönəlmiş addımdır. Çünki az qala hər gün demək olar ki, KİV-də yol polisi ilə sürücü arasında qarşıdurmanın şahidi oluruq. Dərindən araşdıranda da görürük ki, hansısa MMX-yə görə saxlanılıb. Hətta bəzən vəziyyət o həddə çatır ki, yol polisinin üstünə maşın sürürlər. Belə halların yaşanmaması üçün Milli Məclis məlum dəyişikliyi gündəmə gətirdi”.
Ekspert qeyd edib ki, qanun pozuntuları bir ay müddətində sistemə vurulmalıdır, həmin müddət ərzində sistemə vurulmayıbsa, protokol ləğv olunmalıdır: "Yəqin ki, konfliktlərə son qoyulacaq. Amma sürücülər elə anlamasınlar ki, ümumiyyətlə MMX, cərimələr ləğv olunur. Elə bir şey yoxdur. Hətta əvvəldən kimin nə qədər cəriməsi varsa, adi qaydada ödəniləcək”.
E.Muradlının sözlərinə görə, sözügedən dəyişikliklərlə sürücülərin rahatlığı təmin olunacaq: "Baxın, evə "MMX protokol”la bağlı məktub gəlir. Təəssüflər olsun ki, sürücü aylarla protokol əsasında banka gedib, ödəniş edə bilmir. Yol polisi işi elə qurub ki, sürücü yenə də məcbur olub, dövlət yol polisi şöbələrindən hansınasa müraciət etməli olur ki, bu protokolu sistemə oturdun, gedib cəriməmi ödəyim. Əksər hallarda şöbəyə gedən sürücülər DYP ilə bu və ya digər formada razılaşırlar və məsələni həll edib, çıxırlar. Cənab Prezident də qanunu təsdiqlədi və qanuna əsasən, sürücülər qayda pozuntusuna görə, DYP-yə çağırılmamalıdır. Olmaz. Bu qadağa edilib. Amma baxın, yol polisi neyləyir. Yenə də çəkir göndərir, amma sistemə vurmur. Məcbur edir ki, sürücü şöbəyə gəlsin. Amma sürücü şöbəyə niyə gəlməlidir? Sürücü də qorxusundan gedir. Çünki bilir ki, bir aydan sonra üstünə faiz gələcək. İki aydan sonra maşının saxlanmasına dair qərar çıxarılacaq. 3 aydan sonra sürücülük hüququnun məhdudlaşdırılması meydana gələ bilər. Avtomobil cərimə meydançasına aparıla bilər. Məhz bundan ehtiyatlanaraq sürücü işini-gücünü atır, polis şöbələrinə gedir. İndiki dəyişikliyin də mahiyyəti odur ki, DYP zəhmət çəksin o MMX-ləri bir ay müddətində sistemə vursun ki, sürücü ödəsin. Həm ödəniş də asanlaşdırılıb. Kimin cəriməsi varsa, sürücüyə SMS gəlir ki, sənin cərimən var. Sürücü də cərimənin üstünə faiz gəlmədən 20 faiz güzəştdən istifadə etməklə gedib rahat şəkildə cəriməsini ödəyəcək. Bir daha vurğulayıram ki, müsbət addımdır. Bu barədə məlumat yaydıq. Qərarın icrasına dair məlumat verəcəyik”.