Yol polisindən qaçanların gedəcəyi tək ünvan buradır - Həbsxana
Son vaxtlar polisə tabe olmayan sürücülərin sayı artır. İntizamsız sürücülər polisin “saxla” əmrinə tabe olmur, qaçmağa çalışarkən daha ağır xətalar törədirlər. Beləliklə, bu sual bizi çox düşündürdü ki, görəsən, həmin sürücülər polisdən niyə qaçır? Adama sual verərlər ki, günahın yoxdursa nə üçün qaçırsan? Günahın varsa onsuz da gec-tez cəzanı çəkəcəksən. Çünki bu gün polis xüsusi texniki vasitələrin köməyindən geniş istifadə edir. Yollarda kameralarla yanaşı polisin operativ tədbirləri də öz sözünü deyir. O zaman nə üçün qaçırlar? Qaçarkən onları nə kimi cəzalar gözləyir?
Avtosfer.az saytı bu suallara cavab taparaq elə həmin sürülərin diqqətinə çatdırmaq istəyir ki, əslində, qaçmaqla işi daha da ağırlaşdırırlar.
Gəlin, konkret müqayisələr aparaq.
150 manatlıq cərimə, yoxsa 1 ay həbs?
Tutaq ki, bir sürücü avtomobilin konstruksiyasına dəyişiklik edərək əlavə avadanlıq quraşdırıb. Bunun cəriməsi İnzibati Xətalar Məcəlləsinin 342-ci maddəsində cəmi 150 manat göstərilir. Yaxud, “avtoş”ların sevimli hərəkətlərindən biri olan qabaq və ya arxa faranın birini çıxarmaq, şüşəsilənin birini söküb baqaja atmaq da elə həmin maddədə 50 manat cərimə ilə bitən xətadır. Amma bu əməllərə yol verən sürücü yol polisinin “saxla” əmrinə tabe olmadan qaçırsa vəziyyət ağırlaşır.
Lap tutaq ki, sürücülük huququ olmadan avtomobil idarə edən şəxsə “saxla” işarəsi verilir, amma o, tabe olmayaraq qaçır. Sürücülük vəsiqəsi olmadan maşın sürməyə görə ən ağır cəza 200 manatdır. Amma qaçarkən sürücünün həbs məsələsi ortaya çıxır. Eyni məsələni etibarnaməsiz maşın sürənlərə, maşına plyonka və ya pərdə vuranlara da aid eləmək olar. Bunların da cəriməsi 40 və 150 manatdan ibarətdir. İndi gəlin görək, qaçan sürücüləri nələr gözləyir?
Avtoxuliqan adını necə qazanırlar?
Əminliklə deyə bilərik ki, sürücü polisdən qaçarkən qaydaları kobud şəkildə və davamlı olaraq pozur. Belə olanda artıq avtoxuliqan adını qazanmış olur. Üstəlik, polisə də tabe olmur və iş ağırlaşır.
Sürücü elə bilir ki, qaçmaqla nəyəsə nail olacaq. Amma yanılır. Çünki bu gün Daxili İşlər Nazirliyinin “Təhlükəsiz şəhər” sistemi elə dəqiq işləyir ki, qaçan sürücü uzaq başı bir neçə saat haradasa gizlənə bilər. Yaxalandıqdan sonra onun barəsində toplanan materiallar məhkəməyə göndərilir. Sübutlar sözsüz ki, sürücünün əleyhinə işləyir və dərhal həbs qərarı çıxır. Yəni, inzibati həbs – 10 gün, 20 gün, 30 gün. Eyni zamanda sürücülük hüququ 1-2 il məhdudlaşdırılır. Üstəlik, valideynlər, ailə üzvləri bu müddətdə nə qədər əziyyət çəkir. Hələ cəmiyyətdə yaranan mənfi rəyi demirəm. Qonşular da artıq öz uşaqlarına qəti şəkildə tapşırır ki, filankəsin yanına getməyin, onunla oturub-durmayın, xuliqandır.
Beləliklə, həmin şəxs ictimai nüfuzunu da itirmiş olur.
Yumşaq cəzalar, polisdən qorxmaq və ağır sığorta şərti
Bir məqamı da qeyd edim. Ola bilsin ki, sürücü polisə tabe olmayıb qaçarkən qəza törətsin və bir neçə maşına ziyan vursun. Bu halda dəymiş ziyanı sığorta ödəyir, sonra isə suqroqasiya qaydasına məhkəməyə müraciət edərək xərclənən pulu artıqlaması ilə geri alır.
Bəzən sürücülər saxlanıldıqdan sonra qaçmalarının söbəbini qorxmaqla izah edirlər. Amma gəlin bir şeylə tam razılaşaq ki, bu məsələdə qorxulu tərəf elə həmin “avtoş”lar, intizamsız sürücülərdir. Polisin nəyindən qorxur? Polis bizi qoruyur axı.
Polis onları sadəcə nizam-intizama dəvət edir, nəticə olmadıqda cərimə işə düşür. Bu da nəticə vermədikdə inzibati həbs və sürücülük hüququnun məhdudlaşdırılması cəzası işə düşür.
Mən bir şeyə əminəm ki, Azərbaycanda bu cür intizamsız sürücülərə qarşı cəzalar olduqca yumşaqdır. Biz dəfələrlə belələrinin görüntülərini yaymışıq və ictimai rəy onu deməyə əsas verir ki, əksər insanlar belələrinin daha ağır şəkildə cəzalanmasını arzu edir.
Mən də razıyam ki, biz çox ölkələrdə belə sürücülərin əməllərini başqalarının həyat və sağlamlığına təhdid kimi qəbul edib birbaşa cinayət məsuliyyətinə cəlb edirlər. Bu halda həbs müddəti hətta 5-10 ilədək artır. Bundan başqa, belə sürücülərə polis təqibi zamanı atəş açılır və güllə ilə vurulur, həmçinin, maşını da vurub əzirlər. Sürücünün bəxti gətirsə sağ qalır, amma yenə də cəza alır. Ödükdə isə onu bir həşarat kimi dəfn edib cəmiyyətə pis nümunə olan biri kimi göstərirlər.
Və sonda...
Maraqlı məsələ odur ki, Azərbaycanda tətbiq edilən xüsusi karantin rejimi dövründə intizamsız sürücülərin sayı daha çox artdı. Onlar elə zənn etdilər ki, polisin başı karantinə qarışıb. Amma yanıldılar. Polis karantinə də nəzarət edir, cinayətkarlığa qarşı mübarizə də aparır, intizamsız sürücülərə qarşı tədbirlər də görür. Bunun nəticəsidir ki, son günlər DİN-in İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsində bu cür əməllərə görə cəza çəkənlərin sayı əvvəlki dövrlərdəkindən çoxdur. Deməli, nə qanundan, nə polisdən, nə də ictimai qınaqdan qaçmaq mümkündür. Odur ki, ciddi-ciddi düşünmək lazımdır. Qərar sizindir; polisə tabe olmaq, yoxsa 30 günlük həbs?
Elməddin Muradlı,
Yol hərəkəti qaydaları üzrə ekspert