Reklam

Yol polisi sürücüləri idarəyə gəlməyə belə məcbur edir

Yazarlar 19 Fevral 2016 09:16 Oxunub 3915
Yol polisi sürücüləri idarəyə gəlməyə belə məcbur edir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Elməddin Muradlı: «Sürücülərə cəriməni ödəmək üçün bürokratik əngəllər yaratmaq nəyə lazımdır?»

Martın 1-də qüvvəyə minəcək yeni İnzibati Xətalar Məcəlləsinə görə bir ay ərzində sürücünün cəriməsi haqqında məlumatlar onun görə biləcəyi sistemdə öz əksini tapmasa, həmin protokol qüvvədən düşmüş sayılacaq. Digər dəyişiklik isə protokollarla bağlı məlumatları ödəmə məntəqələrinin də görə biləcəyi sistemə yerləşdirməyən polislərin cəzalandırılmasını nəzərdə tutur. Məqsəd cərimələrin şəffaf və operativ şəkildə ödənməsini təmin etməkdir. Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı «Şərq»ə bildirib ki, cərimələrin sistemə köçməməsi ya DYP işçilərinin informasiya texnologiyalarını yaxşı bilməməsindən, ya da bilmək istəməməsindən qaynaqlanır. Qaydanı pozmaq və cərimə ödəməyin sürücülər üçün maddi əziyyət olduğunu deyən baş redaktora görə, bir də onlara cəriməsini ödəmək üçün bürokratik əngəllər yaratmaq nəyə lazımdır?: «İllərdir yaradılmasına baxmayaraq, Azərbaycanda MMX sistemi hələ də tam təkmilləşməyib. Hesab edirəm ki, bu sistemin üzərində ciddi işləmək lazımdır ki, sürücülər cərimə ödəyən zaman əziyyət çəkməsinlər.

Qanunvericiliyə əsasən, elektron protokollara görə sürücülər yol polisi şöbələrinə, bölmələrinə çağırılmamalıdır. Amma bizdə sistem elə qurulub ki, istənilən halda sürücünün yolu ora düşür. Qanuna görə, sürücü ünvanına göndərilən protokoldan şikayət verməzsə, həmin protokol 10 gündən sonra qərara çevrilir və sistemə oturmalıdır. Amma bir çox hallarda bu qaydalar tətbiq edilmir. Əlində protokola aylarla cəriməsinin sistemdə görünməsini gözləyən sürücülər var. Axı, MMX-nın qeydə aldığı qanun pozuntusunu sistemə vurmaq bu qədər çətindir? Görünür, yol polisləri həmin sistemi təkmilləşdirə və ya icra edə bilmirlər. Bu məsələ həqiqətən də aktual hal alıb. Cərimə və ballar haqqında məlumat almaq üçün Daxili işlər Nazirliyinin saytına daxil olan sürücünün hesabı təmizdir, amma küçədə saxlayan yol polisi inspektorunun göstərdiyi cərimələri görəndə adamı ağlamaq tutur. 2014-cü ilin cəriməsinə görə vətəndaşları incitmək, işdən-gücdən eləmək yolverilməzdir. Bu, faktiki olaraq yol polislərinin öz işlərini qura bilməməsinin göstəricisidir. Ancaq nə olsun? Məsuliyyət yenə də sürücülərin boynunda qalır. Niyə gecikmiş MMX-ya görə sürücülər 3 dəfə ziyana düşməlidir. Yol hərəkəti qaydalarını pozduğuna görə bir dəfə ziyana düşməsini başa düşdük. Bəs, yaradılan bürokratik əngəllər nəyə lazımdır? Bilirsiniz ki, 5 gün müddətində vətəndaş cəriməni ödədiyi halda ona 10 faiz güzəşt edilir. Amma yol polislərinin səriştəsizliyi ucbatından vətəndaş nəinki bu hüquqdan istifadə edə bilmir, hətta əvəzində cərimə gecikdiyi üçün faiz ödəməli olur. 50 manatlıq cərimə 2 ay ərzində 80 manat olur. Yəni, polislərin cəriməni vaxtında sistemə vurmaması səbəbindən sürücülər 30 manat ziyana düşür. Üstəlik də, vacib iş arxasınca gedən sürücünü inspektorlar saxlayır ki, filan vaxtı qayda pozmusan, avtomobilin cərimə meydançasına aparılır. Beləliklə də, vətəndaşların həm vaxtı, həm pulu gedir, həm də ki, əsəbləri korlanır. Axı niyə yol polislərinin cəzasızlığının cəzasını sürücülər çəkməlidir?»

E.Muradlının sözlərinə görə, yeni qərara əsasən, məsul olan şəxs inzibati xətalar haqqında protokolu qanunla müəyyən olunmuş vaxtda həm DYP-nin öz sisteminə, həm də «ASAN ödəniş» sisteminə ötürməsə, həmin əməkdaş 500-700 manat arası cərimə olunacaq: «Bu qərarı müsbət qarşılayıram. Amma zənnimcə, bunun ziddiyyətli tərəfləri də yox deyil. Yol polisi əməkdaşı cəriməni sistemə vaxtında ötürməyibsə, 1 aydan sonra cərimə ləğv olunmalıdır. Amma məsul şəxs həmin cəriməni 1 aydan sonra silməyib sistemə ötürsə, vətəndaşlar məcburdur ki, bu barədə prokurorluğa müraciət eləsin, problem araşdırılsın. Bunun özü də sürücülər üçün vaxt itkisidir. Olmazmı ki, DYP əməkdaşları ən başından öz işlərinə məsuliyyətlə yanaşsınlar, nə sürücülər get-gələ düşsün, nə də özləri cərimələnsin?»

Yollarda xidmət aparan inspektorların cəzalandırılması ilə bağlı qərarın tərəfdarı olduğunu vurğulayan ekspert hesab edir ki, il ərzində 5-6 sürücünün hər hansı bir inspektorun fəaliyyətindən narazılıq etməsi, artıq həmin polis əməkdaşının qüsurlu olması deməkdir: «Belə halda isə ya həmin şəxs işdən çıxarılmalı, ya da psixoloji təlimlərə cəlb olunmalıdır. Əvvəllər səhv protokol tətbiq edən polis əməkdaşlarına qarşı tədbirlər görülürdü, amma sonradan bu qərarı ləğv elədilər. İndi səhv də olsa, düz də olsa, bütün günah sürücülərin üzərində qalır. Hesab edirəm ki, yol polislərinə ictimai nəzarət mexanizmi olmalıdır. İndiki halda istənilən səhvinə görə məsuliyyət daşımayacağını bilən polislər istədikləri kimi hərəkət edirlər. Həm küçədə xidmət aparanlar, həm də kompüter arxasında oturanlar. 21-ci əsrdə yaşayırıq. Artıq Yaponiyada otellərdə insanlara robotlar xidmət edir. Amma Azərbaycanda MMX sistemini hələ də təkmilləşdirib istifadəyə verə bilmirlər. Guya cərimə ilə bağlı nömrələrə SMS gəlməlidir. Onun da necə olacağı hələ bilinmir».

Yol polisinin təbliğatının aşağı səviyyədə olduğunu deyən E.Muradlı hesab edir ki, kabinetdə oturmaqla təbliğat aparılmır: «Görünür, sürücünün məlumatsız olması onlara sərf etdiyi üçün işlərinə bu cür laqeyd yanaşırlar. İmkan dairəsində biz sürücüləri maarifləndirməyə, qanunları, hüquqlarını onlara aşılamağa çalışırıq. Amma hamı «Avtosfer.az» saytını izləmir, «Şərq» qəzetini oxumur axı!? Yol polisi öz təşəbbüsü ilə televiziyaya çıxmalı, yeni qərarlar barədə sürücüləri bilgiləndirməlidir. Nə vaxta qədər jurnalistlər yol polislərini axtarmalıdır? Bir dəfə də özləri zəng eləsinlər ki, hansısa məsələ ilə bağlı yenilik var, xəbəriniz olsun. Yol polisinin həyata keçirdiyi yeganə tədbir gecə reydləridir ki, burada da məqsəd sürücüləri maarifləndirmək yox, cərimələyib pul qazanmaqdır. Çünki hər cərimədən yol polisinin maaşına faiz hesablanır».

ŞƏRH YAZ
Ad

E-mail

Şərh