Banner

Yol polisi olmasaydı…

Yazarlar 6 Dekabr 2014 14:02 Oxunub 2475
Yol polisi olmasaydı…
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təkcə bizdə yox, dünyanın əksər yerlərində sürücülər yol polisi görəndə qaydalara əməl edirlər

Son günlər yol polislərinə qarşı sürücülərin təhqiramiz hərəkətləri, cinayət xarakterli hücumları barədə xəbərlər eşidirik, yazırıq və görürük. Problemin kökü dərin olmasa da, dayazdüşüncəli insanların dərindən düşünmək problemi var. Nədən rolisə qarşı belə hücumlar edilir? Niyə onları vururlar? Polisə vurmağın bir adı var: dövləti vurmaq, aşağılamaq, gözdən salmaq. Axı polis dövlət qulluqçusudur, dövlətin gerbini, atributlarını sinəsindən və çiyinlərində daşıyır. Yollarda hərəkətin təhlükəsizliyini, qaydadaları riayət olunmasını yol polisi tənzimləyir. Bəs, gəlin görək, yol polisi olmasaydı Azərbaycanda nə baş verərdi? İlk növbədə hamının bildiyi kimi, harınlamış sürücülər insanların gözü qarşısında min oyundan çıxardılar. Psioxologiyamız belə formalaşıb ki, hətta radarların, kameraların qarşısında da qayda pozmağa meylli olan sürücülər yol polisini görəndə özlərini «yığışdırırlar». Düzdür, bəzən yol polisinin gözü qarşısında kobud qayda pozanlar da olur. Amma belələrinin sayı az olur. Əksər sürücülər yol polisi görəndə təhlükəsizlik kəmərini bağlayır, telefonla danışırsa onu gizlədir. Svetoforun yaşıl işığı yanıb sönməyə başlayanda dayanır. Başqa vaxt isə hətta svetoforun sarı işığında da keçib gedirlər. Deməli, yol polisinin varlığı, yollarda xidmət aparması vacibdir. Bəzən Avropanı misal çəkirlər ki, yol polisi küçələrdə görünmür, hərəkət kameralarla tənzimlənir və nəzarət olunur. Amma gəlin görək, Azərbaycanda yol polisi olmasa sürücülərimiz qaydalara əməl edəcəkmi? Əlbəttə, yox. Əksinə, qayda pozuntularının sayı artacaq, qəzalar çoxalacaq. Bu gün bəzi dövlətlər nəinki yol polisini küçələrdən, yollardan yığışdırır, hətta yollarda yol polisi maşınlarının maketlərini qoyurlar ki, sürücülər onu görüb özlərini «yığışdırsınlar». Bu o deməkdir ki, təkcə bizdə yox, dünyanın əksər yerlərində sürücülər yol polisi görəndə qaydalara əməl edirlər. Ona görə də, bu gün yol polislərinin sayını azaltmağa yox, artırmağa ehtiyac var.

Əlbəttə, tez-tez yol polisləri arasında nöqsana yol verənlər barədə məlumatları elə birinci biz yayırıq. İl ərzində onlarla yol polisi əməkdaşı cəzalandırılır, məsuliyyətə cəlb edilir, işdən çıxarılır, töhmət verilir. Hətta, daxili işlər orqanlarından kənarlaşdırılanlar da olur. Yaxşı haldır ki, vətəndaş yol polisindən şikayət etdikdə məsələ dərhal araşdırılır. Araşdırılarkən də ilk növbədə yol polisi inspektorunun yaxasındakı səsyazma qurğusunan işlək vəziyyətdə olub-olmamasına diqqət yetirilir. Yol polisinin borcudur ki, sürücüyə yaxınlaşarkən həmin mikrofonu açıq qoysun. Bağlıdırsa, bu, onun ziyanınadır. Üstəlik, yol patrul xidməti avtomobillərində də kameralar quraşdırılıb, bu da yol polisi əməkdaşlarının sürücü ilə dialoqnu qeydə alır. Beləliklə, demək olur ki, yol polisinin fəaliyyəti daim nəzarət altında olur. Hər bir vətəndaşın şikayəti araşdırılarkən xüsusi texniki vasitələrin göstəricilərinə diqqət yetirilir. Əsas odur ki, vətəndaşın şikayəti əsaslı olsun, əlində sübut olsun. Gerisi Daxili İşlər Nazirliyi rəhbərliyinin səlahiyyətinə aid məsələdir.

Bu halları nəzərə almaqla yol polisi ilə dava eləmək, onları təhqir etmək yox, narazılıq varsa, DİN rəhbərliyinə müraciət etmək lazımdır. Gəlin, bir məqama diqqət yetirək. Bərdə rayonunda sərxoş vəziyyətdə avtomobil darə edən sürücü onu saxlayan yol polisinin üstünə benzin tökərək yandırmaqla ağır xəsarət yetirib. Düzdür, Avtosfer.az saytı olaraq öyrəndik ki, həmin DYP əməkdaşı Bərdə rayonunda heç də yaxşı əməkdaş kimi qəbul olunmur. Əksəriyyət, onu yekəxana, kobud bir əməkdaş kimi xarakterizə edir. Yəqin ki, araşdırmalar zamanı bu məqamlara da diqqət yetiriləcək. Amma əsas məqam ondan ibarətdir ki, sərxoş sürücü qanunlara və polisə tabe olub uzağı 800 manat cərimə ilə yaxasını qurtara bilərdisə, bu gün onu törətdiyi cinayət əməlinə görə 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. Adama deyərlər, bu sənə lazım idi? Beş dəqiqə səbr göstərib sonra nə istəsən edə bilərdin. Narazı idinsə, şikayət edərdin, haqqını tələb edərdin. Yol polisi tərəfindən haqqı pozulan hər bir sürücüyə Avtosfer.az saytına yer veririk, onların problemlərini işıqlandırır. Və çox vaxt da DİN və DYP rəhbərliyi belə materiallara dərhal reaksiya verib araşdırmalara başlayır. O başqa məsələdir ki, araşdırmalar aylarla vaxt aparır, vətəndaş razı və ya narazı qalır. Əsas odur ki, sən sözünü deyirsən.

Unutmaq olmaz ki, polis də bizlərdən biridir. Kiminsə oğlu, qardaşı, dayısı, əmisidir. Yəni, hansısa planetdən gəlməyiblər. Bəzən təlimatdan kənara çıxan polislərimiz də olur. Əlbəttə, istərdik ki, bunlar olmasın. Polis adi vətəndaşdan fərqli olaraq səbrli, təmkinli olmalıdır. Vətəndaşın küçə söyüşlərinə, küçə hərəkətlərinə eyni tərzdə yox, qanunun yol verdiyi formada cavab verməlidir. Yol polisi öz nüfuzunu qorumağı bacarmalıdır. Bu gün yol polisini döyürlərsə, söyürlərsə, bu onun həm zehni, həm də fiziki zəifliyindən irəli gəlir. Polis hər situasiyaya hazır olmalıdır. Hazırlıqsız polisin xidmətdə nə işi var?

Bəzən yol polislərinə həqiqətən qibtə edirəm. Nədən? Çünki yağışda, qarda mən isti maşında rahat yol gedərkən onlar soyuğa, şaxtaya baxmadan yolda xidmət edirlər, hərəkəti tənzimləyirlər. Biz gecə evimizdə rahat yatanda yol polisi küçədə «avtoş» tutur, sərxoş sürücüləri cəzalandırıb yol hərəkətindən kənarlaşdırır. Mən çox vaxt Nazirlər Kabinetinin yanındakı yoldan istifadə edirəm. Orada bir yaşlı yol polisi zabiti xidmət aparır. Neçə illərdir mən hər səhər saat 8-də oradan keçirəm, o polis oradadır, axşam 8-də işdən evə gedirəm, o polis yenə oradadır. Niyə? Kefindən durmayıb ki. Xidmət aparır. Haqq üçün demək lazımdır ki, sürücülərin əksəriyyəti həmin polisdən çox razıdır. Çünki mülayim insandır. Amma gəlin bir gün həmin yolda sıxlıq, tıxac yarananda həmin polisi bir saatlıq oradan uzaqlaşdıraq. Baxın görün hansı mənzərə yaranacaq? Sürücülər beş dəqiqəyə elə bir tıxac yatatsınlar ki, heç fələk də baş açmayacaq.

Əziz sürücülər! Yol polisi bizə düşmən deyil. Əgər sizə düşmən kimi baxırlarsa, Daxili İşlər Nazirliyinə mütləq müraciət edin, 102 və 902 saylı telefon xidmətləri də sizlər üçün yaradılıb. Müraciət edin və haqqınızı tələb edən. Amma yol polisinə kəllə atmayın. Bu, həm qanuni tərəfdən, həm də etik cəhətdən heç də yaxşı əməl deyil. Təsəvvür edin ki, 100 manatlıq cəriməyə görə 10 gün həbsdə qalmaq heç bir mədəniyyətə, mentalitetətə və qanuna uyğun deyil. Narazılığınız varsa şikayət edin. Bəlkə heç o 100 manatlıq cəriməni siz ödəməyəksiniz. Bəlkə doğrudan da qanunsuz cərimə yazılıb və siz şikayət etməklə bunu aşkara çıxara bilərsiz. Sözsüz ki, belə halda siz yox, o cəriməni yazan polis cəzalanacaq.

Gəlin, ilk növbədə qanunlara, sonra isə qaydalara əməl edək. O zaman nə sizi polis saxlayacaq, nə də cərimə yazılacaq… Belə olarsa, Avtosfer.az saytına müraciət etməyi unutmayın.

 

Elməddin Muradlı 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh