Yol polisi MMX protokollara görə hər il milyonlar xərcləyir – Xərci necə azaltmalı?
Sürücülərin MMX protokol kimi tanıdığı elektron protokolların ünvana çatdırılması heç də sadə proses deyil. Bunun üçün il ərzində kifayət qədər böyük məbləğdə vəsait xərclənir. Hələ insan əməyindən danışmırıq…
Avtosfer.az-ın apardığı kiçik bir araşdırma nəticəsində maraqlı faktlar ortaya çıxıb. Əgər maliyyə vəsaitinə qənaət etmək lazımdırsa, o zaman ortaya çıxan mənzərəyə diqqətlə yanaşmaq və yeniliklərə keçid etmək lazımdır.
Əvvəla ondan başlayaq ki, MMX protokol xüsusi texniki vasitələrin köməyi ilə aşkar olunan qayda pozuntusu əsasında tərtib olunmuş elektron protokoldur. Bu protokolla bağlı sürücülər elektron qaydada və SMS-lə məlumatlandırılır. Məsələn, Asanpay.az saytında elektron kabineti olan sürücü radara düşdükdə qayda pozuntusu ilə bağlı tərtib olunmuş elektron protokol dərhal onun elektron kabinetinə yerləşdirilir və sürücüyə SMS göndərilir. Lakin bu SMS protokolun sürücüyə çatdırılması sayılmır. Yəni, bunlar sürücünün məlumatlandırılması məqsədilə atılan addımdır. Çatdırılma isə o deməkdir ki, elektron protokol çap olunmalı, kağız daşıyıcıda sürücüyə çatdırılmalıdır. Təsəvvür edin ki, elektron protokol çap olunur, DYP inspektorları onları bir-bir konvertə qoyur, üstünü yazır, marka yapışdırır və gündəlik, bəlkə də gündə bir neçə dəfə poçta göndərir. Burada da poçt işçiləri onları ünvanlar üzrə seçir və poçtolyona verilir ki, ünvanlara çatdırılsın.
Bəzən çap prosesində yalnışlıqlar da olur. Bir də görürsən, «Mercedes» markalı avtomobilin qayda pozuntusu ilə bağlı protokol «VAZ»-ın sürücüsünə göndərilib. Və ya, protokolda «Opel»dən bəhs olunur, fotoda isə «Nissan»ın əksi var. Bu və digər problemlər də istər-istəməz əlavə vaxt itkisidir. Sürücü şikayət edir, məktubu hazırlayıb göndərən DYP əməkdaşları da onları yenidən qaydaya salmalı olur. Əslində isə elektron çatdırılma zamanı bu problemlər aradan qalxmış olar. Bəs, elektron çatdırılma nə deməkdir?
İlk növbədə qeyd etmək lazımdır ki, hazırda qanunla tətbiq olunan çatdırılma ilə bağlı İnzibati Xətalar Məcəlləsində hər şey aydın yazılıb. Məcəllədə qeyd olunur ki, protokol sürücüyə şəxsən çatdırılmalıdır. Amma o, qeydiyyatda olduğu ünvanda olmadığı halda yetkinlik yaşına çatmış şəxsə təqdim edilməlidir. Bu da mümkün olmadıqda sürücünün iş yerində çatdırıla bilər. Lakin məsələ bundadır ki, bu gün təkcə Bakı həhərində 100 sürücüdən ən azı 30-u qeydiyyatda olduğu ünvanda tapılmır. Əksəriyyəti ya ünvanı dəyişib, ya evini kirayə verib özü başqa yerdə kirayədə yaşayır, ya bağ evinə köçüb, ya da evi plana düşüb söküldüyü üçün harada qeydiyyatda olduğu məlum deyil. Bu halda ümid ona qalır ki, sürücü avtomobili texniki baxışdan keçirməyə gəldikdə və ya avtomobili alqı-satqı etdikdə yaşadığı ünvan barədə yol polisinə məlumat versin. Bundan sonra protokol həmin ünvana göndərilsin. Və ya, 2 aydan sonra avtomobilin saxlanılması barədə qərar çıxarılır, hansısa inspektor avtomobili haradasa görsə, saxlayıb həmin potokolları printer vasitəsilə çap edib sürücüyə təqdim etməlidir.
Göründüyü kimi, bir protokol üçün iki dəfə çap prosesi həyata keçirildi və əlavə əmək sərf olundu,
Məlum məsələdir ki, bu gün əksər insanların iş saatı 6-dan sonra bitir. 6-da işdən çıxan adam 7-də evə gəlib çatır. Poçt xidməti də saat 5-6-ya qədər işləyir. O zaman protokolun sürücüyə çatdırılması daha da çətinləşir. Poçtolyonun bir protokolu bir dəfə ünvana aparması üçün Dövlət Yol Polisi poçt xidmətinə 40 qəpik ödəyir. Məktub ünvana çatmadıqda geri qaytarılır və təkrar sifariş verilirsə yenə də 40 qəpik ödəniş edilir. Məktub üçün konvertin bir ədədi 1 manata başa gəlir. Marka isə 20-40 qəpik arasındadır. Göründüyü kimi, bir protokolun ünvana çatdırılması 2 manata yaxın xərc aparır. Hələ fiziki işi demirik…
İl ərzində sürücülərə qarşı DYP tərəfindən tərtib olunan inzibati protokollar sırasında elektron protokollar çoxluq təşkil edir. Təxmini hesablamalara görə, bir ildə sürücülərə ölkə üzrə 1 milyon 500 min elektron protokol tərtib olunur. Bunu da 2 manatdan hesablasaq, o zaman ortaya 3 milyon manat vəsait çıxır. Bəs görəsən, bu pula necə qənaət etmək olar? Texnologiya əsrində yaşadığımız halda, hələ də kağız daşıyıcıda elektron protokolun çatdırılmasının ləğv edilməsinin vaxtı çatmayıbmı? Bir şeyin ki, adı elektron protokoldur, onun elektron qaydada çatdırılması mümkün deyilmi?
Bu istiqamətdə apardığımız təhlillər göstərir ki, əslində, bu gün elektron protokolların sürücüyə elə elektron qaydada çatdırılması mümkündür. Məsələn, sürücülərin borcudur ki, avtomobili istər alqı-satqı yola ilə aldıqda, istər etibarnamə ilə idarə etdikdə və ya texniki baxışdan keçirərkən mobil telefon nömrəsini, elektron ünvanına təqdim etməlidir. Üstəlik, onlar üçün Asanpay.az saytında elektron kabinet yaratmaq imkanı da var. Bütün bunlar varkən sürücülərin elektron qaydada məlumatlandırılması həm də protokolun elektron qaydada çatdırılması sayıla bilməzmi? Bu gün adi telefonlardan göndərilən SMS-lər oxunan kimi göndərən şəxs mesajın oxunması barədə bildiriş ala bilir. Eyni sistemi sürücülərə elektron kabinet və ya SMS vasitəsilə çatdırılması məsələsində də tətbiq etmək mümkündür. Yəni, mesaj və ya elektron kabinetə göndərilən məlumat oxunan kimi göndərən şəxsə bildiriş gəlsin ki, sonra sürücü ilə yarana biləcək mübahisə zamanı sübut etmək mümkün olsun.
Məsələ burasındadır ki, SMS-i də sürücüdən başqa heç kim oxuya bilməz, elektron kabinetə göndərilən məlumatı da. Çünki indiki halda elektron kabinetə yalnız sürücü özü daxil olub məlumatlarla tanış ola bilir, telefon da daim sürücüdə olur. Yəni, bu gün telefonsüz sürücü təsəvvür etmək çətindir.
Sözsüz ki, bu təklifləri daha da təkmilləşdirib tutarlı bir sistem qurmaq mümkündür və bununla da qeydiyyatda olduğu ünvanda tapılmayan, poçtolyonu görəndə qaçıb gizlənən, qeydiyyatda olduğu ünvanda yaşamayan sürücülərə elektron protokolların çatdırılması problemi həllini tapmış olar.
Hər il minlərlə elektron protokol sürücüyə çatdırılmır və əksər sürücülər də dost-tanış arasında fəxrlə deyir ki, MMX bir ildən sonra silindiyi üçün çalışıb bir il yayınmaq lazımdır. Bu yolla da minlərlə sürücü məsuliyyətdən kənarda qalır.
Sözsüz ki, bu məsələləri həll etmək üçün Milli Məclisdə qanunvericilik bazası formalaşmalı və qəbul edilməlidir. Amma gələcəkdə milyonlarla vəsaitə qənaət etmək üçün addım atılacaqsa sürücülərin də hüquqlarını nəzərə almaq lazımdır. Məsələn, SMS vasitəsilə elektron protokolun çatdırılması qanuni çatdırılma sayılacaqsa, o zaman sürücüyə də SMS vasitəsilə protokola etiraz etmək və ya şikayət etmək imkanı yaradılmalıdır. Hətta elə bir imkan yaradıla bilər ki, sürücü cərimə barədə bildiriş aldıqda heç bir etirazı olmayacaqsa mobil telefonla da ödəniş edə bilər. ASAN Xidmətin və Baş Dövlət Yol Polisi İdarəsinin bu sahədə səmərəli əməkdaşlığı il ərzində milyonlarla vəsaitə qənaət edilməsinə gətirib çıxara bilər.
Güman edirəm ki, Azərbaycanda belə bir sistemi qurmaq və tətbiq etmək o qədər də çətin məsələ olmaz. Hər halda, indiki şəraitdə Dövlət Yol Polisinin il ərzində 3 milyon manatı kağız-kuğuza, konvert-markaya xərcləməsi lazımsız bir işdir. Bu pulla yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, təbliğat işinin daha da gücləndirilməsi, yollardakı problemlərin aradan qaldırılması daha faydalı olardı.
Elməddin MURADLI