Yol polisi nə istəyir?
Respublikada avtomobil parkının yüksək sürətlə genişləndiyi müasir dövrdə nəqliyyat sisteminin təkmilləşdirilməsi, o cümlədən yol hərəkəti təhlükəsizliyinin effektli təmini, insanların həyat və sağlamlığının müdafiəsi ölkə rəhbərliyinin diqqət mərkəzində olan məsələlərdəndir. Yol hərəkətinin təhlükəsizliyinin təmini polisin qarşısında duran mühüm vəzifələrdən biri olduğundan və təbii ki, bu proses baş şəhərdə – Bakı yollarında daha çox diqqət çəkir. Təkcə bir adamın yox, böyük bir cəmiyyətin gələcəyi ilə əlaqəli olan bu missiyanın məsuliyyətlə yerinə yetirilməsi bir sözlə, yollarda qayda-qanunun təmin olunmasına zəmanət verir.
Ötən ilin reallıqlarının təhlilləri göstərir göstərir ki, paytaxt yollarında mövcud qanun və normativ-hüquqi aktların tələbləri rəhbər tutularaq icrası təmin edilib. Eləcə də həyata keçirilən tədbirlər, o cümlədən müvafiq dövlət proqramları çərçivəsində Dövlət Yol Polisi xidmətinin maddi-texniki imkanlarının artırılması, elmi-texniki vasitələrdən daha geniş istifadə etməsi, İnzibati Xətalar Məcəlləsinə və “Yol hərəkəti haqqında” Qanuna edilmiş dəyişikliklər hərəkətin təhlükəsizliyinin təmini işinə müsbət təsir göstərib. Belə ki, ötən il əvvəlki dövrlə müqayisədə sanksiyalar sərtləşdirildikdən sonra həm törədilən inzibati xətaların, həm də yol hərəkəti qaydalarının pozulması nəticəsində ölümlə nəticələnən yol-nəqliyyat qəzalarının sayı əhəmiyyətli dərəcədə xüsusilə, paytaxt yollarında daha çox xarakterik olan piyadavurma hallarında azalma müşahidə olunub. Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov yol-nəqliyyat qəzalarının təhlillərinə diqqəti yönəldərək bildirir ki, bu sahədə sürücülərin intizamı və sürücülük mədəniyyətinin yüksəldilməsi istiqamətində keçirilən reydlər, sürücülüərlə aparılan profilaktiki söhbətlər, avtoxuliqanlığa meylli sürücülərin aşkarlanaraq məhkəmə məsuliyyətinə cəlb olunmaqla, inzibatı qayda da həbs olunması yol-qəza hadisələrinin dinamikasına təsir göstərib.Yol-nəqliyyat hadisələrinin baş verməsi əksər hallarda hərəkət iştirakçılarının intizam səviyyəsi ilə bağlı olduğunu vurğulayan bölmə rəisi xüsusi olaraq, yol hərəkəti sahəsində qanunlara əməl olunmasına tələbkarlığın yüksəldiyini bildirib: “Tətbiq edilən inzibati tənbeh tədbirləri ilə yanaşı, hərəkət iştirakçılarında hüquqi düşüncənin formalaşdırılması, onların müvafiq norma və qaydalara hörmət ruhunda maariflənməsi məsələləri diqqət mərkəzindədir”.
Elm və texnikanın inkişaf etdiyi müasir dövrümüzdə avtomobil yollarında hərəkətin tənzimlənməsi və hərəkətə nəzarətin həyata keçirilməsində texniki qurğu və vasitələrdən səmərəli istifadə olunması mühüm əhəmiyyət kəsb edir. Hazırda Bakı şəhərinin yolayrıcında müasir tipli svetofor-nizamlayıcı obyektləri quraşdırılaraq nəqliyyat vasitələrinin və piyadaların hərəkətini bir mərkəzdən tənzimləmək imkanı olan avtomatik idarəetmə sistemi fəaliyyət göstərir. Bir sıra küçələrdə hərəkət "Yaşıl dalğa" deyilən prinsip üzrə hərəkət təşkil olunub. Hərəkətin intensivliyi yüksək olan yolayırıcında quraşdırılan videokameralar bütün gün ərzində monitor arxasında həmin ərazilərdə hərəkətə nəzarət etməyə imkan yaradır ki, bu da paytaxt yollarında sürət məhdudiyyətinə əməl etməyən sürücülərin aşkar olunmasına zəmin yaradır. Yol hərəkəti qayda pozuntuları müasir texniki vasitələrdən istifadə olunmaqla aşkarlanması belə hallara qarşı mübarizənin səmərəsini artırmaqla yanaşı, qayda pozuntusunu sənədləşdirərkən mübahisəli halları da aradan qaldırır və bütövlükdə sürücü intizamının yüksəlməsinə xidmət edir.
Hərəkətin təhlükəsizliyinin təmin olunması sahəsində xidməti vəzifələrini yerinə yetirən yol polisi əməkdaşlarının istifadəsinə müasir texniki vasitələrin və yeni patrul avtomobillərinin verilməsi, habelə şəxsi heyətin sosial müdafiəsinin ildən-ilə gücləndirilməsi buna əyani sübutdur. Eləcə də xidməti qəbahətlərə yol verən, polis adına ləkə gətirən, andına xəyanət edən, vəzifə səlahiyyətləri ilə bir araya sığmayan hərəkətlərə yol verən polis əməkdaşlarının müəyyən olunaraq cəzalandırılıb. Nəticələr göstərir ki, bu məsələ daxili işlər orqanlarında müəyyən mərhələ üçün nəzərdə tutulan kampaniya deyil, bu, fəaliyyətin bütün mərhələlərində əsas üstünlük verilən prioritet məqamdır. O cümlədən DYP əməkdaşları tərəfindən xidmətlə bir araya sığmayan hərəkətlərə, hüquqazidd əməllərə yol verilməməsi, insan və vətəndaş hüquq, azadlıqlarının qorunmasına nəzarətin gücləndirilməsi kimi məsələlər DİN rəhbərliyinin daim diqqət mərkəzindədir.
Yollarda məsuliyyət həm həddindən artıq fərdi, həm də eyni zamanda həddindən artıq ictimai olduğundan hər bir hərəkət iştirakçısının üzərinə məsuliyyət düşür. Yol polisi nə qədər ehtiramla yanaşsa da, hamıdan ictimai məsuliyyət, intizam gözləyir. Bu, həm də tələbdir, sosial sifarişdir. Həmin tələbə cavab verməyən insanın nə qədər müsbət cəhətləri olsa da, "məsuliyyətlidir" deyə fikirləşmək nəinki çox çətindir, hətta mümkün deyil. Niyə? Ona görə ki, insanların özünü cəmiyyətdə necə aparması mübahisəsiz qəbul olunan qaydalarla, qanunlarla tənzimlənir. Odur ki, cəmiyyətin də qəbul etmədiyi hərkətlərə qarşı gündəlik həyatımızda tez-tez rast gəlinən etirazlar heç kimi təəccübləndirmir. Və etiraf edək ki, məhz bu məqam bir çox məsələlərin həllində açar rolunu oynayır. Cəmiyyət nə qədər ehtiramla yanaşsa da, yollarda hərəkətin təhlükəsizliyinin təmin olunmasında polisdən başqa heç kəsdən məsuliyyət tələb etmir. Qeyd-şərtsiz olaraq, yüksək vətəndaşlıq keyfiyyətlərinin daşıyıcısı olan insan ictimai təhlükəsizilyin təmin olunması missiyasına tək polisin vəzifəsi kimi yox, həmdə öz məsuliyyəti kimi yanaşmalıdır. Günümüzün gerçəyidir ki, Azərbaycan cəmiyyətində hər bir insanın təhlükəsiz yaşamasına dövlət təminat verir. Bu üst dövlət maraqları ictimai həyatımızın istisnasız olaraq bütün sahələrini əhatə etməkdədir.
Elşad HACIZADƏ,