Banner

Yol polisi qayda pozuntusunu sürücüyə sübut edə bilməzsə...

Yazarlar 26 Noyabr 2014 22:59 Oxunub 14101
Yol polisi qayda pozuntusunu sürücüyə sübut edə bilməzsə...
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücünün təqsirini sübut etmək mümkün deyilsə, iş üzrə icraata xitam verilməlidir

Ötən yazlarımda yol hərəkəti qaydalarının pozulduğu hallarda sürücünün iştirakı olmadan elektron qaydada sənədləşdirilmənin və yerində inzibati tənbeh tətbiq etmə haqında qərar çıxarmanın prosedurlarına toxunmuşdum. Bu yazımda isə sürücülərin törətdiyi qayda pozuntularının sənədləşdirilməsinin üçüncü prosedurunu - DYP əməkdaşının yerində sürücünü saxlayaraq protokol tərtib etməsini  nəzərdən keçirmək istəyirəm.

Sürücünün  məsuliyyətə cəlb edilmənin bu prosedurunun da bütün xırdalıqları İnzibati Xətalar Məcəlləsində (İXM) və Daxili İşlər Nazirliyinin 2012-ci ildə təsdiq etdiyi “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraatın təşkilinə dair” Təlimatda təsbit edilmişdir.

DYP əməkdaşının yerində sürücünü saxlayaraq protokol tərtib etməsi onun sürücü barəsində yerində qərar çıxarmasından iki şərtlə fərqlənir:

a) sürücü inzibati xətanın törədilməsi ilə razı olmasın və bu səbəbdən yerində qərar çıxarmaq mümkün olmasın;

b) DYP əməkdaşı sürücünün törətdiyi qayda pozuntusuna dair işə baxaraq inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq səlahiyyətinə malik olmasın (məsələn, həmin iş məhkəmənin səlahiyyətinə aid olduqda və s.) və ya həmin vəziyyətdə qərar çıxarmaq mümkün olmasın (məsələn, sürücünün 20 və daha çox balı olsun).

Bu iki şərt istisna olmaqla, yerində qərar çıxarmanın və yerində protokol tərtib etmənin şərtləri eynidir. 

Sürücünün törətdiyi qayda pozuntusu elektron qaydada sənədləşdirilən qayda pozuntuları sırasına aiddirsə və bu qayda pozuntusu foto və ya video qeydiyyat funksiyasına malik texniki vasitə ilə müəyyən edilmişdirsə, yerində protokol yazıla bilməz. Xüsusi qeyd etmək istəyirəm ki, sürət rejimini pozma ilə bağlı heç bir halda yerində protokol yazıla bilməz. Amma elektron qaydada sənədləşdirilən digər qayda pozuntuları (İXM-in 151.1, 151.2, 151.3, 151.3-1, 151.3-2, 151-2.1, 151-3 və 158-1.3-cü maddələrində nəzərdə tutulmuş qayda pozuntuları) video kameraların olmadığı və ya işləmədiyi yerdə törədilərsə, DYP əməkdaşı yerində protokol yaza bilər. 

Deməli:

1) sürücünün törətdiyi qayda pozuntusu elektron qaydada sənədləşdirilən qayda pozuntuları sırasına aid deyilsə, yaxud belə qayda pozuntuları (sürət rejimini pozma istisna olmaqla) sırasına aid olsa da, kameraların olmadığı və ya işləmədiyi yerdə törədilərsə;

2) sürücünün törətdiyi qayda pozuntusuna dair işə baxaraq inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq sürücünü dayandırmış DYP əməkdaşının səlahiyyətinə aid deyilsə; 3) sürücü törətdiyi qayda pozuntusu ilə razılaşmırsa, yerində inzibati xəta haqqında protokol tərtib olunmalıdır. 

DYP əməkdaşı həm özünün aşkar etdiyi qayda pozuntusuna görə, həm də digər DYP əməkdaşının məlumatı və ya növbətçi hissənin məlumatı əsasında sürücünü saxlayaraq protokol tərtib edə bilər. Sonuncu iki halda tərtib olunan protokola digər DYP əməkdaşının raportu və ya növbətçi hissədə olan müvafiq məlumatı əks etdirən sübut (raport, ərizə, videomaterial və s.) əlavə edilməlidir. Protokolun tərtib edilmə qaydası, protokolda qeyd edilən məlumatlar və s. İXM-in 410-cu maddəsində göstərilir. 

Yerində protokol tərtib edilməsi əsasən iki halda ola bilər:

1. Yerində qərar çıxarılması sürücünü saxlamış DYP əməkdaşının səlahiyyətinə aid olmasın. DYP əməkdaşının yerində aşkar etdiyi qayda pozuntusuna dair işə baxmaq məhkəmənin və ya DYP-nin yuxarı vəzifəli şəxsinin səlahiyyətinə aiddirsə, həmin əməkdaş heç bir halda qərar çıxara bilməz (qayda pozuntusuna dair işin DYP-nin hansı vəzifəli şəxsinin səlahiyyətinə aid olması Prezidentin 29 sentyabr 2007-ci il tarixli, 634 saylı Fərmanı ilə müəyyən edilir). Göstərilən hər iki halda sürücünü saxlamış DYP əməkdaşı protokol tərtib edərək onu baxılması üçün məhkəməyə və ya buna səlahiyyəti olan DYP orqanına göndərməlidir. 

2. Sürücü qayda pozuntusu ilə razılaşmadığından yerində qərar çıxarılması mümkün olmasın. Qaydanın pozulduğu yerdə sürücü qayda pozuntusu ilə razılaşırsa, protokol tərtib olunmadan birbaşa olaraq inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır (təbii ki, bu iş həmin DYP əməkdaşının səlahiyyətinə aiddirsə). Əgər sürücü qayda pozuntusunu törətmədiyini deyərsə, DYP əməkdaşı yerində qərar çıxara bilməz və yalnız protokol tərtib etməklə kifayətlənməlidir.

İXM-ə 2 may 2014-cü il tarixdə edilmiş və 27 may 2014-cü il tarixdən qüvvəyə minmiş dəyişikliklərə əsasən, yerində protokol DYP əməkdaşı tərəfindən patrul avtomobilində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunduqdan sonra dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək DYP-nin mərkəzi informasiya sistemində yerləşdirməlidir. Protokolun kağız daşıyıcıda surəti DYP əməkdaşı tərəfindən yerindəcə sürücüyə verilməlidir.

Qayda pozuntusunun yerində protokol tərtib olunmaqla sənədləşdirilməsinin yuxarıda göstərilən hər iki halında sürücünü saxlamış DYP əməkdaşı yalnız protokol tərtib edir. Bu o deməkdir ki, həmin protokola sonradan baxılaraq iş üzrə ayrıca qərar çıxarılmalıdır. Belə protokollara aidiyyət qaydasına uyğun olaraq məhkəmələr və ya DYP-nin müvafiq vəzifəli şəxsləri (adətən, inzibati təcrübə üzrə inspektorlar) baxırlar. İXM-ə 2 may 2014-cü il tarixdə daxil edilmiş 429-2-ci maddə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılmasını qadağan edir. Əsas problem də məhz burada yaranır. Bu normadan birmənalı olaraq belə çıxır ki, nə məhkəmə, nə də DYP-nin vəzifəli şəxsi protokola baxarkən sürücünü çağırmamalıdır və protokolla bağlı işə hər bir halda sürücünün iştirakı olmadan baxmalıdır. İXM-ə edilmiş 2 may 2014-cü il tarixli dəyişikliklərdə məhkəmənin belə protokola necə baxmalı olmasına dair 1 cümlə işlədilmişdir (429-5.1-ci maddədə), lakin DYP-nin vəzifəli şəxsinin həmin protokollara necə baxmalı olması məsələsi unudulmuşdur. Bununla belə,  İXM-in 429-2-ci maddəsi sürücünü çağırmağı hər bir halda qadağan edir. 

Lakin özü barəsində işə baxılmasında iştirak etmək, hətta müdafiəçi ilə birgə iştirak etmək hər kəsin hüququdur (İXM-in 371-ci maddəsi). Sürücü barəsində tərtib olunmuş protokola sonradan baxılması ilə bağlı göstərilən müddəalar İXM-in 371-ci maddəsinə və ölkəmizdə təşəkkül tapmış icraat prinsiplərinə ziddir. Həmin hüququn hər hansı əsasla, o cümlədən mümkün korrupsiya hallarının istisna edilməsi məqsədilə məhdudlaşdırılması mümkün deyil. Elə bunun nəticəsidir ki, hazırkı təcrübədə sürücü barəsində yazılmış protokola istər məhkəmədə, istərsə də DYP orqanlarında sürücünün iştirakı ilə baxılır. Bu zaman həmin sürücünün verdiyi izahatın və ya təqdim etdiyi digər sübutların iş üçün mühüm əhəmiyyəti olur. 

Sürücü barəsində yerində protokol tərtib edilməsi hallarından biri sürücünün inzibati xəta ilə razılaşmamasıdır. Belə narazılıq olduqda sürücülərin öz etiraz və mülahizələrini protokolda xüsusi sətirdə qeyd etmələri yaxşı olar. Məhkəmə və ya DYP-nin vəzifəli şəxsi sürücünün etirazının qeyd edildiyi protokola baxarkən həmin etirazı daha diqqətlə araşdırmalıdır. Bunun üçün isə protokolu tərtib etmiş DYP əməkdaşının istifadə etdiyi patrul avtomobilində qayda pozuntusunun qeydə alındığı video kameranın materiallarına, habelə əgər varsa, sürücünün avtomobilindəki video qeydiyyatçının qeydə aldığı video materiallara diqqətlə baxmaq lazımdır.

Ümumiyyətlə, İXM-in 8.2-ci maddəsindən aydın olur ki, inzibati xətanın törədilmiş olmasını və həmin xətanın məhz bu sürücü tərəfindən törədildiyini sübut etmək DYP əməkdaşının vəzifəsidir. Ona görə də DYP əməkdaşının tərtib etdiyi protokol və ona əlavə olan digər materiallar (əgər varsa) əsasında qayda pozuntusu və bu pozuntuda sürücünün təqsirini sübut etmək mümkün deyildirsə, iş üzrə icraata xitam verilməlidir, hətta qayda pozuntusunun törədilmiş olmasına şübhələr olarsa, həmin şübhələr də sürücünün xeyrinə həll edilməlidir (İXM-in 8.3-cü maddəsi), yəni sürücünün təqsiri və müvafiq xətanı törətmiş olması aydın və əsaslandırılmış şəkildə sübut edildikdə, inzibati tənbeh (o cümlədən cərimə) tətbiqi barədə qərar çıxardılmalıdır. Protokol əsasında çıxarılmış istənilən qərar (həm xitam barədə qərar, həm də tənbeh tətbiq etmə barədə qərar) rəsmi qaydada sürücüyə verilməlidir (göndərilməlidir). Sürücü həmin qərarı aldıqdan sonra ondan DYP-nın yuxarı orqanına (məhkəmənin qərarından apellyasiya məhkəməsinə) şikayət verə bilər. Şikayət verilmədikdə qərar rəsmi verildiyi gündən 10 gün sonra qüvvəyə minir. Belə qərar cərimə tətbiqi barədə olduqda cərimənin vaxtında ödənilməməsi müvafiq hüquqi nəticələr doğurur.    

 

Ərşad Hüseynov,

hüquqşünas

ŞƏRH YAZ
Ad

E-mail

Şərh